Xəbər lenti

 
ABŞ prezidenti Co Baydenin Türkiyəyə yeni səfir kimi keçmiş cümhuriyyətçi senator Ceff Fleykin namizədliyini irəli sürməsi erməniləri bərk qəzəbləndirib.
 
Ovqat.com xəbər verir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) bu təşəbbüslə bağlı bəyanat yayıb.
 
Bəyanatda bildirilir ki, ABŞ prezidenti Co Bayden bu ilin əvvəlində Senat və Nümayəndələr Palatası qarşısında erməni soyqırımının tanıyaraq Ankaraya sərt mesaj göndərmişdi. İndisə onun erməni soyqırımını tanımayan Ceff Fleyki Türkiyəyə səfir göndərmək istəməsi faktiki aprel ayında atılan bu addımdan geri çəkilmək deməkdir.
 
"Ceff Fleykin Türkiyənin Erməni Soyqırımını inkar etməsində iştirakının uzun və utancverici tarixi onun təyinatına qaranlıq bir kölgə salır”, - bildirilən ANCA-nın bəyanatında bu təyinatla Türkiyəyə yanlış mesajlar verildiyini vurğulanır.
 
“Nümayəndələr Palatasının və daha sonra ABŞ Senatının üzvü olaraq Fleykin mütəmadi olaraq Konqresin Erməni Soyqırımını tanımaq üçün ikitərəfli səylərinə qarşı çıxdığının” xatırladıldığı bəyanatında bildilir ki, önümüzdəki həftələrdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Fleykin namizədliyini nəzərdən keçirəcəkdir: “ANCA Fleykin Türkiyənin erməni soyqırımını inkar etməsində iştirakının bu nüfuzlu komitə üzvləri tərəfindən araşdırılmasını təmin etmək üçün çalışacaq”.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 2 gün öncə Arizonadan olan keçmiş cümhuriyyətçi senator Ceff Fleyki Ankara səfiri vəzifəsinə namizəd göstərdib. Fleyk də öz namizədliyi qəbul etdiyi bildirilib. Namizədliyi Senatda təsdiqlənərsə, Ceff Fleyk ABŞ-ın Türkiyədəki yeni səfiri olacaq.
 
Fleyk keçmiş respublikaçı senator olsa da, keçmiş ABŞ prezidenti Donald Trampın ən sərt müxaliflərindən biri kimi ün qazanmış və keçən il ABŞ prezident seçkilərində demokrat Baydenə dəstək vermişdi.
 
Ağ Ev tərəfindən nəşr olunan namizədlik elanından sonra yazılı bir açıqlama verən Fleyk ona göstərilən bu etimadın hər iki ölkə üçün çox əhəmiyyətli bir dövrə təsadüf etdiyini və Türkiyə səfirliyinin “çox mərkəzi bir vəzifə olduğunu” bildirib.
 
"ABŞ-ın köhnə NATO müttəfiqi olan Türkiyə Respublikası ilə münasibətlərinin strateji əhəmiyyətini nəzərə alaraq, Prezident Baydenin səfirliyə namizəd kimi mənə güvənməsindən qürur duyuram. Bu namizədliklə Bayden rəhbərliyi Amerika xarici siyasətinin ən yaxşı ənənəsini davam etdirir, siyasət və diplomatiyanın tərəfkeşlik hisslərindən kənarında qalmasının lazım olduğunu bir daha təsdiqləyir”, - Ceff Fleykin yazılı açıqlamasında bildirilir.
 
Baydenin bu qərarında diqqət çəkən əsas məqamlardan biri odur ki, hakimiyyətə gəldikdən sonra o, çox az səfiri dəyişdirib. Üstəlik, Türkiyənin indiki səfiri David Satterfield 15 Avqust 2019 tarixində öz vəzifəsinə başlayıb. Yəni onun səfirlik müddətini bitirməyə ən az 3 ili var. Bayden isə faktiki onu geri çağırıb, yerinə ABŞ konqresində hər zaman Türkiyənin ən yaxın tərəfdaşı kimi çıxış edən birini göndərir. Bununla da sanki Türkiyə ilə xarici siyasətini uzlaşdıracağı mesajını verir. Erməniləri də ən çox narahat edən budur.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 164          Tarix: 15-07-2021, 21:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma