Xəbər lenti

 
Ramazan Kadirovun koronavirusu bəhanə edərək Çeçenistanın sərhədlərini bağlaması, buna etiraz edən baş nazir Mişutsinin etirazlarına əhəmiyyət verməməsi Şimali Qafqazda yenidən gərginliyə səbəb ola bilər. 
 
Ovqat.com-un məlumatına görə, artıq rus ordusu hərbi təlimlər adı altında Çeçenistana daxil olub və qonşu Dağıstana da qatarlarla qoşun yeridir. 
 
Bildirilir ki, hazırda Çeçenistan özünün başdan-ayağa silahlanmış 25 minlik ordusuyla döyüşə tam hazır vəziyyətdədir və onun, hərbi müdaxilə olarsa, ölkəsini qoruyacağına heç bir şübhə yoxdur. Çeçenistan lideri Ramazan Kadirov da bunu öz çıxışlarında açıq şəkildə dilə gətirib. 
 
Qeyd edək ki, Ramazan Kadirov aprel ayının ilk günlərində Baş nazir Mixail Mişutsinlə mübahisəsi zamanı Rusiyanın liberal media qurumlarının başlatdığı qara piar kampaniyasına cavab verərkən Moskvaya qarşı üsyan bayrağı qaldırmışdı.


 
Ramazan Kadırovun bu üsyanı isə səbəbsiz deyil. Xatırlayırsınızsa, Putinin yanvar ayının ortalarında başlatdığı kadr islahatları zamanı Kadirov da istefa bəyanatı vermiş və müvəqqəti olaraq səlahiyyətlərini Çeçenistan Baş naziri Müslim Xuçiyevə verdiyini bildirmişdi. Bəyanatda deyilirdi: "Çeçenistan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Çeçenistanın Baş naziri Müslüm Xuçiyevi 13 Yanvar 2020-ci ildən Çeçenistan Respublikası Prezidentinin müavini təyin etdim".
 
Rusiya prezidenti Vladimir Putin Kadırovun gözlənilməz istefa ərizəsini qəbul etməsə də, çeçen liderin belə bir addım atmağa ehtiyac duyması hələ yanvar ayında Moskva ilə Qroznı arasında sərin küləklərin əsdiyini göstərir. Ziddiyyətlərin körüklənməsi isə Rusiya prezidentinin koronavirusla mübarizə çərçivəsində federal subyektlərə geniş imtiyazlar verməsiylə başlayıb. 


 
Bildirildiyinə görə, martın 25-də xalqa müraciət edən Prezident Vladimir Putin bir həftəlik məcburi tətil elan etdi, daha sonra bu tətil 30 aprelə qədər uzadıldı. Putin müraciətində yerli hakimiyyət orqanlarına koronavirusa qarşı mübarizə aparmaq üçün geniş səlahiyyətlər vermiş, amma "amma səlahiyyətlərinizi də çox şişirtməyin" tövsiyəsini də sözlərinə əlavə etmişdi. Bu günə qədər mərkəzi hökuməti gücləndirməyə meylli siyasətiylə ün qazanan və buna görə də xeyli qınaqlarla qarşılaşan  Putinin epidemiya qarşısında tam federalist mövqe sərgiləməsi bölgələrdə çaşqınlıq yaratmışdı. Hətta Putinin nə etmək istədiyini anlamayan 8 qubernator Moskvanın federal subyektləri koronavirusla mübarizədə tək buraxmasına etiraz edərək istefaya getmişdi. 
 
Putinin bu çıxışından, təbii ki, yararlananlar da olmuşdu. Ən çox yararlanan isə yanvar ayından etibarən Moskva ilə arasında dərin uçurumların yarandığı sezilən Kadırov idi. O, aprelin 1-də koronavirus karantini bəhanəsilə Rusiya ilə bütün əlaqələri kəsdiyini, Çeçenistanda özünütəcrid rejimi başlatdığını elan etmişdi. Ardınca ölkədəki bütün məscidlərdə dini təbliğatları gücləndirmiş və bütün bunlar Rusiyanın yeni hökuməti tərəfindən müstəqillik çıxışları kimi qəbul olunmuşdu. 


 
Kadırovun bu “özünütəcrid” siyasətinə ilk üstüörtülü reaksiya Rusiyanın yeni Baş naziri Mixail Mişutsindən gəlmişdi. Mişutsin Kadırovun adını çəkməsə də bəzi yerli liderlərin sərt karantin tədbirləri aldığını vurğulamış, bunun qanunsuz olduğunu, “özünütəcrid” siyasəti yürüdə bilmək üçün ilk növbədə fövqəladə vəziyyət elan edilməsinin vacibliyini xatırlatmışdı. Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, fövqəladə vəziyyəti isə yalnız mərkəzi hökumət elan edə bilər.
 
Kadırovun Baş nazirə cavabı isə üsyankarlığı ilə seçilmişdi: “Xalqımın sağlamlığı üçün lazım gələrsə, Rusiya qanunlarını da tapdalayaram”. 
 
Bu cavabdan sonra ölkənin bütün müxalif mətbuatı çeçen lideri hədəfə alaraq, sərt tənqidi məqalələr qələmə almışdılar. Məqalələrdə Kadırovun zavallı çeçen xalqını evlərinə həbs etdiyi, özünün isə bir neçə yaxını ilə bərabər səfalı yerlərdə kabab yediyi qeyd olunurdu.

Moskvanın bütün bu təzyiqlərinə baxmayaraq, Kadirov indiyədək özünütəcrid siyasətindən geri çəkilməyib. O, son çıxışında isə baltanı lap dibindən vurub. Rus mətbuatının Kadirovun xalqı qorxu və basqı altında saxladığı iddiasına cavab verən çeçen lideri  deyib: “Bu xalq nə qədər imperiyalar görüb, onların hamısı da çeçenləri əzməyə çalışıb, amma bütün səyləri boşa çıxıb. Mən kiməm ki, çeçen xalqını qorxu və basqı altında saxlayım?”


 
Kadirov eyni çıxışında istənilən hücuma xalqı ilə bərabər cavab verəcəyini də söyləyib və açıq şəkildə partizan müharibəsinə başlayacağına eyham vurub: “Kimlərsə xalqımızı qızışdırmağa çalışır. Amma buna imkan verməyəcəyik. Silaha sarılıb döyüşməyimizi istəyənlərə bildirmək istəyirəm ki, lazım gələrsə, aramızdan biri çıxacaq və fədakar şəkildə düşmənlərimizə qarşı mübarizə aparacaq. Biz də onların arxasında dayanacağıq”.
 
Çeçen liderin bu sözləri Rusiyada növbəti assimetrik savaşın başladacağına işarə idi. 


 
Aldığımız məlumata görə, Rusiya Kadirovun bu təhdidini bəhanə edib bölgəyə xüsusi ordu qüvvələri göndərib. Mütəxəssislər 3-cü Çeçen savaşının artıq astanada olduğunu bildirirlər.
 
Bəzi mütəxəssislər Kadirovun digər federal liderlərdən daha müstəqil hərəkət etməsinin səbəbini Putinin indiyədək yürütdüyü səhv siyasətdə görürlər. Onların fikrincə, Kreml bu zamanadək çeçen liderin imkanlarından bir neçə istiqamətdə faydalanırdı. Kadirovun yaratdığı “çeçen ordusu”ndan bəzi müxalifləri ortadan götürmək, bir çox rəqiblərinə hədə-qorxu gəlmək üçün faydalanan Putin administrasiyası həm də çeçen liderin vasitəsilə Səudiyyə Ərəbistanı və digər zəngin ərəb dövlətləriylə əlaqələr qurur, Yaxın Şərqdə təsirini artırırdı. Kolumbiya Universitetinin professoru Kimberli Martenin təbiriylə desək, bu günə qədər “gücsüz hakimiyyətin qanunsuz jandarmı” rolu oynayan çeçen lideri Kremlin Yaxın Şərqdəki ən yaxşı elçisi idi.

Kadirov 2007-ci ildə hakimiyyətə gəldikdən sonra ərəb sərmayəsini Rusiya iqtisadiyyatına çəkə bilmiş, bununla da həm Kremldə, həm də ərəb dünyasında mövqeyini möhkəmlətmişdi. O, hətta 2010-cu ilə qədər Kəbənin yuyulma mərasimində iki dəfə iştirak edən ilk xarici dövlət xadimi və ilk Rusiya müsəlmanı olmaq imtiyazı qazanmışdı.


 
Sonrakı illərdə də dəfələrlə Səudiyyə sarayının ən əziz qonağı kimi qarşılanan Kadirov bu ziyarətlərində kral Abdullah Bin Əbdülazizdən tutmuş İordaniya kralı Abdullaha və Orta Şərqi idarə edən onlarla dövlət xadimi ilə görüşmüşdü. Bu görüşlər isə Rusiyanın Yaxın Şərqdəki çəkisini artırmaqla qalmır, həm də Moskvaya ciddi pul transferlərinə kömək edirdi. Kadirov bu anlamda Putinin ərəb dünyası ilə əlaqələrində “etibarnaməsi” sayılırdı. Onun razılığı olmadan heç bir ərəb sərmayədarı Rusiya iqtisadiyyatına investisiya qoymur, ondan nəsə almırdı. Bütün bu imtiyazlar isə Kadirovu müstəqil addımlar atmağa həvəsləndirirdi. 
 
Görünən budur ki, indi Rusiya ölkədə siyasi islahatlara qərar vermək məcburiyyətində qalıb, buna ilk reaksiya isə Kadirovdan gəlib. Fəqət Kadirovu itirmək də Rusiya üçün asan olmayacaq. Bu həm də ərəb sərmayəsini və Yaxın Şərqdəki ən güclü etibarnaməsini itirmək deməkdir.

Məsələ həm də ondadır ki, Kadirov xaricdə böyük iqtisadi, siyasi və hərbi gücə malik 150 min çeçen mühaciri də öz ətrafına toplamağı bacarıb və bu qüvvələr istənilən an “yeraltı savaşlara” başlaya bilərlər.


 
Rus ordusunun xüsusilə Ramazan ayında Çeçenistan və Dağıstana müdaxilə etməsi də vəziyyəti xeyli gərginləşdirə bilər. Ən azı ona görə ki, İslam təsirinin güclü olduğu bölgədə bu səhv zamanlama çeçen liderin işinə yarayır və onun Kremllə hesablaşma davasına müqəddəs savaş görüntüsü verməsinə münbit şərait yaradır. 

Bütün bu amillər 3-cü Çeçen savaşının Rusiya üçün daha ağır keçəcəyinə işarədir. Üstəlik, nəzərə alsaq ki dünya bazarında neftin qiymətdən düşməsi də Rusiyanın uzunmüddətli hərbi əməliyyat aparmaq və təhlükəsizlik tədbirlərini artırmaq imkanlarını zəiflədir, Kadirov üsyanının xeyli başı ağrıdacağına şübhə yeri qalmır. İlk baxışdan 25 min əsgəri olan bir ordu Rusiya qarşısında xeyli zəif görünsə də, çeçenlərin assimetrik döyüşlərə üstünlük verəcəyi aydındır. 25 min assimetrik əsgər gücü isə kiçik qüvvə deyil. Uzun illər boyu Yaxın Şərqi qana bulayan, indi belə tamamilə sıradan çıxarılmayan İŞİD də aşağı-yuxarı bu qədər hərbi gücə malik idi. 


 
Rusiyanın işini çətinləşdirən əsas məsələ isə 3-cü Çeçen savaşını öz ölkəsində aparması olacaq. Suriyada İŞİD-i məğlub edən rus ordusu bunu sivil-hərbçi ayırımı aparmadan qarşısına çıxan hər kəsi məhv etməklə bacarmışdı. Onun eyni metodu öz vətəndaşlarına tətbiq etməsi isə bir az müşkül görünür.
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 63 860          Tarix: 24-04-2020, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma