Xəbər lenti

 

Suriyada türk ordusuna hücum, Ankaranın cavab tədbirləri və digər mövzularda siyasi analitik Oqtay Qasımovla müsahibəni təqdim edirik.

- Oqtay bəy, son günlər Suriyada ikinci dəfədir ki, Bəşər Əsəd ordusu türk hərbi postuna hücum təşkil edərək, 5 əsgəri şəhid edib. Sizcə, Suriyada nə baş verir?

- Ümumiyyətlə, Suriya böhranı mürəkkəb məsələdir, burada müxtəlif güc mərkəzlərinin fərqli, bir-birinə zidd maraqları var. O baxımdan aşağı-yuxarı onlarla ölkənin Suriyadakı ordusu və ya maliyyələşdirdiyi silahlı dəstələri var. Suriya məsələsinə baxışda Ankara və Moskvanın ciddi mövqe fərqləri var. Suriyada proseslər başlayandan Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini dəstəkləyib, bu günə qədər də mövqeyini dəyişməyib. Buradakı bəzi müxalif qruplar da Türkiyənin dəstəyi ilə fəaliyyətini davam etdirib. Rusiya isə məsələyə başqa cür yanaşır: Moskva Bəşər Əsədin hakimiyyətdə qalmasında maraqlıdır və Əsədə çox böyük dəstək göstərir. 2015-ci ildə Əsədin hakimiyyətdən gedəcəyinin real olduğu gözlənilirdi, amma ruslar prosesə müdaxilə etdi və atmosferi Əsədin xeyrinə dəyişməyə başladı. Bu gün artıq Bəşər Əsər Rusiya və İranın dəstəyi sayəsində Suriyanın əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirə bilib.

PYD və PKK-nın nəzarət etdiyi ərazilər, o cümlədən neft və qazla zəngin olan ərazilər Əsədin nəzarətində deyil.

İdlib isə Türkiyənin nəzarətinə verilən bölgə idi, burada Türkiyə ordusunun məntəqələri qurulmuşdu. Rusiya, Türkiyə və İran arasında anlaşmaya görə, Türkiyə burada ənənəvi funksiyasını həyata keçirməli idi. Amma Əsəd də bu ərazilərə nəzarətə keçirməyə çalışır və bunun üçün cəhdlər edir, Rusiyadan da dəstək alırdı.

Ancaq dünən daha 5 türk əsgərinin şəhid edilməsi Ankaranı məsələyə fərqli baxmağa vadar edir. Bildiyiniz kimi, bundan əvvəl 8 türk əsgəri qətlə yetiriləndə ABŞ Türkiyənin qanuni müdafiə haqqı olduğunu və həm də Türkiyənin yanında olduğunu rəsmən bəyan etdi. Suriya məsələsində hər kəs Türkiyəni öz yanında görmək istəyir. ABŞ da, Rusiya da bunu arzu edir. Amma onların öz maraqları var və Türkiyənin maraqları ilə uzalaşacaq bir nöqtələri də yoxdur. Məsələn, ABŞ-ın marağı Suriya ərazisində müstəqil kürd dövləti yaratmaqdır, Rusiyanın məsələyə baxışı isə bir qədər fərqlidir.

- Bu halda Türkiyə hansı qərar verməlidir?

- Mənim fikrimcə, Türkiyə hansısa bir formada Suriya rejimi ilə danışıqlara getməli, Suriyanın ərazi bütövlüyünün təminatı ilə bağlı aradakı problemləri həll etməlidir. Və Suriyadan terrorçuları çıxaracaq, öz ölkəsində sabitliyi və nəzarəti bərpa edə bilən hökumətin qurulmasına yardımçı olmalıdır. Məncə, çıxış yolu bundan keçir. Çünki orada hansısa silahlı dəstələrin olması və bunun vasitəsilə məsələlərin həll edilməsi yolu getdikcə çətin olacaq. Nəzərə alın ki, Suriyada dünyanın qəbul etdiyi rejim var, bu rejimin arxasında Rusiya dayanır. İran da müəyyən qədər aktivdir. Moskva və Tehran da bu rejimin öz nəzarətini genişləndirməsinə çalışacaq və bunu həyata keçirəcəklər. Türkiyə üçün ərazi bütövlüyü təmin olunan, terrorçu qrupların olmadığı sabit bir Suriyanın yaradılması şərtdir. Bir daha qeyd edirəm ki, Türkiyənin ABŞ və Rusiya ilə öz maraqlarını uzlaşdırması çətindir, ən münasib yol güclü və sabit Suriyanın yaradılmasına dəstəkdən gedir.

- İndi əsas qaynar nöqtə İdlib vilayətidir. Burada hansı ssenarilər həyata keçirilə bilər?

- Bəli , İdlib bu saat Suriyada ən qaynar nöqtədir. Burada vəziyyət mürəkkəbləşməkdə davam edir. Ən pisi də budur ki, bu ağırlaşan şəraitin ən ağır yükünü elə Türkiyə çəkməli olacaq. Təsəvvür edin ki, indi yaşananların qarşısı alınmasa, 100 minlərlə mülki, 10 minlərlə silahlı terrorçu Türkiyə ərazisinə keçə bilər. Bu Türkiyə üçün həm ciddi təhlükəsizlik, həm də iqtisadi yük ola bilər.

Situasiya belə davam edəcəksə, son günlər müşahidə etdiyimiz hadisələr də təkrarlana bilər. Yəni orada türk əsgəri şəhid olacaq, İdlibdəki qeyri-stabillik Türkiyəyə də sirayət edəcək və Türkiyəyə əlavə iqtisadi-siyasi problemlər gətirəcək.

O baxımdan nəhayət, Suriya rejimi ilə açıq şəkildə masaya oturulmalı və rejimlə birlikdə Suriyanın ərazi bütövlüyünün təmin edilməsi, silahlı terrorçu qruplar və onların havadarlarının dağıdılmasını həyata keçirmək lazımdır. Bu halda həm Türkiyə, həm də Suriya rahatlana bilər.

- Bir müddət əvvəl Moskvada Türkiyə və Suriyanın kəşfiyyat nazirləri arasında görüşün olması göstərmirmi ki, əslində iki hökumət arasında müəyyən əlaqələr var, lakin bu da vəziyyəti dəyişmir?

- Kəşfiyyat və digər qurumlar vasitəsilə aparılan danışıqlar məncə, real müstəviyə çıxarılmalı, dövlətlərarası danışıqlara gedilməli və hər iki dövlətin hökumətləri arasında məsələ müzakirə edilməlidir. MİT rəhbəri Hakan Fidanın suriyalı həmkarı ilə danışıqları müsbət haldır. Sözsüz ki, bu həm də Rusiyanın təşəbbüsü və istəyi ilə olan görüşdür. Məncə, bu format dərinləşməlidir, çünki bu, hər iki tərəfə fayda gətirə bilər. Məncə, siyasətçilərin artıq müəyyən stereotiplərdən qaçması lazımdır.

- Əksər siyasətşünaslar hesab edirlər ki, Ankara-Dəməşq arasında münasibətlər düzəlməli, itən əlaqələr bərpa olunmalıdır. Əgər bu hər iki dövlətin marağına uyğundursa, nədən Ərdoğan və ya Əsəd buna getmir?

- Bəşər Əsəd faktiki olaraq, Putinin əlində oyuncaqdır. Rusiya istənilən qərarı ona qəbul etdirmək imkanındadır. Ancaq mənim fikrimcə, əlaqələrin bərpa edilməməsi daha çox Türkiyə ilə bağlıdır. Sanki psixoloji sıxıntı yaranıb. Türkiyə hakimiyyəti 2011-ci ildən izlədiyi siyasəti kəskin dönüşlə etmək istəmir, bunu daha çox zamanın öhdəsinə buraxmaq istəyirlər. Amma zaman uzandıqca problemlər də çoxalır. Ona görə də daha yaxşı olardı ki, bu məsələlər sürətləndirilsin və açıq müstəviyə keçirilsin. Təbii ki, ortada qarşılıqlı ittihamlar olub və münasibətləri bərpa etmək zaman apara bilər. Amma hər iki dövlətin marağı yaxınlaşmanı labüd edir. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 461          Tarix: 11-02-2020, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma