Xəbər lenti
Dünən, 19:25

Ermənistanla delimitasiya və demarkasiya zamanı ərazi dəyişmək mümkündürmü?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən ay Vaşinqtonda keçirilən görüşündə Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı müzakirələrin aparıldığı iddia olundu. Məlumata görə, XİN başçıları görüşlər zamanı anklavlar mövzusuna da toxunublar. Lakin danışıqların detalları rəsmi şəkildə açıqlanmadığından, söhbətin hansı istiqamətdə getdiyi, işğal altında qalan kəndlərin azad olunması ilə bağlı danışıqlarda irəliləyiş olub-olmadığı məlum deyil. Son günlər yayılan xəbərlərə görə isə Ermənistan Qazaxın işğaldakı 7 kəndinin və Naxçıvanın işğaldakı Kərki kəndinin əvəzində Gədəbəydəki Başkənd kəndinin onlara verilməsini istəyir. Ermənilər bu tələblərini həmin kəndlər kimi Başkəndin də anklav olması ilə əsaslandırmağa çalışırlar.

Bəs Qazaxın işğaldakı 7 kəndi və Kərki kəndi ilə Başkəndin dəyişdirilməsi mümkündürmü və strateji əhəmiyyətinə görə, bu kəndlərin hansı daha əhəmiyyətlidir? Bəzi iddialara görə Başkənd əslində daha strateji əhəmiyyətə malikdir, ona görə də həmin ərazini Ermənistana vermək olmaz. Belədirmi?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, strateji baxımdan Qazaxın hazırda işğalda olan 7 kəndi, həmçinin Naxçıvanın Kərki kəndi Başkənd qədər Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir:

“Dünya təcrübəsində də var ki, delimitasiya və demarkasiya həyata keçirilən zaman qarşılıqlı razılaşmalar əsasında əraziləri dəyişmək mümkündür və buna yol verilir. Amma nəzərə almaq lazımdır ki, ərazi dəyişməsi sərhəd xəttindəki ərazilər hesabına aparıla bilər. Başkənd isə sərhəddə deyil, onu da nəzərə almaq lazımdır ki, Başkənd Azərbaycan ərazisi olub və SSRİ dövründə qanunsuz olaraq Ermənistana otlaq sahəsi olaraq verilib. İkincisi, qeyd etdiyimiz kimi, 8 strateji əhəmiyyətli kəndlərimizi güzəştə getmək olmaz. Əgər o kəndləri Ermənistana güzəştə getsək Qazaxın 16-17 kilometrliyində Ermənistan sərhədi qurulacaq və Ermənistan sərhədi Azərbaycanın Qərb istiqamətə gedən Gürcüstan yoluna xeyli yaxınlaşmış olacaq. Ona görə də bu məsələni nəzərə almaq lazımdır. Başkəndin əvəzinə Qazaxın həmin 7 kəndini yox, sərhəd xəttindəki xüsusi strateji əhəmiyyət kəsb etməyən müəyyən ərazini delimitasiya zamanı danışıq predmetinə çevirmək olar. Lakin bir Başkəndə görə hazırda işğalda olan Qazaxın 7 kəndini və Kərki kəndini güzəştə getmək olmaz”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, ermənilərin şərtlərlə danışması absurddur:

“Onlar Azərbaycana qarşı cinayət törədib, torpaqlarımızı işğal edib, 30 il ərzində sərvətlərimizi talan edib, soyqırım törədib, minlərlə insanımızı qətlə yetiriblər. Bütün bunlardan sonra Ermənistanın hansısa şərt irəli sürməsinə yol vermək olmaz: “Üstəlik Vətən müharibəsində biz qalib gəlmişik, biz təzminat da daxil olmaqla şərtləri irəli sürməliyik. Başkənd Azərbaycana məxsus yaşayış məntəqəsidir, sovet işğalı dövründə ermənilərə otlaq yeri kimi müvəqqəti istifadəyə verilmişdi. 1992-ci ildə həm ermənilərin daimi təxribatlarını, həm qanuni haqlarımızın bərpa olunmasının vacibliyini nəzərə almaqla həmin yaşayış məntəqəsində hakimiyyətimizi bərpa etmişik. Ona görə də qanuni torpaqlarımızı heç bir halda güzəştə getməməliyik. Digər tərəfdən , Başkənd ciddi strateji əhəmiyyətə malikdir, həmin yüksəklik geniş əraziyə nəzarət üçün vacibdir. Ermənilərə siyasi möhtəkirlik imkanı verməməliyik. Qazağın 7, Sədərəyin 1 kəndi Azərbaycanın qanuni yaşayış məntəqələridir. Bunu dünya da, SSRİ-nin bütün xəritələri də təsdiq edir. Onlar qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 458          Tarix: 5-06-2023, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma