Xəbər lenti
Qarabağdakı erməni seperatçılarının daha biri- özünü hələ də gorbagor olmuş “artsax”ın “xarici işlər naziri” hesab edən David Babayan 23-28 may tarixlərində Moskvada işgüzar səfərdə olub. Erməni mənbələrinin məlumatına görə, D.Babayan Moskvada “siyasi, ictimai, elmi və təhsil dairələrinin, Rusiyanın erməni icmasının və Erməni apostol kilsəsinin nümayəndələri ilə bir sıra görüşlər keçirib”.

Görüşlərdə erməni quldurbaşı guya bölgədəki mövcud vəziyyəti, Qarabağ münaqişəsinin həlli perspektivlərini, ermənilərlə diaspora əlaqələrinin daha da dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazilərində formal mövcudluğunu saxlamış, hətta Ermənistanda da ciddi adam kimi qəbul olunmayan “diplomatın” səfərinin sərhəddə gərginlik yaşandığı, Ermənistanın yenidən atəşkəsi pozduğu bir vaxtda gerçəkləşməsi diqqət çəkir. Əlbəttə, “işğüzar” deyilən səfərdə Babayanın hansısa dairələrdə yüksək səviyyədə qəbulu real görünmür. Babayanın “məbuat xidmətinin” yaydığı qısa xəbərdə də bu barədə heç nə deyilmir. Amma Azərbaycana qarşı düşmən mövqeyindən bir addımda geri çəıkilməyən birinin Moskvada peyda olması, orada görüşlər keçirməsi haqlı suallar doğurur.

48 yaşlı Xankəndi doğumlu Babayan ABŞ-da oxumasına baxmayaraq uğursuz iqtisadçı olub, bir müddət Ermənistan Elmlər Akademiyasında işləyib. 2020-ci ilin mayında Araik Arutyunyanın “xarici siyasət məsələri üzrə” məsləhətçisi olub. Qarabağ müharibəsi başa çatandan sonra, bu ilin yanvarında “nazir” təyin edilib. Onun həm müharibə, həm ondan sonrakı dövrdəki açıqlamaları həmişə Azərbaycana nifrətə köklənib, indi də revanşist çağırışlarından geri çəkilməyib. Qarabağa qayıtmış ermənilərə hələ də “ Hadruta, Şuşaya qayıdacağıq” nağılları danışır. O səbəbdən Araik Arutyunyan kimi o da birmənalı sülhə qarşıdır, Azərbaycan qanunlarına tabe olmur. Məhz belə birinin Qarabağdan çıxıb Moskvaya 5 günlük səfər etməsi diqqət çəkməyə bilməz.

Qeyd edək ki, bir neçə gün əvvəl Babayan Minsk Qrupu həmsədrlərinə müraciət edib. O, müraciətində yenə də Azərbaycanı ittiham edib. Babayanının iddiasına görə, Azərbaycan su hövsələrini “ələ keçirəndən” sonra Qarabağ erməniləri susuluqdan əziyyət çəkirlər.
Balayana belə “diqqət” təəssüf ki, ilk dəfə deyil. Ötən ay Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfəri çərçivəsində qanunsuz rejimin nümayəndəsi ilə görüşmüşdü. Buna etiraz olaraq Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilmişdi. Toivo Klaarın Balayanla görüşməsi ilə bağlı K.Yankauskasa etiraz bildirilib. Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Babayanın Moskvaya səfərinin “işğüzar” olması isə rəsmi Moskvanın bu məsələdə məsuliyyətini azaltmır. Yada salaq ki, Araik Arutyunyan da müharibədən sonra iki dəfə Moskvada olub. Sonuncu dəfə isə Moskvaya bu ilin aprelidə səfər edib. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri bu səfərə etiraz ediblər, hərtta Rusiya səfirliyi önündə piket də keçirilib. Amma Moskva bu tələbləri görməzdən gəldi və Azərbaycanın rəsmən axtarışa verdiyi şəxsin Moskvaya niyə və necə gedib çıxması barədə izahat verilmədi. O səbəbdən Babayanın budəfəki səfəri haqda da Moskvadan cavab gözləməyə dəyməz...

azpolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 270          Tarix: 29-05-2021, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma