Xəbər lenti

“Bəzi məlumatlara görə, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir. Belə olarsa, Azərbaycan Ordusu tərəfindən sərt və adekvat cavab tədbirləri görüləcək, qanunsuz birləşmələrin hərbi infrastrukturu məhv ediləcək”.

Bu fikirləri “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, qanunsuz erməni silahlıların son addımları yenidən hərbi əməliyyatlara hazırlaşdıqları görüntüsü yaradır:

“Bu da Azərbaycan Ordusunun növbəti əməliyyatlar həyata keçirməsi və daha strateji məntəqələri nəzarətə götürməsi ilə nəticələnə bilər. Ermənistan hələ 44 günlük müharibədən öncə də danışıqlar ərəfəsində təmas xətti boyunca daim təxribatlar törədib və təxribatlar itkilərlə nəticələnib. Müharibədən sonra da Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi fonunda aparılan danışıqlar prosesinin uzanmasının da tək səbəbi Ermənistandır. Azərbaycan Ordusu 44 günlük müharibədən sonra da antiterror əməliyyatları keçirib.

İrimiqyaslı hərbi əməliyyatların həyata keçirilməsi, erməni silahlıların Azərbaycan ərazilərindən tamamilə çıxarılması, onların 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinin icrasına məcbur edilməsi kimi məsələlər gözlənilir. Görünür, bütün bunlarla əlaqədar Azərbaycan tərəfi sadəcə olaraq təmkin nümayiş etdirir. Qanunsuz erməni silahlılarının “müdafiə xətti” formalaşdırması, səngərlər qazması yenidən hərbi əməliyyatlara hazırlaşdıqları görüntüsü yaradır. Əgər belə olmasaydı, ermənilər hər iki istiqamətdə - həm sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə, həm də şərti Azərbaycan-Ermənistan sərhədində hücumameyilli müdafiə xəttinin formalaşdırılmasını həyata keçirməzdilər. Təbii ki, Azərbaycan Ordusu bu cür təxribatların qarşısını almaq üçün müvafiq tədbirlər planı hazırlayıb və Ermənistanın atacağı addımlara cavab olaraq əməliyyatın miqyası müəyyənləşdiriləcək”.

“Azərbaycan Ordusu Qarabağın dağlıq hissəsində zəruri, strateji məntəqələri öz nəzarəti altında saxlayır. Bunlar Qırxqız, Fərrux, Sarıbaba yüksəklikləridir ki, ordumuz bu yüksəkliklərdən Xankəndi Hava Limanı, Xocalı şəhəri, Xocalı-Xankəndi yolunu nəzarətdə saxlayır”, - ekspert qeyd edib.

Rusiya sülhməramlılarının fəaliyyətində müəyyən məqamların qənaətbəxş olmadığını deyən hərbi ekspert qeyd edib ki, bununla bağlı hansı tədbirlərin görüləcəyi isə Azərbaycan dövlətinin konkret mövqeyi ilə əlaqədar olacaq:

“Erməni silahlı birləşmələrinə öz dəstəyini əsirgəməyən sülhməramlılarla bağlı müəyyən tədbirlər görüləcək”.

R.Məmmədli vurğulayıb ki, humanitar məqsədli yüklərin Qarabağa aparılması ilə əlaqədar heç vaxt problem olmayıb:

“Bu fakt isə Laçında qurulmuş postu “blokada” kimi təqdim etməyə çalışanlara ən tutarlı cavabdır. Sözügedən postun qurulmasında məqsəd sadəcə hərbi təyinatlı malların Azərbaycan ərazisinə daşınmasının qarşısının alınmasıdır”.




Ana səhifəyə qayıt        Baxış: 2 746          Tarix: 28-06-2023, 20:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma