Xəbər lenti

Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik sazişi münasibətlərin daha üstün səviyyəyə daşındığı barədə təsəvvür yaradır. Bir çox pessimist proqnozlara rəğmən, sənədi diqqətlə oxuduqda, Azərbaycanın suveren hüquqlarına hansısa açıq təhlükə sezilmir.

Əksinə, bir çox ekspertlərdə Rusiyanın uzun illər davam edən və son dövrlər daha da sərtləşən aqressiv xarici siyasəti nəzərə alındıqda, bu sənədin müəyyən dərəcədə Azərbaycan üçün sığorta xarakterli olmasına dair qənaətlər var...

Lakin bu dinamikanın fonunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması onu göstərir ki, Moskva ilə müttəfiqlik müqaviləsi Rusiya hakimiyyətindəki ermənipərəst dairələrin əl-qolunu qətiyyən bağlamır.

Əksinə, məhz sözügedən sənədin imzalandığı gün “Lavrovun və Zaxarovanın nazirliyi” ermənisayağı, tarixi saxtalaşdıran, açıq təxribat xarakterli paylaşım edir. Həmin paylaşımda Rusiya XİN 1828-ci il Türkmənçay müqaviləsinin ildönümünü yada salır və Naxçıvanla İrəvan xanlıqlarını “şərqi Ermənistan” kimi göstərir.

Bunu Lavrovun nazirliyinin Rusiya-Azərbaycan müttəfiqlik sazişinə “töhfəsi” kimi də qəbul etmək olar. Məsələnin maraqlı tərəfi həm də budur ki, ötən ilin eyni gününə aid paylaşımında Rusiya XİN Naxçıvan və İrəvan xanlıqlarını “şərqi Ermənistan” kimi göstərməmişdi.

Belə olan halda bu qurumun məhz bu ilin 22 fevralında, Türkmənçay müqaviləsinin ildönümü, həm də Azərbaycan Prezidentinin Moskvaya rəsmi səfəri və məlum sazişin imzalanması fonunda bu cür çirkin təxribata əl atması bir çox suallara yol açır. Məsələn, sual yaranır ki, Rusiyanın imperiya düşüncəsində nə 1828-ci ildən əvvəl, nə sonra, nə də bu günün özündə nəsə dəyişibmi?...

Lavrovun nazirliyinin bu saxta və təxribatçı mövqeyi ilə Rusiya Prezidentinin Kremldə İlham Əliyevlə keçirdiyi görüşdə sərgilədiyi mövqe, eləcə də tərəflərin imzaladığı sazişin mahiyyəti arasında kəskin ziddiyyət var. 

Belə çıxır ki, Putin bir şey, Lavrovun nazirliyi isə başqa bir şey deyir və düşünür. Bu yanaşma növbəti dəfə Rusiyanın nə dərəcədə etibarlı tərəfdaş, yaxud müttəfiq olduğuna, digər ölkələrin tarixi ərazilərinə və suveren hüquqlarına necə münasibət göstərdiyinə dair qənaət yaradır...

Azpolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 307          Tarix: 23-02-2022, 18:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma