Xəbər lenti

 
İsveç rəsmi dairələrinin mediaya sızdırdıqları məlumata görə, bu ölkə ilə bərabər Finlandiya gələn həftənin ilk günlərində NATO-ya üzvlük üçün müraciət edəcəklər. Hər iki ölkənin siyasi və mədəni xarakteri Qərb standartlarına uyğun olduğundan alyansın bu müraciətə tezliklə “yaşıl işıq” yandıracağı şübhə doğurmur. 
 
Bununla belə, İsveç və Finlandiyanın alyansa qəbul olunması asan başa gəlməyə bilər. Məsələ burasındadır ki, NATO-nun Şərqə doğru genişlənməsini öz təhlükəsizliyi üçün ciddi təhdid kimi görən Rusiyanın sözügedən Baltik ölkələrinin bu addımına səbrlə yanaşması da mümkün görünmür. Eynilə Ukraynada olduğu kimi, Rusiyanın xüsusilə Finlandiyaya sərt cavab vermə ehtimalı var və bu xüsus onların və tərəfdaşlarının gözündən yayına bilməz.
 
Ovqat.com-un məlumatına görə, Rusiyaya qarşı siyasətlərin baş müəllifi Böyük Britaniya məhz bu amilləri nəzərə alıb dünən İsveç və Finlandiya ilə təhlükəsizlik sazişi imzalayıb.
 
Ölkələr NATO-ya üzvlük üçün müraciət etməmişdən əvvəl bu addımı İsveçin paytaxtında baş atıblar. Dünən Stokholmda əvvəl isveçli həmkarı Maqdalena Andersson, sonra isə Finlandiya prezidenti Sauli Niinistö ilə görüşən Böyük Britaniyanın baş naziri Boris Conson tərəf müqabilləri ilə təhlükəsizlik sazişi bağlayıblar. İmzalanma mərasimindən sonra açıqlama verən Conson İsveç və Finlandiyaya hücum ediləcəyi təqdirdə ölkəsinin onlara lazımi hər cür köməkliyi göstərəcəyinə söz verib.


 
Qeyd edək ki, bundan əvvəl Conson və Niinistö Osloda bir araya gəlmiş, ikitərəfli görüşdən sonra təhlükəsizlik sahəsində əməkdaşlıq, kəşfiyyat məlumatlarının mübadiləsi və birgə hərbi əməliyyatları əhatə edən təhlükəsizlik bəyannaməsi imzalamışdılar. Osla görüşündən sonra keçirilən mətbuat konfransında açıqlama verən Boris Conson imzalanan bəyannamənin Finladiyanı rus təcavüzündən qorumaq məqsədi daşıdığını gizləməmiş, Rusiyanın Ukraynaya təcavüzünün Avropanın “təhlükəsizlik tənliyini büs-bütün dəyişdiyinə” diqqət çəkmişdi. “Soyuq Müharibədən sonrakı dövrün bitdiyini gördük və Ukraynanın işğalı təəssüf ki, önümüzdə yeni bir səhifə açdı”, - deyə Conson bildirmişdi.
 
Böyük Britaniyanın Baş naziri dünən Stokholmda keçirdiyi mətbuat konfransında da eyni fikirləri təsdiqləyib. O, jurnalistlərin “Finlandiya ilə Rusiya arasında mümkün münaqişə durumunda Helsinki hərbi yardım istərsə, Londonun cavabı nə olacaq” sualına cavab verərək deyib: “Əgər ikimizdən birinə hər hansı hücum olarsa və ya başqa fəlakətlərlə qarşılaşarsaq, bəli, biz bir-birimizin köməyinə gedəcəyik, o cümlədən hərbi dəstək verəcəyik".
 
Bəs, yeni hərbi müttəfiq müttəfiqlərin bu addımına Rusiya necə cavab verəcək?
 
Xatırladaq ki, bir müddət əvvəl Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət edəcəkləri xəbəri yayılarkən Rusiyanın buna reaksiyası çox sərt olmuşdu. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev həmin ölkələrin NATO-ya üzvlüyü ehtimalı barədə “Telegram” səhifəsində paylaşdığı bəyanatında bu addımı atarlarsa, Finlandiya və İsveçi düşmən kimi görəcəyini açıqlamışdı:


 
 “İsveç və Finlandiya NATO-ya qoşulmaq imkanlarını müzakirə edir. ABŞ hər imkanda Şimali Avropa ölkələrinə “Welcome!” deyir. Sadəcə qapımızı döyün, sizi dərhal evə dəvət edək. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq”, - Medvedyev yazmışdı.
 
Sirr deyil ki, Putin hakimiyyəti digər dövlətləri 3 əsas kateqoriyaya bölür: “dost ölkələr”, “qeyri-dost ölkələr”, “düşmən ölkələr”. Medvedyevin, NATO üzvü olacağı şübhə doğurmayan Finlandiya və İsveçi birbaşa ən uc qarşı tərəfə - “düşmən dövlət” kateqoriyasına aid etməsi Kremlin məsələyə nə qədər həssas yanaşdığının göstəricisidir. 
 
Növbəti sual: Rusiyanın bu həssasiyyəti nədən qaynaqlanır?
 
Səbəblərdən birinə Medvedyevin özü bəhs etdiyimiz paylaşımdında belə aydınlıq gətirmişdi: “İsveç və Finlandiya NATO-ya daxil olsa, Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu 2 dəfə artacaq”. 


 
Məlum olduğu kimi, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl NATO ilə quru sərhədlərinin uzunluğu 1215 km idi. Ukrayna savaşı ilə Rusiya öz potensial müttəfiqi və milli mənsubiyyət baxımından ən yaxın strateji ortağı, qardaş sayılan dövləti də NATO-nun qucağına atdı. Nəticədə Ukrayna rəsmən NATO-nun üzvü olmasa belə, alyans ölkələrinin hərbi yardımları ilə faktiki olaraq onun Rusiya ilə savaşı belə gözə alan cəbhə xəttinə çevrildi. 
 
Ukrayna-Rusiya arasındakı quru sərhədləri 2000 km-ə yaxındır. Hətta Ukraynanı hesaba qatmasaq, Finlandiya və İsveç alyansa üzv olduqdan sonra quru alyansın Rusiya ilə sərhədin uzunluğu 2555 km olacaq. Ukrayna ilə isə bu rəqəm 4500 km-ə yüksələcək. Bir də hesaba dəniz sərhədlərini əlavə etsək, hesab kəllə-çarxa çıxar. Təbii ki, bütün bu sərhədləri qorumaq üçün Rusiyanın öz ordusunun sayını xeyli artırması tələb olunacaq. Prinsipcə, Medvedyev də öz bəyanatında bu təhlükəni istisna etməyib:
 
Təbii ki, bu sərhədləri möhkəmləndirmək lazım gələcək. Quru qoşunları və HHM ciddi şəkildə gücləndirilməli, Fin körfəzi hövzəsində xeyli hərbi-dəniz qüvvələri yerləşdirilməlidir. Bu halda, Baltik dənizinin nüvəsiz statusundan söhbət belə gedə bilməz. Balans bərpa edilməlidir. İndiyədək Rusiya belə addımlar atmırdı və atmağa da hazırlaşmırdı”.
 
Göründüyü kimi, rus rəsmiləri, hər çətinliyə düşəndə əllərində dəstəvuz etdikləri nüvə təhdidini bu məsələdə də dilə gətirib. Bu da NATO qüvvələrinin Finlandiya və İsveçdə nüvə silahları yerləşdirməsinə yol aça bilər. Nəticədə Rusiya Sankt-Peterburqun cəmi 150 km-liyində, yəni tam burnunun ucunda nüvə qoxusu ilə yaşamağa məhkum olunacaq.


 
Finlandiya və İsveçin NATO-ya üzv olarsa Rusiya üçün yaracaq ən ciddi təhdidlərdən biri Baltik dənizinin onun üzünə bağlanmasıdır. Bildiyimiz kimi, Rusiyanın dünyaya açılan iki mühüm dəniz qapısı var: Qara dəniz və Baltik. Ukrayna savaşı Rusiyanın Qara dəniz vasitəsilə dünya okeanlarına çıxışında böyük problemlər yaratdı. Finlandiya və İsveçlə yaşanacaq bənzər gərginlik, təbii ki, Baltik dənizini də onun nəzarətindən çıxması ilə nəticələnə bilər. Bu isə Rusiyanın Qərb ölkələrinə dəniz yolunu tamamilə itirməsi anlamına gəlir.
 
Digər mühüm problemlərdən biri Rusiyanın Baltik dənizinin orta sahillərində yerləşən eksklavını – Kalininqradı itirmək təhlükəsidir. NATO donanmasının lövbər salaraq faktiki bağlayacağı Kalininqrada yeganə nəqliyyat dəhlizinin Rusiyanın əlindən çıxması Moskvanı Finlandiya və İsveçlə yanaşı Litva və Polşa ilə də müharibəyə sürükləyə bilər. Çünki Kalininqrada ən yaxın çıxış nöqtəsi bu iki ölkə sərhədlərinin birləşdiyi “Suwalki” dəhlizidir. Belarusun Litva və Polşa sərhədlərindən başlayaraq Kalininqrad vilayətinin cənubuna qədər uzanan bu dəhliz cəmi 100 km. uzunluğunda olsa da, onun işğal edilməsi Rusiya üçün çox baha başa gələ bilər. Çünki bu addımı atacağı təqdirdə, o, NATO-ya hücum etmiş sayılacaq. Alyansın bu təcavüzə laqeyd qalması isə mümkün deyil. 


 
Fəqət Finlandiya və İsveçin NATO-ya üzv olması sonra Baltik dənizindən keçid rahatlığını itirən Rusiyanın bir vaxtlar Almaniyadan qopararaq aldığı Kalininqrada sahib çıxmasının başqa alternativi yoxdur, əks halda Moskva bu vilayəti itirmək perspektivi ilə razılaşmalıdır.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 784          Tarix: 12-05-2022, 09:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma