Xəbər lenti


Türkiyə "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Avropa Şurasının Konvensiyasından (İstanbul Konvensiyası olaraq tanınır) çıxıb.

Report  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar imzalayıb.
Dövlət başçısının bu qərarını ölkənin vitse-prezidenti Fuad Oqtay belə şərh edib:

“Türk qadınının cəmiyyətdəki etibar və hörmətini layiq olduğu səviyyələrə çatdırmaq uğrunda apardığımız səmimi mücadiləni ənənəvi ictimai bağlarımızı da mühafizə edərək daha da irəliyə aparmaq əzmindəyik. Bu ali qayə üçün də çarəni dışarıda axtarmağa, başqalarını təqlid etməyə ehtiyac yoxdur. Çözüm məhz adət və ənənələrimizdə, özümüzdə mövcuddur”.

Xatırladaq ki, birmənalı qarşılanmayan İstanbul Konvensiyasının həm iqtidar, həm də müxalifətdə tərəfdar və əleyhdarları olub. Əsasən liberallardan ibarət qrup bu konvensiyanın zorakılığa qarşı mübarizədə böyük töhfə verəcəyinə ümid edirdisə, əleyhdarları olan mühafizəkarlar bunun Türkiyənin adət-ənənəsinə uyğun olmadığına işarə edirlər. Belə ki, Türkiyə cəmiyyətindəki mühafizəkarları ən çox narahat edən məsələlərdən biri konvensiyanın 4-cü maddəsindəki 3 bənddir. Həmin bənd faktiki olaraq cəmiyyətdəki bütün sosial qrupları, həmçinin LGBT fərdlərinin haqlarının müdafiəsini ehtiva edir.



Ana səhifəyə qayıt        Baxış: 3 061          Tarix: 20-03-2021, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma