Xəbər lenti

“Onlar həmişə qadınlarla savaşıblar, kişilərlə döyüşməyiblər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, çeçen müxalifətçisi Abubakar Yanqulbayev anası Zarema Musayevaya verilən amansız hökmə, habelə jurnalist Yelena Milaşinanın döyülməsinə bu sözlərlə sərt təpki göstərib.

Yanqulbayev Ramzan Kadırovun 2006-cı ildə Anna Politkovskayanın qətlindən dərhal sonra onun cinayətdə əli olması ilə bağlı şayiələri şərh edərkən “çeçenlər qadınla mübahisə etmirlər” sözlərini xatırladıb.

Abubakar Yanqulbayev Kadırovun Çeçenistanda yürütdüyü siyasətin onun bəyanatlarına birbaşa zidd olduğunu vurğulayıb: “Onlar həmişə qadınları əsir götürürlər. Onlar üçün qadınlar həmişə zəif halqa sayılıb. Çünki məhz qadınlar vasitəsilə istənilən informasiyanı alırlar. Bunun üçün adi hədə-qorxu belə kifayət edir”.

Yanqulbayev hesab edir ki, Milaşina və vəkil Aleksandr Nemovun döyülməsi birbaşa Moskva ilə razılaşdırılıb.

“Milaşina və Nemovun məruz qaldıqları qəddarlıq və təhqirdə heç bir məna axtarmıram, hücum edənlər hakimiyyətdə olan quldurlara hesabat verməlidirlər. Bütün bunlar Moskva ilə əlaqələndirilir. Bu gün Çeçenistanda gördüklərimiz Rusiyanın gələcəyidir”, - deyə o qeyd edib.

Xatırladaq ki, Nijni Novqoroddakı evindən oğurlanan Çeçenistan Ali Məhkəməsinin keçmiş hakiminin xanımı Zarema Musayeva məhkəmə tərəfindən “dələduzluq” və “zorakılıq tətbiq etmək”də təqsirli bilinərək 5,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görülüb. Səhər saatlarında Musayevanın vəkili Aleksandr Nemov və “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina məhkəməyə gedərkən naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.




Ana səhifəyə qayıt        Baxış: 3 086          Tarix: 4-07-2023, 19:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma