Xəbər lenti


Son vaxtlar Sevinc Osmanqızı radikal erməni millətçisi kimi danışır. Mənim üçün maraqlıdır, niyə milli xəyanətdən yoğurulmuş bu sərsəm bəyanatlara AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, eləcə də digər ictimai-siyasi təşkilatların liderləri münasibət bildirmirlər. Bir qayda olaraq məhz onlar həftə səkkiz mən doqquz Sevinc xanımın Youtube kanalında alovlu çıxışlar edirlər. Ancaq bu məsələyə münasibət bildirməkdən məqsədli şəkildə yayınırlar. 

Susmaq razılıq əlamətidir. Hamılıqla susursuz, deməli, sizlər də Sevinc Osmanqızının mövqeyini bölüşürsüz. Onunla şəriksiz. Yəni sizlər də o fikirdəsiz ki, 1990-cı ilin yanvarının 13-də özünü vətənpərvər zənn edən azərbaycanlılar (bilməyənlər üçün deyim ki, o vaxt Bakıda söz sahibi Azərbaycan Xalq Cəbhəsi idi) ermənilərə divan tutublar. Əslində Moskvanın Bakıya qoşun yeritməkdən başqa çarəsi qalmayıb. Yəni 20 Yanvar qırğınına haqq eləmişik. Çünki Bakıda poqrom və qətllər törətmişdik. Sumqayıt hadisələrinin də baiskarı Azərbaycan xalqıdır. Daha əvvəl isə Sevinc xanım bəyan etmişdir ki, xaricdəki azərbaycanlılar Azərbaycan səfirliklərini qorumalı deyillər, məhz azərbaycanlılar ermənilərə hücum edirlər.

Sevinc Osmanqızını müdafiə etməyi özü üçün şərəf məsələsi hesab edən AXCP-Milli Şura tandemi təkidlə susur. Halbuki bu bəyanatların üstündən xeyli vaxt keçib.

"AXCP-Milli Şura tandemi hələ iqtidara gəlməmiş Azərbaycanın milli maraqlarını ermənilərə satırlar. Bunlar iqtidara gəlsə nələr ola bilər?"

AXCP-Milli Şura alyansı bəyan edir ki, mövcud iqtidarın alternativi bizik. Bugünlərdə bu alternativin ortaya qoyduğu mövqe çoxlarını məyus etdi. Deməli, Milli Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı (Milli Şuranı tərk edib), Eldəniz Quliyev (Milli Şuranı tərk edib) və digərlərinin iştirak etdiyi online iclasda bəzi üzvlər ABŞ-da yaşayan azərbaycanlı jurnalist İsmayıl Cəlilov haqqında danışıb, onu təhqir ediblər. İsmayıl Cəlilov cinsi azlıqlara məxsus birisidir. Özü də bunu dəfələrlə etiraf edib. İsmayıl Cəlilov üzləşdiyi təhqirlərlə bağlı ABŞ-dakı havadarlarını məlumatlandırıb. Onlar da Cəmil Həsənliyə təpindi. Və... Cəmil Həsənli cinsi azlıqların müdafiəsinə qalxdı. Bir-iki ermənipərəst konqresmenin qarşısında Cəmil Həsənli duruş gətirə bilmədi və belə bir biabırçılığa imza atdı. Nəticədə bir necə nəfər Milli Şuranı tərk etdi. Cinsi azlıqlara görə üzləşdiyi təzyiqlər səbəbindən əllərini qaldırıb təslim olan Cəmil Həsənli erməni məsələsinə görə nəsə deyə bilərmi? Çətin məsələdir...


AXCP-nin heç sıravi üzvləri də bu məsələyə etiraz etmirlər. Düşünə bilirsizmi, Əbülfəz Elçibəy dönəmində milli maraqları hər şeydən üstün tutan bir təşkilatın üzvləri indi Sevinc Osmaqnqızına etiraz etməyk gücündə deyil, faktiki olaraq bu xanımın girovuna çevriliblər. AXCP-Milli Şura tandemi hələ iqtidara gəlməmiş Azərbaycanın milli maraqlarını ermənilərə satırlar. Bunlar iqtidara gəlsə nələr ola bilər? Təsəvvür edirsizmi?

AXCP İrana bağlı Müsəlman Biriliyi Hərəkatı ilə müttəfiqdir. Bu təşkilatın həbsdə olan sədri Taleh Bağırzadə cinsi azlıqlar skandalından sonra belə Milli Şuranı tərk etmədi. Halbuki cinsi azlıqlar məsələsinə bu qədər önəm verilməsi milli və islamı dəyərlərə daban-dabana ziddir.

AXCP sadəcə İrana bağlı islamçılarla müttəfiq deyil, həm də Azərbaycanın daxilində mövcud olan separatçı qüvvələrlə də xoş münasibətdədir.

Cəbhəçilər hesab edirlər ki, onlar iqtidara gəldikdən sonra islamçıları da, separatçıları da asanlıqla siyasi meydandan kənarlaşdıra bilərlər. Hələlik isə iqtidarla mübarizədə onların da resurslarından istifadə etmək məqbuldur. Əlbəttə, bu, son dərəcə yanlış və təhlükəli yanaşmadır.

Ümumiyyətlə, AXCP-Milli Şura tandemi getdikcə daha çox İranın Xalq Mücahidləri Təşkilatına bənzəyir. 1965-ci ildə yaradılmış bu solçu təşkilat Şahənşah Məhəmməd Rza Pəhləvini devirmək üçün siyasi meydana atılmışdı.

1979-cu ildə İranda İslam İnqilabı baş verdi. Ayətullah Ruhullah Xomeyni tərəfdarları ilə birlikdə Xalq Mücahidləri birləşərək şahı devirdilər. Ancaq Xomeyni tərəfdarları hakimiyyəti Xalq Mücahidləri ilə bölüşmək istəmədi. Ciddi narazılıq yarandı. İnqilab Keşikçiləri Korpusu Xalq Mücahidlərinə qarşı repressiyalara başladı. Təşkilatın rəhbəri olan Məsud Rəcavinin birinci həyat yoldaşı Əşrəf Rəbai və təşkilatın ikinci adamı olaraq qəbul edilən Musa Xiyabani öldürüldü.

1983-cü ildə Məsud Rəcavi öz təşkilatı ilə birlikdə maliyyə yardımı qarşılığında İraq tərəfdən İran-İraq müharibəsində iştirak etdi. Səddam Hüseyn tərəfdən döyüşən Xalq Mücahidləri İranda geniş kütlələr tərəfdən vətən xainləri kimi damğalandı. Bir vaxtlar İran rejiminə real alternativ olan Xalq Mücahidləri təşkilatı indi də mövcuddur. Bu təşkilata ABŞ başqa olmaqla bütün Qərb ölkələri yardım edir, ancaq İranda vətən xaini kimi tanınan bu təşkilatın iqtidara gəlmək şansı sıfırın altındadır.

AXCP-Milli Şura tandemi elə zənn edir ki, xalq onların bu hərəkətini görmür. 3-5 gündən sonra Sevinc Osmanqızının sərəsəm bəyanatları da yaddan çıxacaq. Ancaq yanılırlar...
Əvvəla Sevinc xanım bu kimi bəyanatları bundan sonra da səsləndirəcək. İkincisi, belə şeylər yaddan çıxmır. Məsələn, Əkrəm Əylislinin “Daş Yuxular” romanı yaddan çıxdımı? Təbii ki, yox. İnsanlar bu kimi şeyləri heç vaxt unutmurlar.


Xatırladım ki, o vaxt Əli Kərimli belə demişdi: “Əlbəttə Əkrəm Əylislinin məlum romanında tarixi həqiqətlər saxtalaşdırılıb, Azərbaycan xalqının mənəviyyatına, heysiyyətinə toxunulub...Bütövlükdə əsərdə Azərbaycanın milli maraqlarına zidd mövqe ortaya qoyulub. Bu, həqiqətdir. Amma eyni zamanda bundan istifadə edib, belə isterik əhval-ruhiyyə yaratmaq, Əkrəm Əylislini təqib edərək, dünyanın diqqətini buna cəlb etmək nəinki antidemokratik bir yanaşmadır, hətta xalqın milli maraqlarına ziddir”.
Mən əminəm ki, nə vaxtsa Əli Kərimli Sevinc Osmanqızının bəlli bəyantlarına münasibət bildirmək zorunda qalsa, buna bənzər bir açıqlama verəcək.

Ancaq hələlik isə ortada heç o da yoxdur.

AXCP-Milli Şura tandemini hövsələdən çıxaran nədir? Söhbət ondan gedir ki, ölkənin daxilində proseslər onlar istədiyi məcrada getmədi. Yəni Bakıda orduya dəstək mitinqi keçirildi. Onlar isə bu mitinqin anti-iqtidar xarakter almasını arzulayırdı. Ancaq onların bu istəyi baş tutmadı. Milli Məclisin ələ keçirmək cəhdi də uğursuz oldu.

Ölkənin xaricində isə azərbaycanlılar Azərbaycan səfirliklərinin qarşısına yığışdılar və vətənin bir parçası olan səfirlikləri qorumaq üçün dirəniş göstərdilər. Bu isə Sevinc Osmanqızının şəxsində AXCP-Milli Şura tandemini hövsələdən çıxardı. Onlar istəyirdi ki, xaricdəki azərbaycanlılar əl-ələ verərək iqtidarın istefasını tələb etsin. Ancaq soydaşlarımız birmənalı şəkildə erməni işğalına son qoyulmasını tələb edirdilər. Və belə bir fonda Sevinc Osmanqızı Azərbaycan xalqının acığına erməniləri tərfiləməyə başladı.

Onu da deyim ki, bu, təsadüfi deyil. Qərbdən maliyyə yardımı alan bütün təşkilatlar erməni məsələsində ən yaxşı halda susurlar.

Danışanda isə bu və ya digər formada erməniləri müdafiə edirlər. Qərbdən maliyyə yardımı alanları hər kəs yaxşı tanıyır. Heç gördünüzmü ki, onlardan biri ermənilər haqqında kəskin bir ifadə işlətsin. Mümkün deyil. Çünki yaxşı bilirlər ki, nəsə elə bir söz desələr həmən maliyyə yardımından məhrum olacaqlar. Oyun qaydası belədir...

"Baxın, bunlar Azərbaycan Ordusunu tərifləyirlər. Ancaq Azərbaycan Ordusununun yüksək döyüş bacarığı əldə etməsi üçün böyük işlər görmüş, ordunu ən müasir texnika ilə silahlandırmış Ali Baş komandanı isə devirməyə cəhd edirlər"

Məsələn, Qərbə sığınan yazar Günel Mövlud yazır: “Qarabağı heç vaxt görməyən, görmək fikri də olmayan, Avropa, Amerikada yaşayan, qərbdəki rifah dolu ölkələrdə vətəndaşlıq almaq istəyən, Qarabağda yaşamağı ağlından keçirməyən insan deyir ki, “Azərbaycandakı əsgər, get, Qarabağ uğrunda öl! Orda, indi yaşayan bütün erməniləri də öldür. Qarşına keçəni öldür, özün də öl! Düzdü, mən Qarabağda yaşamayacam, amma Qarabağ bizim olsun, siz ölsəniz də, olar…”
Günel Mövlud. Bir manatlıq vətənpərvərlik...

“Ermənilər bizim düşmənimizdir!” demək, nifrət nitqidir, bütün bir xalq düşmən olmur. Bizi Qarabağdan didərgin salan erməni xalqı olmayıb, ordusu olub.

Məsələn, Kim Kardaşyana “pornoulduz”, “fahişə” demək nifrət nitqidir, azərbaycanlıların dünyadakı imicinə ziyandır. Bizim öz marağımızda olmalıdır ki, auditoriyası Azərbaycan vətəndaşlarının sayından 20 dəfə çox olan, dünya şöhrətli modeli sırf ermənidir deyə, təhqir etməyək”.

Günel Mövludun bir erməni rəfiqəsi var. Onun şəninə rus dilində şer də yazmışdı. Elə zənn etməyin ki, Günel xanımın vəsf etdiyi erməni xanım da Azərbaycan sevdalısıdır. Tam əksinə, o xanım Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə davamlı çağırışlar etməsi ilə tanınır.

Bu yaxınlarda bəlli oldu ki, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstutunun Azərbaycan bürosunun rəhbəri Emin Hüseynov və Jurnalist Blogger Mehman Hüseynovun anası Firəngiz Hüseynova ermənidir. Azərbaycan ictimaiyyəti bunu indi bilir. Ancaq ABŞ bunu daha öncə bilirdi və Emin Hüseynova edilən maliyyə yardımının arxasında dayanan səbəb məhz bununla bağlı idi. Leyla Yunus məsələsində də Qərb tərəfindən eyni prinsip əsas götürülüb.

Ümumiyyətlə, Qərb bir qayda olaraq etnik, dini və cinsi azlıqlarla işləməyə üstünlük verir və onların üzərindən bəlli ölkələrə təzyiq göstərir. Bu, tək Azərbaycanda belə deyil. Qərb ölkələrinin yanaşması bu cürdür və bu həqiqəti hər kəsin bilməsi gərəkir.
 
Hazırda Azərbaycan xalqı səbirsizliklə Qarabağ probleminin həlli ilə bağlı konkret addımların atılacağı anı gözləyir. Son vaxtlarda Avropa Birliyinin və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatlar həyati əhəmiyyət daşıyır. Ermənistanla müharibə artıq zaman məsələsidir. 11 min nəfərlik Türkiyə Ordusunun Azərbaycana daxil olması tarixi bir hadisədir. Bütün bunlar Azərbaycanın onsuz da güclü olan mövqeyini daha da gücləndirib. Belə həlledici bir zaman kəsiyində AXCP-Milli Şura tandeminin pozuculuqla məşğul olmasının adı milli xəyanətdir. Baxın, bunlar Azərbaycan Ordusunu tərifləyirlər. Ancaq Azərbaycan Ordusununun yüksək döyüş bacarığı əldə etməsi üçün böyük işlər görmüş, ordunu ən müasir texnika ilə silahlandırmış Ali Baş komandanı isə devirməyə cəhd edirlər. Arzu edirlər ki, 90-cı illərdə olduğu kimi Ermənistan yenidən Azərbaycanın bir-iki rayonunu işğal etsin, xalq küçələrə axışsın. Onlar da bu xaosun üzərində iqtidara gəlsinlər. Ancaq onlar başa düşməlidirlər ki, Azərbaycan xalqı buraxdığı tarixi səhvləri bir daha təkrar etmək fikrində deyil. Xalq Qarabağı azad etməyə hazır olan Ordunun və Ali Baş komandanın yanındadır. Hər kəsə gün kimi aydındır ki, yalnız bu birlik Qarabağı düşməndən azad edə bilər. Ölkəni yenidən qarışıqlığa sürükləmək istəyənlər düşmənlə əlbirdir. Bunun başqa adı yoxdur və ola da bilməz.

Xalq Mücahidlərinə qayıdıram. İran xalqı vətənə xəyanəti bağışlamadı, əminəm ki, Azərbaycan xalqı da erməninin əlini gücləndirən mövqe sərgiləyən xainləri siyasi səhnədən silib atacaq. Gecə saat 3-də Milli Məclisi işğal edən siyasi düşüncə ilə bir yerdə və eyni hədəfə doğru addımlamaq, bu, sadəcə mümkün deyil. Hər kəs bilməlidir ki, Qarabağın azadlığı üçün ayağa qalxanların qarşısına çıxanlar ayaqlar altında qalacaq. Sevinc Osmanqızı da, elə onun havadarlarını da eyni aqibət gözləyir. Başqa yol yoxdur. Biz vətən xainləri ilə çiyin-çiyinə vuruşa bilmərik...

Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 108          Tarix: 1-08-2020, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma