Xəbər lenti

“Varis planı”ndan imtina edib...O, heç kimə etibar etmir və heç kimi eşitmir”

“O, heç kimə etibar etmir və heç kimi eşitmir. Onun Rusiya imperiyasının bərpası ilə bağlı öz planları var. Putin öz planlarından imtina etmir. Bu müharibə uzanacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski mətbuata açıqlamasında deyib.

Baş Kəşfiyyat İdarəsi təmsilçisi deyib ki, onlarda olan kəşfiyyat məlumatlarına görə, sentyabrın 11-də keçiriləcək Ümumrusiya vahid səsverməsi günündə Ukraynanın işğal olunmuş ərazilərində “referendum” keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, Skibitski deyib ki, kəşfiyyat orqanında müharibənin aktiv fazasının bu ilin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır: “Rusiya-Ukrayna müharibəsi uzun sürəcək. Çünki Rusiya diktatoru öz mövqelərini itirmək və işğal olunmuş ərazilərdən imtina etmək fikrində deyil. Hazırda Rusiya ordusunun qarşısına qoyulmuş tapşırıq şərqdə Ukrayna qüvvələrini mühasirəyə almaq, Luqansk və Donetsk vilayətlərinin sərhədinə çıxmaqdır. Rusiya hərbçiləri öz planlarını hər ay korrektə edirlər. Kəşfiyyat orqanında güman olunur ki, hərbi əməliyyatların aktiv fazası ilin sonlarına qədər davam edəcək. Aktiv fazanın sentyabr, oktyabr ayları, yoxsa ilin sonuna qədər davam edəcəyi bizim müqavimətimizdən, müdafiə qüvvələrimizin vəziyyətindən və bizə edilən yardımdan asılı olacaq”.

Skibitski deyib ki, Putinin ad günü ərəfəsində rusiyalı generallar ona “hədiyyə” hazırlamaq fikrindədirlər: “Oktyabrın 7-də Putinin 70-ci ad günü qeyd olunacaq və hərbçilər böyük ehtimalla diktatora “hədiyyə” hazırlamaq istəyəcəklər”.

Bununla yanaşı, daha bir maraqlı məqama toxunan kəşfiyyat orqanı təmsilçisi deyib: “İlin sonuna yaxın, qışda soyuq olacaq və deyirlər ki, Ukrayna danışıqlar prosesinə gedəcək”.

Qeyd edək ki, Skibitskinin bu fikri birmənalı qarşılanmayıb və hazırda onun söylədiklərilə bağlı diskusiyalar gedir. Çünki bu deyilənlər rəsmi Kiyevin mövqeyilə müəyyən ziddiyyətlər təşkil edir. Artıq Prezident Volodimir Zelenski və digər rəsmilər dəfələrlə Rusiya işğal olunmuş ərazilərdən çıxmayınca, yaxud çıxarılmayınca danışıqlara getməyəcəklərini bildiriblər. Danışıqlar olacağı halda belə, bunlar yalnız işğalçı qoşunların ölkə ərazisini tərk etməsilə bağlı ola bilər. Skibitskinin söylədiklərindən isə belə anlaşılır ki, Ukrayna istənilən halda, döyüş meydanında hansı nəticə əldə olunmasından asılı olmayaraq qışda Rusiya ilə danışıqlar masasına oturacaq.

Kəşfiyyat orqanı nümayəndəsi Putinin planlarıyla bağlı mövzunun davamı olaraq bildirib ki, Rusiya başçısı “varis planı”ndan imtina edib: “Bizim kəşfiyyat orqanında hesab olunur ki, Putin Rusiyanı həyatının son gününə qədər idarə etməyi planlaşdırır. O, varis ssenarisindən artıq çoxdan imtina edib. Onu xarici liderlər, siyasi elita, iqtisadi blokun nümayəndələri, oliqarxlar inandırmağa çalışıblar. Ancaq bunu etmək mümkün olmayıb. Onun aparmaq istədiyi müharibə uzun olacaq. Bu adam öz mövqelərini vermək istəmir...”

Ancaq Putindən fərqli olaraq, Kremldə və siyasi elitada “Putindən sonrakı Rusiya” barədə düşünənlərin və bununla bağlı müzakirələr aparanların olduğuna dair də məlumatlar yayılır.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın populyar “Meduza” nəşri özünün Kremldəki mənbələrinə istinadla yazıb ki, pərdə arxasında Putinin varisinin kim olacağı da müzakirə edilir: ”Onların arasında Moskva meri Sergey Sobyanin, Dmitri Medvedev və bu yaxınlarda Kremlin Donbas üzrə kuratoru təyin olunan Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kirienko var”.

Xəbərdə qeyd olunur ki, hazırda söhbət dərhal Putinin devrilərək, yerinə kiminsə gətirilməsindən getmir: “Lakin Kremldə tez-tez “Putindən sonrakı gələcək” mövzusu müzakirə olunur və anlaşılır ki, “kifayət qədər görünən perspektivdə” ölkəni o odarə etməyəcək”. 

Bununla yanaşı, Kremldə hesab edirlər ki, Putin öz postunu yalnız səhhətinin ciddi şəkildə pisləşməsi halında tərk edə bilər.



Ana səhifəyə qayıt        Baxış: 3 541          Tarix: 27-05-2022, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma