Xəbər lenti
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
Ordumuzun tam formalaşmadığı və vahid komandanlıqdan idarə olunmadığı vaxtlarda, ermənilər üzərində qazandığımız qələbələrimiz az olmayıb. Həmin vaxtlarda, Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq uğurlu əməliyyatatlardan biri də, 8 avqust 1992-ci ildə həyata keçirilmiş Başkənd əməliyyatıdır. Əməliyyat nəticəsində həm Gədəbəy rayonunun işğal altında olan 2 kəndi, həm də 4600 hektardan artıq tarixi torpaqlarımız azad edilib. Başkənd əməliyyatının uğurlu aparılmasını əsas səbəblərindən biri, ixtisaslı kadrların vəziyyəti normal dəyərləndirməsi və çəkilən planın dəqiqliyidir.
Ordu.az-ın budəfəki müsahibi Mutudərə və Qasımağalı kəndləri istiqamətində döyüşlərə rəhbərlik edən Dilqəm Əliyevdir. O, 1963-cü il noyabrın 6-da Şəmkir rayonunda anadan olub. Dilqəm Əliyev rus ordusunda xidmət edən ixtisaslı kadrlardan biridir. O, 1982-ci ildə Bakı Ali Hərbi Ümumqoşun komandirləri məktəbində təhsil alıb. 1986-cı ildə həmin məktəbi bitirdikdən sonra, təyinatla Lvovdakı Krikorpat hərbi dairəsində xidmət edib.
Dilqəm Əliyev, Azərbaycanda Milli Ordunun yarandığı zaman rus ordusunda xidmət etməkdən imtina edərək Azərbaycana qayıdır və Şəmkir özünümüdafiə batalyonunun yaranmasında yaxından iştirak edir. Başkənd əməliyyatı zamanı ermənilərin işğal etdiyi Mutudərə və Qasımağalı kəndləri onun rəhbərliyi altında işğaldan azad edilir.
Komandir, bu gün ermənilərin qorxulu yuxusuna çevrilən əməliyyatlardan biri də Başkənd əməliyyatıdır. O zaman bu əməliyyatın bizim üçün əhəmiyyəti nə idi?
- Bilirsiniz, hərbidə belə bir anlayış var: ilkin tapşırıq və sonrakı tapşırıq. Tarixə nəzər salsaq görərik ki, ermənilər Azərbaycana qarşı apardıqları ərazi iddialarında, gələcəkdə əməliyyat aparacaqları əraziləri çox dəqiqliklə işləyiblər. Onlar ərazilərin işğal planını elə taktika ilə hazırlayıblar ki, bir erməni kəndi bir neçə azərbaycanlılar yaşayan kəndi öz təsiri altında saxlaya bilsin. Bunlardan biri də məhz Başkənd olub. Ermənilər uzun illərdir ki, Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsində bu taktikadan istifadə edib və çox zaman uğur qazanıblar.
Bu kəndlərdən biri də Başkənd olub. Əgər Başkənddə əməliyyatlarımız uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx mahalının 26 kəndinin birbaş mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. Həmin 26 kənd ələ keçirilsəydi, bütün əsas yüksəkliklər ermənilərin nəzarətinə keçərdi.
- Başkənd istiqamətindəki yüksəkliklərin ermənilərin məzarətində olması bizim üçün nə dərəcədə təhlükəli hesab edilirdi?
- Hərb elminin də bir qanunu var. Yüksəklik kimdədirsə, güc də ondadır, o da “oyunların” idarəedicisidir. Belə olan halda da qarşı tərəf bu hakimliyin istənilən “havasına” oynamaq məcburiyyətindədir. Ona görə də hərbidə bir anlam var, aşağıda “qapazaltı” olmamaq üçün, yüksəskliklərə hakim ol və o zaman diktə edən tərəf sən olacaqsan. Ermənilərin də hazırladığı ilk plan bu idi. Başkəndlə, Ermənistanı birləşdirmək və 26 kəndi yer üzündən ümumiyyətlə silmək... Bu, həmin istiqamətdə olan yüksəkliklərə hakim olan ermənilərin təkcə Gədəbəyin 26 kəndini nəinki işğal altına saxlaması, həm də Gədəbəy rayon mərkəzinə qədər hava nəzarətini ələ keçirmələri demək idi.
Sonralar bizim əsir götürdüyümüz yüksək rütbəli ermənilərdən biri, planlarının daha böyük olduğunu dedi. Ermənilər əgər həmin yüksəklikləri əldə etmiş olsaydılar, ordan Gədəbəy rayon mərkəzini artilleriya atəşinə tutaraq, dinc sakinlər arasında ajiotaj yaradacaqdılar. Belə olan halda da dinc əhali yaşayış yerlərini tərk etməli olacaqdı. Qalan yaşayış məntəqələrində yalnız əsgərlərimiz olacaqdı ki, ermənilər də minimum qüvvə ilə hücum edib böyük bir ərazini ələ keçirəcəkdilər. Əgər Gədəbəy ələ keçirilsəydi, o zaman Gəncə-Şəmkir-Tiflis yolu da tam onların nəzarətinə keçəcəkdi.
- Başkənd Gədəbəy kəndlərinin əhatəsində idi və Ermənistanla faktiki birləşməsi yalnız kəndlərimizin işğalından sonra baş verə bilərdi...
- Bəli, Başkəndi Ermənistanla birləşdirən bir tək avtomobil yolu varıydı. O da Başkənd-Krasnasersk yoludur. Bu yol da Gədəbəyin Mutudərə aşırımından keçirdi. Bu yolu ermənilər Başkənd üçün, həyat yolu adlandırırdılar. O vaxtkı hakimiyyətin səriştəsizliyi, əhaliyə yaxşı diqqət göstərməmələri burada yaşayan yerli azərbaycanlılarda inamsızlıq yaradırdı. Bu da səbəbsiz deyildi. O vaxt ermənilərdə ən yüngül silah olan özüdoldurulan tüfəng olduğu halda, azərbaycanlılardan adi ov tüfəngi belə yığılmışdı.
- Ordunun tam formalaşmadığı bir vaxtlarda bu əməliyyat uğurlu alınmışdı. İddia edilir ki, Başkənd planı “yuxarılar”da hazırlanıb. Əslində bu planı kim hazırlamışdı?
- Doğrudur, o cür iddiaları dəfələrlə eşitmişəm. Amma bu halda cavabsız suallar yaranır. Hərbidə belə bir qayda var. Plan hazırlanmadan öncə yerə baxış keçirilir, əməliyyat rayonu ilə yaxından tanış olunur. Hərbi hissə komandanlığı tərəfindən əməliyyat xəritəsi çəkilməlidir. Komandir heyəti taqım komandirinə qədər hər bir kəs əməliyyat xəritəsilə tanış olub qol çəkməli, rabitə əlaqələri müəyyənləşdirilməlidir. Rabitədə isə hər istiqamətdən gələn bölmələrin parolları müəyyənləşdirilir. Yalnız bundan sonra, bütün heyətə tam döyüş hazırlığı əmri verilir.
Mən o vaxt hərbi hissə komandirinin silahlanma üzrə müavini vəzifəsində idim. Bu səbəbdən də həm əməliyyata rəhbərlik edənləri, həm də əməliyyat planını bilməliydim. O vaxt yanımızda baş verən bütün prosesləri yaxşı bilirdim. Bizim əməliyyata korpusdan gələn heyət rəhbərlik etməliydi. Lakin həmin gün mən orada korpusun artilleriya rəisi polkovnik leytnanat Rafayıl Əsədovdan başqa kimsəni görmədim. O iddia ilə danışanlardan soruşmaq lazımdır ki, yuxarıda sadalananların hansı baş verib?... Başkənd Azərbaycan oğullarının yüksək vətənpərvərliyi və rəşadəti hesabına azad edildi. Mən sizi tam əmin edirəm ki, Başkənd əməliyyatı heç bir yerdə hazırlanmamışdı. Elə bir adam varsa, gəlsin əməliyyat planını və orada atdığı imzasını göstərsin.
- Bəs Başkənd əməliyyatı kimin fikiriydi. Bu əməliyyatın əhəmiyyətlilik dərəcəsini kim qiymətləndirmişdi?
- Şınıxın 26 kəndinə gedən yol Başkəndin içərisindən keçirdi. Kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilirdi. Tək-tək hallarda, gediş-gəlişin olduğu halda isə ermənilər avtomobilləri atəşə tutur, dinc sakinləri öldürürdülər. Çobanları güllələyib qoyunlarını aparır, benzin daşıyan maşının sürücüsünü öldürüb maşını ələ keçirirdilər. Bu hadisələrin davamlı gedişatı könüllüləri çox sıxırdı. Artıq özünümüdafiə batalyonlarında olan dəstələr konkret hərəkətə keçməyi təkidlə tələb edirdilər.
- Az öncə dediniz ki, o vaxtı pərakəndəlik çox idi. Hər kəs öz bildiyi kimi, əmrlər verirdi. Ordunun tam formalaşmadığı dövrdə, keçirilən bu əməliyyatda Sizə Ağstafa, Tovuz və Daşkəsəndən kömək gəlib. Bu əlaqələri necə qurmuşdunuz?
- Ətraf rayonlardan gələn köməkçi qüvvlərin də bu əməliyyatın uğurlu alınmasında çox böyük köməyi oldu. Buna necə nail olduq? Ətraf rayonlarda formalaşan silahlı dəstələr, hansı bölgədə erməni hücumu intensivləşirdisə, o istiqamətə köməyə gəlirdi. Başkənd tərəfdə də ermənilərin aktivliyi artdıqca, bu istiqamətdə ermənilərin tez bir zamanda hücum edəcəkləri gözlənilən idi. Buna görə də biz ətraf rayonlarla əlaqələr saxladıq.
Qazax istiqamətindən Salmanov Eldarın komandirliyi altında tank bölüyü, Hacıyev Ərəstunun başçılıq etdiyi artilleriya batareyası, Ağstafadan Maqsud Aşurovun rəhbərlik etdiyi reaktiv artilleriya batareyası, Daşkəsən rayonundakı batalyondan bir bölük, Bakıdan 20 nəfərə yaxın xüsusi təyinatlı dəstə gəlmişdi. Həmin dəstə Qaradağ postundan, Şəmkir batalyonu isə Tovuz rayonunun Göyəbaxan kəndi və Gədəbəyin Saratovka kəndi istiqamətindən Başkəndə girmişdi.
- Əməliyyat zamanı, ermənilər nə qədər itki verdi və Başkənddə yaşayan dinc sakinlər necə oldu?
- Əməliyyat avqustun 3-də olmalı idi. Lakin hansısa qüvvələr əməliyyatın olmasına mane olurdular. Bu səbəbdən də əməliyyat bir neçə gün ləngidi. Biz ayın 8-də hücuma keçəndə kənddə yalnız silahlılar qalmışdı. Bu əməliyyatda əsas hədəflərdən biri, Xocalıda girov götürülən soydaşlarımızla dəyişdirilmək üçün, maksimum dərəcədə əsir götürülməsi idi. Başkənddə 10 minə yaxın erməni yaşayırdı. Əməliyyat günü ermənilər Başkəndin özündə 26 nəfərə yaxın itki verdilər. Amma ən çox itgiləri Mutudərədə oldu.
Ayın 6-da ermənilər Mutudərə və Qasımağalı kəndlərini işğal edərək həmin kəndlərdə nəzarəti tam ələ keçirdilər. Görürsünüz, ermənilərin əsas hədəfi necə də uğurlu alınmışdı. Bu kəndlərin işğalı ilə Başkənd az müddətdə olsa da Ermənistana birləşdirildi. Düşmən elə zənn edirdi ki, biz onların bu üstünlüyündən ruhdan düşərək geri çəkiləcəyik.
- Bəs Mutudərəni müdafiə etmək mümkün deyildimi? Ayrı-ayrı silahlı dəstələrin də olduğunu qeyd etdiniz, yəni o dəstələrin silahlanması müdafiəyə imkan vermirdi?
- Əlbəttə ki, müdafiə mümkün idi. Mən dəqiq bilirdim ki, müdafiə olunmaq üçün bizim silahlarımız kifayət qədərdir. Qaradağ postu istiqamətində baş leytnant Əsgər Əsgərovla yanaşı, taqım komandiri leytenant Nazim Əliyevin rəhbərlik etdiyi 15 nəfərlik dəstəmiz də vardı. Onların tabeçiliyində 1 ədəd D-44 markalı 85 mm-lik top, bir də NURS S-5 markalı idarə olunmayan reaktiv mərmi var idi. Ərdağının başında 100 mm-lik top, qəbristanlığın altında 37 mm-lik avtomatik gəmi topu, bir ədəd NURS, bir ədəd desant döyüş maşını, 2 ədəd BTR, 2 ədəd D-44 markalı 85 mm-lik top, 1 ədəd də QSM 59 markalı üstündə pulemyot quraşdırılan maşın, 9 ədəd döyüşə tam hazırlıqlı texnika və sursat, təxminən 200-ə yaxın canlı qüvvə var idi. Bu qədər silahın olmasına baxmayaraq, ermənilər 40 nəfər canlı qüvvə və iki dənə tankla hücum edirdilər. Orada məğlub olmağa gəlincə, deyə bilərəm ki, bəzi qüvvələr əsgərlərimizin içində ruh düşkünlüyü yaratmağa nail olmuşdular. Mutudərədə olan məğlubiyyətin əsas səbəbi məhz ruh düşkünlüyü idi.
- Bəs Mutudərənin erməni işğalından azad edilməsi üçün keçirilən əməliyyat necə baş tutdu. Ümumiyyətlə bu kənd ermənilərdə neçə gün qaldı?
- Mən artıq biləndə ki, Mutudərədən bizim qüvvələr geri çəkilib, kənd artıq ermənilərdə idi. O zaman 2 ədəd BMP götürüb həmin istiqamətə getdim. Mən Mutudərəyə gedən çayın içərisində rəhmətlik topçu İsgəndər Aznaurovla rastlaşdım. O da “Qrad”la gedirdi. Maşını da Şəmkirin Dəllər qəsəbəsindən olan rəhmətlik Sahib Həsənov sürürdü. Həmin istiqamətdə Tovuz rayonundan gələn dəstə ilə rastlaşdıq. Həmin dəstədə təxminən 20-25 nəfər var idi. Onlar da bizə qoşuldu. Bu dəstənin də əlində ZU 23-2 markalı zenit qurğusu varıydı ki, o da “Kamaz”ın üstündə quraşdırılmışdı. Daha öncə geri çəkilən uşaqlar da irəli getdiyimizi görüb qayıtdılar.
Dəstələr cəm olduqdan sonra, kəndin sol istiqamətindəki yüksəkliyə çıxdıq. Oradan ermənilərin mövqeləndiyi yerləri qismən də olsa görmək mümkün idi. Bir neçə atəşlə Ərdağında ermənilərin yerləşdirdiyi topu sıradan çıxarmağı bacardım. Bundan sonra bir 37 mm-lik gəmi topunu, dalınca desantın döyüş maşınını, 2 ədəd BTR, 1 ədəd tankı sərrast atəşlə məhv etdim. Bundan sonra ermənilərin içərisində sözün əsl mənasında xof yarandı. Onlar artıq zirehli texnika və qurğuların sıradan çıxdığını görüb, bir az geri çəkildilər. Bir neçə saatdan sonra əlavə köməkçi qüvvələrlə yenidən hücuma keçdilər. Hücumun qarşısını alanda onların 1 ədəd BMP 1 və 1 ədəd BMP 2-lərini vurduq.
Avqustun 7-də, axşam 18:00 radələrinə qədər bu uğurlarımız oldu. Axşama doğru qonşu rayonlardan gələn köməkçi dəstələrdən biri geri çəkildi. Onların geri çəkildiyini görən ermənilər yenidən hücuma keçdilər. Mən apardığım BMP-lərdən biriylə dayanmadan atəş açırdım. Hücumun qarşısının alınması üçün, bizdən aşağıda İsgəndər Aznaurov da artilleriya ilə dayanmadan atəş açırdı. Ermənilərin bizə qarşı əks-hücumu gecə saat 23:00 qədər davam etdi. Həmin saatlarda Qazaxdan Eldar Salmanovun rəhbərlik etdiyi tankçılar bizə köməyə gəldilər. Tankların gəldiyini görən ermənilərin hücumu azacıq səngidi.
Avqusutun 8-i hücum əmrini verdim. İlk həmlə ilə Mutudərəni və Qasımağalını tam olaraq nəzarətimizə qaytardıq. Hücum sona çatanda bəzi dəstələrimizin əlində olan sursatlar təmamilə qurtarmışdı. Mutudərədə biz patron və mərmilərin gəlməsini gözləyirdik. Bizim tərəfdən atəşin səngidiyini görən ermənilər yenidən hücuma keçdilər. Durduğumuz yer hücuma keçən ermənilər tərəfindən açıq görünürdü. Uşaqlara onların görəcəyi bir şəkildə ərazidən çəkilməyi əmr etdim. Oturduğum BMP-nin mühərrikini söndürməmişdim. Ümumiyyətlə, aktiv döyüş vaxtlarında hərbi texnika daim işlək vəziyyətdə olur. Mən BMP-dən düşmədim. Uşaqlar gəlməyimlə bağlı təkid etsələr də, onlara cəld ərazini tərk etmək və maksimum dərəcədə patronları tez gətirməyi tapşırdım. Texnikanın içində oturub ermənilərin tam yaxınlaşmasını gözləyirdim. Əsgərlərimin geri çəkildiyini görən ermənilər elə zənn etdilər ki, artıq BMP-ni qənimət kimi ələ keçiriblər. Daha bilmədilər ki, bu BMP siçanı məhv etmək üçün, tələnin üzərinə qoyulan “pendir”dir...
Ermənilər sərbəst bir şəkildə mənə yaxınlaşmışdılar. Onlarla mənim aramda təxminən 5-6 metrlik bir məsafə yaranmışdı. Onları açıq şəkildə müşahidə edir, danışıqlarını aydın eşidirdim. Ermənilərin 3-ü ayrılıb BMP-yə tərəf gəldi. Onlar ayaqlarını sepin üzərinə qoyub qalxmaq istəyirdilər ki, cəld texnikanı hərəkətə gətirdim. Tam sürətlə silahlı dəstənin içərisinə girdim. Texnikanın tırtılları altında xeyli sayda silahlı qalıb əzilərək məhv oldu. Bunu görən dəstəyə çaxnaşma düşmüşdü. Artıq onlar müqavimət göstərmək yox, qaçmağa başlamışdılar. Mən texnikanı ermənilərin qaçdığı istiqamətdə sürdüm. Qurdlu Dərə deyilən yerə qədər onları təqib etdim. Həmin yerə qədər yalnız ermənilərin leşləri qalmışdı. Ermənilər silahlarını belə atıb qaçırdılar. Bunu görən uşaqlarımız patronsuz, inanın tam olaraq patron olmadan boş silahla ermənilərin üstünə hücuma keçdilər. Artıq bütün çatışmamazlıqlar geridə qalmışdı.
Aparılan əməliyyatın uğurlu nəticəsindən sonra, nəzarətimizdə olan yüksəkliklərdə mövqelərimiz möhkəmləndirildi. Hazırda ordumuzun əsgərləri bu yüksəkliklərdə Ermənistanın bir çox ərazilərini nəzarət altında saxlayırlar.
Daşqın Güneyli
Ordu.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar