Xəbər lenti


ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı. Məktub ənənəvi olaraq, Novruz bayramı münasibətilə edilsə də, özündə mühüm məqamları, xüsusilə ABŞ-Azərbaycan münasibətlərinin inkişafına dair perspektivləri ehtiva edir.

Məktubda deyilir: “Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzu edirəm. Bu yenilənmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir. Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

Baydenin məktubunda ifadə olunan fikirlər ABŞ-ın gələcəkdə Azərbaycanla işləməkdə maraqlı olduğunu, o cümlədən, Qarabağ münaqişəsinin həllindən sonra yaranmış reallığı gördüyünü göstərir.

ABŞ Prezidenti məktubunda İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığını bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini ifadə edir, o cümlədən, Bayden Administrasiyası təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində bundan sonra da Azərbaycanla birgə çalışmaq niyyətindədir.

ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi də firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacaq. Bu, Azərbaycanın 2020-ci il 10 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı barışıq və sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğundur.

ABŞ Prezidenti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə edir, Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı Azərbaycanın səylərini, həyata keçirdiyi nəhəng enerji layihələrini dəstəklədiyini bəyan edir, ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu ifadə edir.
Prezident Co Baydenin təbrik məktubu ABŞ-ın yeni Adminsitrasiyasnın Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını göstərir.

Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur və qarşıdan gələn dövrdə Azərbaycanla müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf etdirilməsi ABŞ-ın Cənubi-Qafqaz-Xəzər dənizi regionunda siyasi prioritetləri sırasına daxildir.

ABŞ ikinci Qarabağ müharibəsi və Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda yaranmış yeni reallığı görür və bu reallıqlar çərçivəsində Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışağaını bəyan edir. ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi-Qafqaz-Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilmiş “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir.

Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, Azərbaycan hərbçiləri NATO hərbçiləri birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər.
ABŞ Azərbaycanı güclü, dinamik inkişaf edən, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və yaranan problemlərin həllinə əməli dəstək verən ölkə kimi qiymətləndirilir. COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın beynəlxalq miqyasda fəaliyyəti, Avrasiyanın enerji təhlükəsizliyinə, regionda və da geniş coğrafiyada təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələr bunu bir daha təsdiq edir.

/axar.az



Ana səhifəyə qayıt        Baxış: 2 618          Tarix: 18-03-2021, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma