Noyabrın 25-dən 28-dək Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Mərkəzi Asiya ölkələrində hüquqi dövlətçiliyə dəstək” proqramının dəvəti ilə Qazaxıstan Respublikasının yüksək vəzifəli nümayəndə heyəti inzibati ədliyyənin təşəkkülü və inkişafı təcrübəsi ilə tanış olmaq məqsədilə Azərbaycana səfər edib.
Bu barədə GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı”ndan məlumat verilib.
Qazaxıstan Ali Məhkəməsinin hakimləri, Qazaxıstan Parlamenti Senatının deputatı və Qazaxıstan Ali Məhkəməsi və Baş Prokurorluğunun digər rəhbər işçilərindən ibarət nümayəndə heyətinə Qazaxıstan Ali Məhkəməsinin sədri Jakip Asanov başçılıq edib.
Səfər çərçivəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov və Milli Məclis aparatının məsul əməkdaşı Səyyad Kərimovla həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun, həm də Azərbaycanın İnzibati-Prosessual Məcəlləsinin qəbul və təkmilləşdirilməsində qanunvericilik təcrübəsinin müzakirəsi üzrə görüş keçirilib.
Ali Məhkəmənin sədri Ramiz Rzayevlə və Ali Məhkəmənin hakimləri, habelə Bakı Apellyasiya Məhkəməsinin və inzibati-iqtisadi məhkəmələrin hakimləri ilə görüşlər inzibati məhkəmələrin təşkili və inzibati ədalət mühakiməsinin həyata keçirilməsinin prosessual xüsusiyyətləri barədə fikir mübadiləsinə həsr edilib. Heyətin Vəkillər Kollegiyasında keçirilən görüşü zamanı ictimai-hüquqi mübahisələr üzrə vəkil təcrübəsi təqdim edilib.
Bildirilir ki, səfər çərçivəsində müzakirə olunan inzibati icraatın və inzibati prosesin Azərbaycan modelinin müddəaları Qazaxıstan nümayəndə heyəti üçün hazırda Qazaxıstan Parlamentinin Məclisində nəzərdən keçirilən İnzibati Prosessual Məcəllənin layihəsi kontekstində maraq doğurub.
Qazaxıstan nümayəndə heyətini GİZ Proqramının rəhbəri Yorq Pudelka və proqramın ölkə üzrə koordinatoru Almat Qabbasov müşayiət edib.\\Teleqraf
Paylaş: