Xəbər lenti


Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan dünən Misirdə səfərdə olub. Ümumiyyətlə, son vaxtlar İrəvandan Yaxın Şərq və İsrail tərəfə boylanmalar xeyli artıb. Ötən ay İsraildə Ermənistan səfirliyinin açılması da eyni qəbildən idi. Açıq-aşkardır ki, Ermənistan bu mühüm coğrafiyada siyasi-diplomatik və lobbi fəallığını artırmağa səy edir. 

Əsas hədəf şəkk-şübhəsiz, Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq, ərəb-müsəlman dünyası və yəhudi dövlətinə Qarabağ yalanlarını sırıyıb, onlara ərazilərimizdə ikinci qondarma “erməni dövləti”nin “varlığını” qəbul etdirmək, Türkiyə və Azərbaycana qarşı inamsızlıq yaratmaqdır. Paralel surətdə Rusiyanın forpostunun islam dünyasını gözündə qaldırmaqdır. 

Ancaq bu cəhdlər indiyədək iflasa uğrayıb, yenə də yəqin ki, iflas olacaq – həmçinin də Bakı və Ankaranın kontur-addımları sayəsində. Təkcə o fakt ki, uydurma “erməni soyqırımı”nı islam dünyasında Livandan və Suriyadakı Bəşər Əsəd rejimindən savayı heç bir müsəlman dövləti, eləcə də İsrail tanımayıb, öz-özlüyündə az şey demir. 

Gerçək belədir ki, illərdir Ermənistanın əli Azərbaycan və Türkiyənin güclü dayaqlarının olduğu Yaxın Şərqə çatmır.

Ermənilər bu “boşluğu” doldurmaq üçün əllərindən gələni və gəlməyəni edirlər. Mnatsakanyanın Qahirə səfəri də istisna olmayıb.

Belə ki, Ermənistanın hər hansı ölkə ilə əlaqələrinin üçüncü dövlətə qarşı yönəlmədiyini iddia edən işğalçı ölkənin baş diplomatı Qahirədə, misirli həmkarı Samex Şükrü ilə keçirdiyi mətbuat konfransında Azərbaycana və Türkiyəyə qarşı ənənəvi qarayaxma kampaniyası aparmağa cəhd göstərib. İşğalçı və terrorçu Ermənistanın özü bölgədə sülh və sabitliyə ən böyük təhlükə olduğu halda, Mnatsakanyan iki qardaş ölkəni regionda sülhə və təhlükəsizliyə təhdid yaratmaqda suçlayıb, hətta Bakı və Ankaranı terror birləşmələrindən istifadədə ittiham edib. Necə deyərlər, “adımı sənə qoyum, səni də yana-yana”.

Sitat: “Türkiyə və Azərbaycan öz silahlı qüvvələrini bir araya gətirir, aktiv hərbi hazırlıqlar aparır. Onların terror qruplarından istifadə etdikləri barədə də məlumatlar gəlir. Bu dəstələr Azərbaycana gətiriləcək və ya bəlkə də artıq gətirilib. Bütün bu hərəkətlərin regional sabitliyi pozduğuna və vəziyyəti sabitləşdirmək səylərinə xələl gətirdiyinə əminik. Ermənistan da öz növbəsində təhlükəsizliyini qorumaqda və aqressivliyi artırmağa yönəlik hər cür siyasətə qarşı çıxmaqda qərarlıdır. Bu artan aqressivlik geniş bir bölgədə - Şərqi Aralıq dənizindən tutmuş, Şimali Afrikaya və Yaxın Şərqə, eləcə də Cənubi Qafqaza qədər müşahidə olunur və bu təhdidlərin mənbəyi eynidir”.

Ən absurdu da elə terroru dövlət siyasəti səviyyəsinə qaldıran, Monte Melkonyan kimi terrorçuları, Qaregin Njde, Dro kimi faşist əlaltılarını və satqınları öz kumirinə çevirərək qəhrəmanlaşdıran, vəsf edən, ASALA timsalında terror hörgütləri ilə fəxr edən Ermənistanın xarici siyasət idarəsinin rəhbərinin Azərbaycan və Türkiyəni terror qruplaçmalarından istifadədə suçlamasıdır. Sanki 70-80-ci illərdə Avropa və ABŞ-da Türk diplomatlarını qətlə yetirən, hava limanlarını, Bakı metrosunu, Qarabağda sərnişin avtobuslarını partladan erməni terrorçuları deyilmiş.     

O ki qaldı Azərbaycan-Türkiyə intensivləşən birgə hərbi təlimlərə, bax, rəsmi İrəvanın gerçəkdən də bundan xoflanmasına, yuxusunun qaçmasına əsas var.

Hərçənd, Ankara-Bakı hərbi-strateji əməkdaşlığı nə Ermənistana, nə də digər hər hansı ölkəyə qarşı yönəlib. Hədəf yalnızca ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasını tezləşdirməkdir. Bunu Azərbaycan Türkiyəsiz edəcək, yetər ki, Rusiya öz “kölgəsini” işğalçı ölkə üzərindən çəksin...

Mnatsakantanın Misir səfırinə gəlincə, Şərqdə Kremlin vassalı olan Ermənistan haqda, öz maraqları naminə dostunu asanca düşmənə çevirən nankor ermənilər haqda daşlaşmış rəy var və onu çətin ki, Zoqrab Mnatsakanyan dəyişə bilsin. Təsadüfi deyil ki, erməni nazir misirli həmkarının dilindən Azərbaycan və Türkiyə əleyhinə bircə kəlmə də eşitməyib.  

Bunu da əlavə edək ki, Misirin hazırkı hökumətinin qardaş Türkiyənin rəhbərliyi ilə münasibətləri sərin olsa da, Azərbaycanla heç bir problem yoxdur. İki ölkə həm 56 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatında, həm də 120 ölkənin təmsil olunduğu və hazırda Azərbaycanın dönəm sədri olduğu Qoşulmama Hərəkatında təmsilin olunur. Buradaca vurğulayaq ki, Misir Ərəb Respublikası Hərəkatın əsasını qoyan ölkələrdəndir və onun işində yaxından iştirak edir. 

Hər iki nüfuzlu beynəlxalq qurum Ermənistanı birmənalı şəkildə işğalçı kimi tanıyan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan qətnamələr qəbul edib. Son olaraq analoji sənəd-bəyannamə ötən ilin oktyabrında Qoşulmama Hərəkatının Bakı Zirvə Toplantısında qəbul edilib – hansı ki, rəsmi İrəvanın isterik reaksiyasına səbəb olmuşdu...      

//musavat.com 



Ana səhifəyə qayıt        Baxış: 2 741          Tarix: 16-09-2020, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma