Xəbər lenti

 
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Şuşaya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsini imzalaması erməni tərəfində ciddi narazılığa səbəb olub.
 
Ovqat.com-un məlumatına görə, erməni etirazları İrəvandan deyil, Şuşanın 5-10 km-liyində yerləşən Xankəndindən gəlib.
 
Qonadarma “DQR” “XİN” səfərlə bağlı bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Ankaranın bu “təcavüzkar siyasəti”ni dayandırmağa çağırıb. 
 
Bəyanatda bildirilir ki, Türkiyə Prezidentinin rəhbərliyi altında “Artsax”ın “qədim paytaxtı” (?) Şuşaya səfəri 
beynəlxalq hüquqa ziddir və Ankaranın “soyqırım və terror siyasətinin təzahürüdür”.
 
“Artsax Respublikasının Xarici İşlər Nazirliyi işğal olunmuş Artsax ərazilərinə edilən bu cür səfərləri təxribat, ekspansionist və ekstremist siyasətinin davam etdirilməsi kimi qiymətləndirərək qətiyyətlə pisləyir”, - bəyanatda belə deyilir.
 
Türkiyənin təxribat xarakterli hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir, çünki bu səfərlər, həmçinin Ankara və Bakının səfərlər zamanı səsləndirdiyi fikirlər, bəyanatlar, əldə edilmiş razılaşmalar, orta əsr işğal siyasətinin təriflənməsi beynəlxalq və regional təhlükəsizlik üçün ciddi bir təhdid, bütün mədəni insanlığa meydan oxumaqdır və Türkiyənin üzv olduğu bütün təşkilat və strukturların nüfuzuna zərbə vurur”.
 
Halbuki rus sülhməramlılarının himayəsi altında Dağlıq Qarabağa yerləşdirilmiş erməni separatçılarının bu cür bəyanatla çıxış etməsi özü-özlüyündə Azərbaycanın ərazi bütövlüyü və suverenlik hüquqlarının heçə sayılması və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir və Rusiya sülhməramlılarının təyinatı üzrə fəaliyyət göstərməsini şübhə altına alır. Rəsmi Bakı bu faktı əsas götürüb beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalı və Rusiyadan öz qoşunlarını dərhal Qarabağdan geri çəkməyi tələb etməli, separatizmə qarşı mübarizə əməliyyatları keçirməlidir. Əks təqdirdə Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğalı və rəsmi Bakının bu işğala laqeyd qalması faktı təsdiqlənə bilər.


Ana səhifəyə qayıt        Baxış: 6 123          Tarix: 16-06-2021, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma