Xəbər lenti
27-11-2024, 19:25

"Yola saldığımız həftə ərzində Rusiyanın Ukraynaya yeni hərbi müdaxiləsi təhlükəsi fonunda yaranmış gərginlik təkcə Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olan ölkələri deyil, bu təşkilata üzv olmayan İsveç Krallığını da narahat etməyə başladı. Buna səbəb son həftədə Baltik dənizində Gotland adası yaxınlığında Rusiyaya məxsus hərbi desant gəmilərinin peyda olmasıdır. Gəmilərin sayı sürətlə artaraq, 6-ya çatdı və onların çoxalacağı gözlənilir".

"AzPolitika.info" xəbər verir ki, bu barədə İsveçdə yaşayan azərbaycanlı jurnalis Rahim Sadıqbəyli “pressklub.az” saytına bildirib. "Gotland adasının keçmiş Sovetlər birliyinə daxil olan Baltikyanı ölkələrlə, eləcə də Rusiyanın Kalininqrad əyaləti ilə sərhəddə yerləşdiyini nəzərə alsaq, onun nə qədər strateji əhəmiyyət daşıdığını görərik", -jurnalist əlavə edib.

R.Sadıqbəyli hesab edir ki, Rusiya Ukraynanın və digər həmsərhəd ölkələrin NATO-ya üzv qəbul edilməyəcəklərinə zəmanət almaq istəyir: "Lakin buna ABŞ, NATO və AB tərəfindən etiraz görüncə, Ukrayna sərhədinə 100 min əsgər toplamaqla, habelə Baltik dənizinə hərbi desant gəmiləri çıxarmaqla, əzələ nümayiş etdirir. Ekspertlərin rəyincə, əgər Rusiya Baltikyanı ölkələrə hərbi müdaxilə edərsə, NATO-nun həm dəniz robotları, həm də hava hücumundan müdafiə qüvvələri onun qarşısında dayanacaqdır. İsveç isə NATO-ya daxil olmasa da, bu münaqişədə AB üzvü kimi NATO ölkələrini dəstəklədiyi üçün hədəf ola bilər".

Jurnalist qeyd edir ki, İsveç Milli Müdafiə Kollecində fəlsəfə doktoru Oskar Conssonun İsveçin "Ekspressen" qəzetinə müsahibəsində dediyi fikirlər maraq doğurur: "Consson dekabrın əvvəlində Rusiya dövlət televiziyasının Gotlandın necə mühüm strateji hədəf ola biləcəyinə həsr olunmuş verilişini misal göstərir. O, bunu Rusiyanın hərbi mütəxəssislərinin planlaşdırdıqları standart strateji ssenari kimi təsvir edir. Ekspertin fikrincə, hazırda Rusiya taktikasının bir hissəsi Avropada qeyri-sabitlik görüntüsü yaratmaq və bu yolla danışıqlarda mümkün güzəştlərə nail olmaqdır. Oskar Consson deyir ki, İsveç Rusiyaya qarşı açıq döyüşdə əsgər sayı baxımından “uduzsa” belə, hərbi mövcudluğun artırılmasının əhəmiyyətsiz olduğuna və ya İsveçin hipotetik olaraq Rusiyanın işğalını dayandıra bilməyəcəyinə inanmaq sadəlövhlükdür. Ekspert daha sonra bunları əlavə edir: “2014-cü ildə Ukrayna ordusu İsveç ordusundan son dərəcə zəif təchiz edilmişdi və sivil dünyanın digər ölkələri ilə olduqca kövrək əlaqələrə malik idi. Ancaq yeddi il keçsə də, onlar hələ də müharibə vəziyyətindədirlər. Onlar dirənirlər və hətta qətiyyətlə qərar da verirlər"".

Rahim Sadıqbəyli daha sonra İsveçin müdafiə naziri Piter Hultqvistin fikirlərinə yer verib: "Nazir Gotlandda hərbçilərin sayının artmasını və aktiv vəziyyətə gətirilməsini Avropadakı təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə izah edir. O deyib: "Biz bu vəziyyəti ciddi qəbul etdiyimizi qeyd etməyi və siqnallar göndərməyi vacib hesab edirik. İsveç Silahlı Qüvvələrinin fövqəladə hallara hazır olan hərbi birləşmələrinin operativ ehtiyat bölməsi cümə günü axşam saatlarında Gotlandda eniş edib. Bu bölmə Norrbottenin Bodendəki N saylı alayı tərəfindən qurulub və təxminən 120 əsgər və zabitdən ibarətdir. Rusiya Ukrayna ətrafında 100 min əsgər toplayıb. Ukraynada həm də müxtəlif üsullarla təxribatçı əməliyyatlar aparılır. Görünən odur ki, bizə və müttəfiqlərimizə qarşı real təhlükə var. Rusiyanın elə təkcə bu təhlükəni gündəmə gətirməsi, belə hərbi manevrlər etməsi, daim Ukraynaya təzyiq göstərməsi, Ukraynanı sarsıtması və hadisələrin bu cür gedişatı bizi daha da hazırlıqlı olmağa sövq edir. İsveç bu bütöv təhlükəsizlik mühitinin bir hissəsidir və Ukraynada nəsə baş verərsə, hamımız bundan təsirlənəcəyik. Ona görə də Gotlandın gücləndirilmiş müdafiəsi çox vacibdir. Risk çox böyükdür. Biz Riksdagendə (İsveç parlamentində) də müzakirə zamanı bildirdik ki, İsveçə hücum heç də istisna deyil. Avropa bu gün təhlükə ilə üz-üzədir və bunu nəzərdən qaçırmaq olmaz”. 

Rahim Sadıqbəyli sonda keçən həftə Rusiya xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında fin jurnalistin “Siz lap əvvəldə Skandinaviyanı yada saldınız. Rusiya İsveçin və Finlandiyanın təhlükəsizlik siyasətində müstəqil qərarlar qəbul etməsinə, hansı xətti götürməsinə və eləcə də NATO-nun tərkibinə daxil olmasına necə baxır?” sualına verdiyi cavabı xatırladır: "Mən bəri başdan demək istəyirəm ki, Rusiya həm Finlandiyanın, həm də İsveçin suverenliyinə hörmətlə yanaşır. Biz hesab edirik ki, bu ölkələrin neytrallığı ümumavropa düzəninə böyük və əvəzsiz töhfə verməklə yanaşı, bu bölgədə sabitliyin əsas təminatçısıdır. İsveçin və Finlandiyanın suverenliyinə hörmət etməyənlər isə nəyin bahasına olursa-olsun, bu ölkələri NATO-nun üzvü etmək istəyirlər. Bunun təbliğatı isə çoxdan başlayıb. Biz təkbətək görüşlərimizdə həm Finlandiyanın, həm də İsveçin dövlət rəhbərləri ilə bu məsələləri zaman-zaman gündəmə gətiririk. Amma yenə də Finlandiyanın və İsveçin NATO-ya üzv olması özlərinin verəcəyi qərardır".



Ana səhifəyə qayıt        Baxış: 2 902          Tarix: 17-01-2022, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma