Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun mahiyyətini çox yaxşı başa düşür və yüksək peşəkarlıqla Azərbaycan həqiqətlərini burada dilə gətirir.
Bu sözləri politoloq Fikrət Sadıqov yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirakı barədə Axar.az-a danışarkən deyib.
Onun sözlərinə görə, Davos forumu çox önəmli bir meydandır:
“Azərbaycandakı mövcud sabitlik, regionun digər ölkələri üçün də örnək olmalıdır. Bu baxımdan Prezident öz çıxışı zamanı Azərbaycanın dinamik iqtisadi inkişafını ətraflı şəkildə qeyd edib. Bir çox məsələləri digər dövlətlərin diqqətinə çatdırıb. Xüsusilə müəyyən məsələlərin bizdən asılı olmamasına diqqət çəkən ölkə başçısı Azərbaycanın daim siyasi proseslərə stabil və bir o qədər də adekvat yanaşa bildiyini vurğulayıb”.
Politoloq bildirib ki, Prezident “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun suallarını yüksək peşəkarlıqla cavablandırıb:
“Prezidentin xüsusilə panelin moderatorunun suallarını cavablandırarkən vurğuladığı bir məqam var. Azərbaycan regionda supergüclər arasında seçim etmir. Əksinə, bu gücləri bir araya gətirir və onlar arasında qarşılıqlı vəhdət yaradaraq balanslaşdırılmış siyasət aparır. Bir çox nəqliyyat layihələri bunun ən bariz nümunəsidir. Azərbaycan regionun nəqliyyat-tranzit ölkəsi olaraq şərqlə qərbi özündə qovuşdurur. Yəni əslində supergüclər digər regionlarda üz-üzə olsalar da, Azərbaycanın iştirak etdiyi layihələrdə birgə hərəkət edirlər. Bu bizim üstünlüyümüzdür”.
Qeyd edək ki, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib və panelin moderatorunun suallarını cavablandırıb.
Paylaş: