Xəbər lenti

 

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun sonuncu hesabatında irəli sürdüyü bəzi iddiaların Kremldə ciddi rezonans doğurduğu hiss olunur. Məlum olduğu kimi, sözügedən hesabatda “Vaqner” ordusunun Putin tərəfindən çıxdaş edildiyi və onun bütün uğursuzluqların “günah keçisi” kimi qurban veriləcəyi bildirilirdi. O da vurğulanırdı ki, çeçen “mücahid”lərinin lideri Ramzan Kadırov da “gözü çıxmış qardaş”ını gözləyən talesizlikdən nəticə çıxarıb öz “ambisiyalı iddialarını” azaldıb.

 

Ovqat.com-un məlumatına görə, hesabat yayıldıqdan bir neçə saat sonra Putinin Kadırovla görüşdüyü və Rusiya Prezidentinin onun vasitəsilə çeçen mücahidlərinə salam göndərdiyi xəbəri gəldi.

 

Sözsüz ki, Putin çeçen liderini “mücahidlər”ə salam göndərmək üçün qəbul etməmişdi. Böyük ehtimalla, ona bəzi tapşırıqları və iradlarını bildirmək üçün yanına çağırmışdı. İkili arasında hansı söhbətlərin getdiyi açıqlanmasa da, Kadırovun görüşdən sonra çeçen mücahidlərinə ünvanladığı müraciət məlum toplantının gündəliyi barədə ipucları verir.

 

Zənnimizcə, Kadırovun müraciətinin sətir aralarından aşağıdakı nəticələri çıxarmaq olar:

  

  1.  Putin bir vaxtlar Yevgeni Priqojinlə hardasa eyni mövqeni tutan və Rusiya Silahlı Qüvvələrini sərt tənqid etməkdən çəkinməyən Kadırova öz səfini müəyyənləşdirməyi məsləhət görüb: ya Priqojinlə eyni mövqedən çıxış edib onun taleyini bölüşməli, ya da bu günə qədər səhv yolda olduğunu boynuna alıb Rusiya Silahlı Qüvvələrinin rəsmi komandanlığının tabeçiliyinə girməlidir.  Kadırovun müraciətinə nəzər salanda onun tövbə etdiyi açıq-aşkar sezilir: “Mən Ukraynada sürətli məcburi hərəkətlərin tərəfdarı olsam da, Baş Qərargahın hazırkı taktikası çox düşünülmüş və ehtiyatlıdır. Bir il əvvəl biz böyük əraziləri faşistlərdən azad etdik, onların sonradan çətinliklə tutulacağını düşünmədik. İndi biz minimal itki ilə tədricən əraziləri azad edirik və özümüzü bacardığımız qədər möhkəmləndiririk. Bu müdrik bir taktikadır”, - deyən Kadırovun dünənə qədər bərk tənqid etdiyi siyasəti Putinlə görüşdən sonra “müdrik taktika” adlandırması, yəqin siz də razılaşarsınız ki, tövbə andına bənzəyir.
  2. Putin Kadırova cəbhədəki çətinlikləri dilə gətirməyi qadağan edib. Müraciətin demək olar əksər hissəsində Kadırov da çeçen döyüşçülərinə şikayətçiliyin kişiyə yaraşmadığını nəsihət edərək Putinin digər mühüm əmrinə sədaqətini göstərir.
  3. Kadırovun müraciətindən o da anlaşılır ki, Rusiyanın həqiqətən silah-surat baxımından ciddi çatışmazlıqları var və çeçen lider döyüşçülərinə mərmilərə qənaət etməyi, sursatları bitərsə, vəziyyətdən çıxış yolunu özlərinin axtarmasını məsləhət görür. Fikrimizcə, bu da Putinin ona tövsiyələri arasında yer alıb.
  4. Putin ondan, böyük ehtimalla, hərbi səfərbərlik elan etməyi və cəbhə xəttinə daha çox çeçen döyüşçü göndərilməsini istəyib. Üstəlik, yeni çağırışçılar heç bir hərbi təcrübəsi olmayan, həttə silah tutmağı belə bacarmayan gənclər də ola bilərlər. “Səfərbərlikdən qorxmayın. Silah tutmağı bilmirsinizsə, dəstək bölmələrinə çağırıla bilərsiniz. Onlar da döyüşçüdürlər”, - Kadırovun müraciətindəki bu sözlər sözügedən ehtimalı qüvvətləndirir. Nəzərə alsaq ki, Ukrayna savaşında  ən təcrübəsiz əsgərlər də ön cəbhəyə göndərilir və onlardan “tələ yemi” kimi istifadə olunur, Putinin bu əmri “mənə ətçəkən maşınından keçirməyə material göndər” anlamına gəlir. Kadırov da Putinin o qədər də asan olmayan bu əmrini yerinə yetirmək üçün müracətində çeçenlərin qəhrəmanlıq duyğusunu istismar etməyə çalışır.
  5. Kadırov müraciətindəki bəzi sətirlər Qərb ölkələrinin müharibə həqiqətləri ilə bağlı yaydığı informasiyaların çeçen gənclərində də ciddi xof yaratdığından xəbər verir. Çeçen lider öz potensial əsgərlərini bu informasiyalara inanmamağa çağıraraq yazır: “Rusiya ordusunu biabırçı vəziyyətə salmaq istəyən heç bir qərbyönlü mediaya qulaq asmayın. Əgər ordu sıralarında hər şey belə dəhşətlidirsə, onda niyə bütün NATO bloku bizimlə uğraşa bilmir? Hər şey qaydasındadır, narahat olmayın. Səhvlər nəzərə alınıb, taktika işləyir, ölkə inkişaf edir, Ali Baş Komandan savaş meyanının nəbzini tutur”.

 

Ramzan Kadırovun “tövbə müraciəti”ni olduğu kimi təqdim edirik:

 

“Müharibə, xüsusi əməliyyat, döyüş tapşırığı – adına nə deyirsiniz deyin, bu savaşın iştirakçıları başa düşməlidirlər ki, hər zaman bəzi problemlər, suallar, çatışmazlıqlar, uğursuzluqlar olur və olacaq. Yazılı nəzəriyyə olduğu kimi, gözlənilməz təcrübə də var. Bu təcrübəyə görə, ən uyğun olmayan anda nəsə baş verir.

 

Mən bütün həyatımı orduya həsr etmişəm. Mən bunun üzərində böyümüşəm. Həmişə, bir gün əvvəl döyüş tapşırığını nə qədər ciddi şəkildə yerinə yetirsəniz də, ikinci gün həmişə bütün planlar nazik olduğu yerdən cırılıb. Döyüş şəraitində bu qaçılmazdır.

 

Ona görə də ön cəbhədəki ayrı-ayrı döyüşçülərə müraciət edirəm. Rabitənin olması o demək deyil ki, sosial şəbəkələrdə daxili problemləri səsləndirmək və yaymaq lazımdır. Onlar həmişə olacaqlar! Hərdən səhlənkar əsgərin şikayətlərini əks etdirən videoya baxanda soruşmaq istəyirsən ki, müharibədə nə zaman hər şey kifayət qədər və bol olub?

 

Döyüşçü qışqırmaz, döyüşçü qərar verir. Problemin həllini axtarmaq lazımdır, dəstə-dəstə yığılıb ictimai müraciətlər yazmaq yox. Sursatmı bitdi? Və niyə yuxarı zabit həyətinə onların tükəndiyi barədə əvvəlcədən xəbərdarlıq etməyibsən? Yaxşı döyüşçü heç bir səbəb olmadan döyüş sursatını tükəndirməz. Ən azı bir gün dözər, özünə başqa bir çarələr axtarar.

 

Döyüş missiyası kartı almısınızmı? Davam edin, döyüşçülər! İcra sizdən asılıdır. Düşünün, güc və imkanları bölüşdürün və ağzı açıq dayanmayın. Heç kim sizin arxanızca sink patronlar və quru rasionlarla qaçmayacaq ki, tükəndiyi anda onları sizə təhvil verə. Bəli, sərt səslənir, amma bu, müharibədir, kurort deyil. Sizcə, Qəhrəman ulduzu əldə etmək asandır? Yox! Sadəcə kamera qarşısında ağlamayanlara və bütün maneələrə qarşı mübarizə aparanlara bu ad verilir.

 

Və unutmayın ki, xüsusi hərbi əməliyyatın (XHƏ) nəticələri təkcə prezidentə lazım deyil. Bu XHƏ ilk növbədə bir nəfərin marağını yox, bütün ölkənin bütövlüyünü və təhlükəsizliyini təmin etməyə yönəlib. O, mümkün və mümkün olmayan hər şeyi həyata keçirməyi tələb edir. Rusiya bu gün təkcə Kiyevdəki neonasist rejimi ilə mübarizə aparmır, Ukrayna və onun genefondu adı altında bütün NATO bloku, Avropa Birliyi bizə qarşı döyüşür, düşmənə silah, sursat, texnika, muzdlular verir.

 

Rusiya sanksiyalar altındadır. Baxın, iqtisadiyyat və sosial sektor necə sabitdir, rubl güclənir, panika, hiddət yoxdur, mağazalarda rəflər doludur. Çünki hər kəs - iş adamları, bank işçiləri, Dövlət Dumasının deputatları, Prezident Administrasiyasının, hökumətin məmurları, Baş Qərargahın zabitləri saat mexanizmi kimi rəvan və qüsursuz işləyir. Müdafiə naziri və onun müavinləri sutkada 24 saat döyüş növbətçiliyindədir və hər dəqiqə meydana çıxan bütün problemləri operativ şəkildə həll edirlər.

 

Bu gün həm ölkədə, həm də döyüş hissələrimizin sıralarında vəziyyət bir il əvvəlkindən qat-qat yaxşıdır. Biz hər istiqamətdə irəliləyirik. Mən Ukraynada sürətli məcburi hərəkətlərin tərəfdarı olsam da, Baş Qərargahın hazırkı taktikası çox düşünülmüş və ehtiyatlıdır. Bir il əvvəl biz böyük əraziləri faşistlərdən azad etdik, onların sonradan çətinliklə tutulacağını düşünmədik. İndi biz minimal itki ilə əraziləri azad edirik və özümüzü bacarıqla möhkəmləndiririk. Bu müdrik bir taktikadır.

 

Hər gün Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə gələn könüllülərlə fəxr edirəm. Onlara təlim keçirilir, geyindirilir, lazımi sursat verilir. Müdafiə Nazirliyi hər kəsi lazımi silah-sursatla təmin edir. Əsl kişilər belədir, şikayət etmirlər, yalnız NATO muzdluları şikayət edə bilərlər. Və səfərbərlikdən qorxmayın. Silah tutmağı bilmirsinizsə, dəstək bölməsinə çağırıla bilərsiniz. Onlar da döyüşçüdürlər. Həm də onlara həmd və ehtiram olsun.

 

Rusiya ordusunu biabırçı vəziyyətə salmaq istəyən heç bir qərbyönlü mediaya qulaq asmayın. Əgər ordu sıralarında hər şey belə dəhşətlidirsə, onda niyə bütün NATO bloku bizimlə uğraşa bilmir? Hər şey qaydasındadır, narahat olmayın. Səhvlər nəzərə alınıb, taktika işləyir, ölkə inkişaf edir, Ali Baş Komandan savaş meyanının nəbzini tutur. Biz isə kişi və döyüşçülərik, Vətənimizin bütövlüyünü və təhlükəsizliyini qorumalıyıq. Vladimir Vladimiroviç sayəsində biz Çeçenistan Respublikasını terrorçulardan və quldurlardan təmizlədik, indi də satanistləri Ukraynadan uzaqlaşdıracağıq!”




Ana səhifəyə qayıt        Baxış: 6 372          Tarix: 14-03-2023, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma