Xəbər lenti

Stokholmda Quranın yandırılması səbəbindən Ankaranın dayandırdığı Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm görüşləri bu gün Brüsseldə yenidən başlayır.

Musavat.com xəbər verir ki, görüşdən əvvəl İsveçin baş naziri Ulf Kristersson diqqətçəkən açıqlamalar verib.

O, İsveçin terror təşkilatı PKK-ya qarşı daha sərt tədbirlər görməyə başladığını və bu gün səsə qoyulması gözlənilən terrorla bağlı yeni qanun layihəsinin 1 iyunda qüvvəyə minəcəyini bildirib.

“Bu qanunla terror təşkilatlarına qoşulmaq və maliyyə ilə təmin etmək qadağan olunacaq” - Kristersson deyib.

Ötən gün NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında da danışan Kristersson yeni qanun layihəsi ilə İsveçin terrorla mübarizədə Türkiyə qarşısında üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə inandığını bildirib:

“İsveçin hüquq-mühafizə orqanları terror üçün pul toplayan PKK üzvlərinə qarşı daha sərt tədbirlər görür. Əvvəllər biz İsveçdəki terror təşkilatlarının maliyyə fəaliyyətini kifayət qədər ciddi qəbul etmirdik. İndi biz buna ciddi yanaşırıq. Bilirik ki, PKK-ya pul toplayan insanlar müxtəlif cinayət üsullarına əl atırlar və bundan terroru maliyyələşdirmək üçün istifadə edirlər. Hökumətin mütəşəkkil cinayətkarlıqla mübarizəyə diqqət yetirməsi PKK-nın işini çətinləşdirəcək”.

Stoltenberq də isveçli nazirin sözlərinə dəstək verib:

“İsveçin terrorla mübarizədə yeni qanunlar qəbul edərək, Ankara ilə əməkdaşlığı gücləndirərək, PKK da daxil olmaqla, terrorla mübarizədə addımlar atmasını alqışlayıram. Mən həmçinin İsveçin Türkiyəyə silah ixracında heç bir məhdudiyyətin olmamasını təmin etmək səylərini alqışlayıram. İsveç Üçtərəfli Memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Ancaq İsveçin gördüyü bu tədbirlərin Türkiyə üçün kafi olub-olmayacağı yaxın həftələrdə müəyyənləşəcək. İsveç də Finlandiya kimi iyulda keçiriləcək NATO sammitində alyansa üzv olmağa ümid edir".




Ana səhifəyə qayıt        Baxış: 3 503          Tarix: 9-03-2023, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma