Xəbər lenti
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
Rusiyanın Ukraynaya mümkün müdaxiləsi mövzusu dünyanın siyasi gündəmində birinciliyini qorumaqdadır. NATO və ABŞ-ın Rusiyaya xəbərdarlıqlarının ardı-arası kəsilmir. Buna baxmayaraq, Moskva Ukrayna ilə sərhədə, eləcə də Belarusun Ukraynaya yaxın ərazilərinə hərbi texnika və canlı qüvvə daşımaqda davam edir. Kreml nə konkret olaraq müharibəyə hazırlaşdığını, nə də müdaxilədən birmənalı olaraq çəkinəcəyini bəyan edir. Sadəcə, rəsmi Kiyevi Minsk danışıqlarına riayət etməyə çağırmaqla kifayətlənir...
Bu arada ABŞ Prezidenti Co Bayden bəyanatla çıxış edərək, Ukraynaya müdaxilə qarşılığında Rusiyanın sərt şəkildə cəzalandırılacağına dair bir daha xəbərdarlıq edib. Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. Bayden Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib.
ABŞ-ın Dövlət katibi Entoni Blinken isə daha konkret danışıb. “AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Kiyevdə olan ABŞ rəsmisi bu ölkəyə hücum olacağı təqdirdə Ukraynanı qorumağın və Rusiyanı dayandırmağın konkret yollarını açıqlayıb. “Amerikanın səsi”-nə müsahibəsində görüləcək tədbirləri üç qrupa bölən Blinken, deyib: “Birincisi, biz olduqca güclü maliyyə, iqtisadi və eksport sanksiyalarının tətbiqi üzərində işləyirik. Mən bu barədə geniş danışmıram, çünki hələ çox tezdir. Ancaq biz, ABŞ-ın tərəfdaşları ilə bununla bağlı koordinasiya aparırıq. İkincisi, Ukraynaya müdafiə olunmaq üçün hərbi yardımı davam etdirəcəyik. Üçüncüsü isə, NATO şübhəsiz ki, özünün şərq cinahında müdafiəsini gücləndirəcək.
Nəticədə, Prezident Putin 2014-cü ilə qayıdacağı təqdirdə, dayandırmaq istədiyi prosesi daha da sürətləndirəcək. Hər şeydən başqa, Krımın ələ keçirilməsinin və Donbasa müdaxilənin Rusiyanın özü üçün məlum nəticələri oldu.”
Göründüyü kimi, ABŞ Dövlət katibi hərbi təcavüzün Rusiya üçün nəticələrilə yanaşı, Ukraynanı hansı yolla qorumaq fikrində olduqlarını konkret şəkildə açıqlayıb. Bu tədbirlərin nə dərəcədə effektli olacağını bu başdan söyləmək çətindir. Lakin xüsusilə də NATO-nun özünün silahlı qüvvələrini şərq cinahında, yəni Rusiyaya yaxın ölkələrdə gücləndirməsi perspektivi Rusiya üçün qətiyyən arzuedilən deyil. Çünki Kremlin açıqlamalarından belə aydın olur ki, Moskvanın əsas narahatlığı məhz NATO-nun şərqə doğru genişlənməsi ilə əlaqədardır. Əgər Ukraynaya müdaxilə bu prosesi daha da sürətləndirəcəksə, o zaman Rusiya bu hərbi əməliyyatı ilə özü-özünə “ayı xidməti” göstərmiş olacaq və Dövlət katibinin də dediyi kimi, Moskva dayandırmaq istədiyi prosesi daha da sürətləndirəcək.
Digər yandan, heç kim Ukraynaya hücum zamanı Rusiyanın qısa müddətdə parlaq qələbə qazanacağına təminat verə bilməz. Doğrudan da Ukrayna artıq 2014-cü ildəki dövlət, ordusu isə həmin vaxtkı ordu deyil. Son 7 ildə Ukrayna ordusu həm şəxsi heyət, həm də silah-sursat sarıdan xeyli inkişaf edib. Həmçinin, hətta qısa müddətli hərbi uğursuzluğun, cəbhənin hansısa istiqamətindəki əməliyyatların birində “burnunun əzilməsinin”, nəticədə Rusiyanın müxtəlif şəhərlərinə ruslar demişkən, “qruz 200”, yəni əsgər meyitlərinin daşınmasının Putin hakimiyyətinin onsuz da son zamanlar xeyli zədələnmiş dayaqlarına necə təsir göstərəcəyini və bunun mümkün nəticələrini təsəvvür etmək o qədər də çətin deyil.
Nəhayət, “Putin heç vaxt ABŞ-ın hazırladığı sanksiya kimi sanksiya görməyib" söyləyən Co Baydenin dediyi kimi, Rusiya SWIFT sistemindən kənarlaşdırılsa, yəni dollar əməliyyatları edə bilməsə, həmçinin yeni və daha güclü maliyyə-iqtisadi sanksiyalarla üz-üzə qalsa, bunun rusların onsuz da həsəd aparılacaq durumda olmayan sosial-iqtisadi həyatını hansı günə salacağını proqnozlaşdırmaq çətin olmaz.
Blinken müsahibəsində deyib ki, ABŞ Rusiyaya iki variant arasında seçim imkanı verib. Bunlardan birincisi diplomatiya və dialoq, ikincisi isə ağır nəticələr verəcək qarşıdurmadır: “Bizim Rusiya ilə strateji stabilliklə bağlı dialoqumuz olub. Ümid edirik ki, diplomatik yolun seçilməsi Rusiya üçün üstünlük təşkil edəcək. Biz bilirik ki, Ukraynaya qarşı təcavüz davam edir. Biz, təkcə ABŞ yox, bir çox ölkələr qətiyyətli hərəkət edəcəyik.”
Dövlət katibi əlavə edib ki, diplomatik vasitələrdən imtina etmək olmaz və Putinin buna reaksiyasını müşahidə etmək lazımdır. Bununla yanaşı, Blinken vəd edib ki, Ukraynaya müdaxilə olacağı təqdirdə, Rusiyaya qarşı istisnasız, mümkün olan bütün təzyiq rıçaqlarından istifadə ediləcək.
Xatırladaq ki, bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ukrayna mövzusunda aktiv diplomatik fəaliyyətilə seçilir. Fevralın 2-də Ukraynaya səfəri gözlənilən Ərdoğan rəsmi Kiyevlə Kremli Türkiyədə görüş keçirməyə dəvət edib və tərəflər buna müsbət reaksiya veriblər. Bu da gərginliyin azalmasına, mühitin yumşalmasına xidmət edən addım sayıla bilər.
Bununla yanaşı, Blinkenin öz müsahibəsində dediyi kimi, məntiqlə Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, itirəcəyi qazanacağından qat-qat artıq ola, bu addımıyla şərqə doğru genişlənmək planları sarıdan NATO-nun əl-qolunu tamamilə aça bilər.
Lakin tarix göstərir ki, Rusiyadan hər cür məntiqdən kənar və ilk növbədə özünə ziyan edən davranışlar gözləmək olar. Çünki “rus ayısı” tez-tez özü-özünə “ayı xidməti” göstərməsi ilə seçilir və ərazisi, təbii ehtiyatları, əhali sayı və s. sarıdan çox güclü potensialının olmasına rəğmən, silah sektorunu çıxmaq şərtilə, iqtisadiyyat, əhalinin sosial durumu və s. sahələr üzrə özündən 10, hətta 100 dəfələrlə kiçik ölkələrdən geri qalması da məhz bunun nəticəsidir...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar