Xəbər lenti

 
“Rusiya Qarabağ münaqişəsində hər zaman olduğu kimi, yenə də subulandırıcı rol oynamağa davam edir. Lavrovun bir neçə gün əvvəl ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra səsləndirdiyi fikirləri yalnız bu cür şərh etmək olar.”
 
Ədalət partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
 
Onun sözlərinə görə, Lavrov həmin çıxışında ilk baxışdan guya, Azərbaycanın mövqeyini müdafiə edən fikirlər də səsləndirib: “10 noyabr Bəyanatının bizim əlimizdəki erməni əsirlərinə şamil oluna bilməyəcəyini etiraf edib. Çünki bu bəyanat o zamanadək baş verənlərə və əsir düşənlərə şamil olunmalıdır. Əslində Azərbaycanın mövqeyi də belədir və bu mövqe beynəlxalq hüququn da ruhuna uyğundur. Bununla belə, Lavrov həmin çıxışında guya humanizm nümayiş etdirərək, rəsmi Bakıya erməni əsirlərini qeyd-şərtsiz azadlığa buraxmağı məsləhət görür. Guya biz onları buraxsaq, bu, İrəvanın da mövqeyinin yumşalmasına səbəb olar”.
 
İlyas İsmayılov isə bu yanaşmanı Azərbaycanın suveren hüquqlarına qarşı növbəti hörmətsizlik kimi qiymətləndirir və bunun təkcə siyasi hədəflər baxımından deyil, həm də hüququn çəkindiricilik gücünə zidd olduğunu düşünür: “Bilirsiniz ki, tərəflər arasında imzalanan və konkret öhdəliklər nəzərdə tutan istənilən anlaşmalar beynəlxalq hüququn təməllərini təşkil edir. 10 noyabr Bəyanatı da bu baxımdan hüquqi bir sənəddir. O sənəddə hər tərəfin üzərinə götürdüyü öhdəliklər var və bu öhdəliklərin pozulacağı təqdirdə, qarşı tərəf üzərində müəyyən məsuliyyətlər yaranır. Məsuliyyətlərdən yayınmanın isə mütləq cəzası olmalıdır. Cəza olmayan yerdə hüququn təsir gücü də zəifləyər və onun heç bir mənası qalmaz. Buna elmi ədəbiyyatlarda hüququn çəkindirmə gücü deyilir. Lavrovun guya böyük ağıl nümayiş etdirərək bizə ünvanladığı “humanist təklif” əslində 10 noyabr Bəyanatının çəkindirmə gücünü sıradan çıxarmaq, klassik ifadə ilə desək, legitimliyini azaltmaq məqsədi güdür. Çünki erməni tərəfi bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyəcək və bunun müqabilində humanizm xətrinə heç bir cəza almayacaqsa, onda həmin sənədin varlığı ilə yoxluğu arasında nə fərq qalacaq”. 
 
Partiya sədrinin fikrincə, 10 noyabr Bəyanatının tələblərini pozanların cəzalandırılması nəinki humanizm prinsiplərinə ziddir, əksinə, geniş mənada məhz humanizmə xidmət edir: “Çünki Bəyanatda atəşkəs elan olunmaqla minlər insanın həyatı xilas edilib. Bu, xüsusilə erməni tərəfinə aiddir. Bildiyimiz kimi, həmin vaxt 20-30 min erməni əsgəri Azərbaycanın mühasirəsinə düşmüşdü və bizim ordumuzun imkanı vardı ki, onları atəş yağmuruna tutub tamamilə məhv etsin. Ermənistanın və Rusiyanın xahişi ilə Azərbaycan 10 noyabr Bəyanatına imza atmaqla faktiki on minlərlə erməni əsgərinin canını bağışladı. Ermənilər buna görə bizə dua etməkdənsə, əldə olunan razılaşmalara Allahın lütfü kimi baxmaqdansa, onun tələblərini yerinə yetirmir, öz əsgərlərini yenidən Qarabağa göndərir. Bu, faktiki olaraq atəşkəs rejiminin pozulması və döyüşlərin yenidən başlamasına şərait yaratmaq deməkdir. Azərbaycan insanlıq xətrinə bunu etmədən, sadəcə müqavilə şərtlərini pozan bəzi erməniləri əsir götürərək onlara öz öhdəliklərini yerinə yetirmək məcburiyyətini xatırlatmaqla da əslində böyük humanizm göstərdi. Məhz bundan sonra ermənilərin hikkələri qismən azaldı və Bəyanatın tələblərinə az-çox əməl etməyə başladılar. Çünki hüququn çəkindirmə gücünü gördülər. Lavrov isə bizi bu mövqeyimizdən də qeyd-şərtsiz geri çəkilməyə çağırır. Dolayısıyla erməniləri yenidən öz işğalçılıq siyasətinə həvəsləndirir”.
 
İlyas İsmayılovun fikrincə, Rusiya “sülhməramlı” kontingenti təxribatçı əməlləri ilə çoxdan üçtərəfli müqavilənin şərtlərini pozur: “Laçın dəhlizinə yerləşdirdiyi rus əsgərləri erməni hərbi birləşmələrinin fürsətdən faydalanıb rahatlıqla Qarabağa silah və əsgər daşımalarına şərait yaradır. Halbuki, Bəyanatda rus “sülhməramlı”larının təyinat nöqtələrində fəaliyyətə başlamasına paralel olaraq erməni silahlılarının bölgədən çıxarılması nəzərdə tutulur. Rus “sülhməramlı”ları isə Bəyanatın bu tələblərini açıq-aşkar pozaraq Qarabağdakı erməniləri yenidən silahlandırır. Üstəlik bizdən həmin qüvvələri cəzalandırmamağı tələb edir. Bu əslində Azərbaycanla yanaşı ermənilərin də maraqlarına xidmət etmir. Rusiya sanki Qarabağda saxladığı 20-25 min ermənini özünün işğalçılıq siyasətinin girovuna, canlı qalxanına çevirib. Moskva anlamalıdır ki, Azərbaycanın da səbr limiti var və səbr kasası daşandan sonra əsgərlərimizin gözünə erməni terrorçusu, yaxud onlara bu şəraiti yaradan qüvvələr görünməyəcək. Ordumuz öz torpağını istənilən qüvvədən təmizləmək psixologiyasına və gücünə malikdir və bıçaq sümüyə dirənəndə bu əzmi ortaya qoya bilər”.
 
İlyas İsmayılov Ermənistanın yeni Xarici İşlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Mirzoyan Lavrovun kölgəsinə sığınaraq, ATƏT-in Minsk Qrupunun nəzarəti altında Qarabağın hüquqi statusu öz həllini tapmadan sülh müqaviləsinin bağlanmayacağını bildirdi. Mirzoyana bu cəsarəti verənin Moskva olduğu aydındır. Belə görünür ki, Moskva İrəvanı öz toruna sala bilib. İrəvan anlamalıdır ki, 44 günlük müharibədən sonra Qarabağın açarı Rusiyanın əlindən çıxıb. Azərbaycan Ordusunun fədakar əsgərlərinin qanı, döyüş əzmi hesabına ölkəmiz Qarabağın taleyini həll edəcək yeganə söz sahibinə çevrilib. Azərbaycanın mövqeyini isə Prezident İlham Əliyev hətta məktəb uşaqlarının anlaya biləcəyi üslubda ifadə edərək deyib: “status cəhənnəmə getdi”. ATƏT-in Minsk qrupu da onunla bir yerdə. İrəvan Azərbaycanın erməni vətəndaşlarını təxribata çəkməkdən vaz keçməli, onların Qarabağda yaşamaq imkanlarını əllərindən almamağa çalışmalıdır. Üstəlik, başa düşməlidir ki, bu təxribatlar Ermənistan üçün də yaxşı heç nə ifadə etmir, onları 4 tərəfdən bloka şəraitində dünyadan tamamilə təcrid olunmuş vəziyyətə sala, yenə minlərlə gəncin ölümünə yola aça bilər”.
 


Ana səhifəyə qayıt        Baxış: 7 029          Tarix: 3-09-2021, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma