"Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda iqtisadi inkişafa mane olur".
APA TV-nin məlumatına görə, bu fikirləri ABŞ-ın ölkəmizdəki sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza jurnalistlərə müsahibəsində deyib: "Təkcə iqtisadi inkişaf deyil, eyni zamanda regionda təhlükəsizliyə də ciddi maneədir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu məsələnin həllində irəliləyişə nail olunmalı, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. On ildir ki, bununla bağlı "Madrid prinsipləri" adlanan çərçivə sazişi mövcuddur. İndi isə bu prosesi sona çatdırmaq vacibdir. Lakin hesab edirəm ki, Rusiya və ABŞ prezidentlərinin müdaxiləsi olmadan hər hansı proqres mümkün deyil".
Brayza ATƏT-in Minsk qrupunun hazırkı fəaliyyətinin özünün həmsədr olduğu dövrlə qarşılaşdırıb: "O zaman həm prezident Corc Buş, həm də Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev bu məsələyə diqqət ayırır, həll yolunun tapılmasına töhfə verirdilər. Xarici işlər naziri Sergey Lavrovun yanaşması da o illərdə daha yaradıcı idi. Onlar bizi sadəcə olaraq işləməyə ruhlandırırdı. İndi isə ABŞ dövlət katibi, həm də Rusiya xarici işlər nazirinin rolunun aktivləşməsinə daha böyük ehtiyac var".
Paylaş: