Regionumuzdakı dövlətlərə obrazlı yanaşsaq, yerləşmə konfiquraiyalarına görə İran, Türkiyə və Rusiya qaya parçaları kimidir, bir-birinə bitişikdir, amma aralarında boşluq var.
Bax, həmin məsamə Cənubi Qafqazdır və burada daha 3 kiçik dövlət yerləşir: Azərbaycan, Gürcüstan və Ermənistan.
Tarixin gərdişi elə alınıb ki, bu üç kiçik dövləti təsis edən xalqlar həmişə bu və ya digər şəkildə öz böyük qonşularının təsiri altında olublar. Günümüzdə də elədir.
Hazırda həmin üç böyük dövlət bu üç kiçik dövlətin himayədarı, qoruyucusu roluna iddia edir.
Azərbaycan Türkiyənin simasında özünə strateji hərbi müttəfiq, Rusiyanın simasında isə köhnə tərəfdaş qazanıb, yalnız İranla münasibəti turş-qələvidir.
Ermənistan Türkiyə ilə düşmən, Rusiya ilə (artıq) qeyri-dost, İranla isə müvəqqəti müttəfiq büsatındadır.
Gürcüstan hər üç böyük dövlətlə məsafəlidir, ikisi ilə dinc qonşuluq əlaqələrinə malikdir, yalnız Rusiya ilə bir qədər intriqalı durumdadır.
İndi bu dövlətlər bu gün xarici işlər nazirləri səviyyəsində Tehranda görüş keçirməlidirlər.
Əsas mövzu Azərbaycan və Ermənistanın arasındakı sülh sazişi istiqamətindəki tərəqqini müzakirə etməkdir.
Bu 6 dövlətin 5-i bu xüsusda maraqlı tərəfdir. Yalnız Gürcüstanın bu görüşdən və onun nəticələrindən qazanacağı və ya itirəcəyi bir şey yoxdur. Görünür, elə ona görə Gürcüstan dünən 3+3 formatı çərçivəsində Tehranda keçirilən görüşdə iştirakdan imtina edib.
Bu regional sammitdən gözləntilər çoxdur, amma reallıq bir qədər fərqlidir. Adətən belə görüşlər silsilə xarakteri alır, 4-5 dəfə təkrarən baş tutandan sonra nəsə bir nəticə hasil olur. Heç vaxt bir görüşlə sülh olmur.
İndilikdə Tehran görüşünün əsas əhəmiyyəti odur ki, adı çəkilən ölkələr regional məsələləri “qeyri-regional və Qərb ölkələrinin müdaxiləsi olmadan” müzakirə etmək istəyirlər.
Bu, çox önəmlidir. Məlum olduğu kimi, 44 günlük müharibədən sonra bəzi Qərb ölkələri, xüsusilə də ABŞ və Fransa Cənubi Qafqaz regionuna aşırı maraq göstərirlər, qaba ifadə ilə desək, üstlərinə vəzifə olmayan məsələlərə burun soxurlar.
Bu isə regionun hər üç böyük dövlətinin xoşuna gəlmir. Təkcə ona görə yox ki, Türkiyə, İran və Rusiya Cənubi Qafqazı öz köhnə oylaqları sayırlar, həm də ona görə ki, onların hər üçünün ABŞ və Avropanın böyük dövlətləri öz tarixi intriqaları var və bu intriqa son illərdə yenidən şiddətlənib.
ABŞ İranla 44 ilin barışmaz düşmənidir. 1979-cu ildə İslam inqilabının İranda qələbə çalmasından bu yana bu iki ölkənin münasibəti həmişə kəskin olub.
Rusiya II dünya müharibəsindən sonra ABŞ-la uzun müddət “soyuq müharibə” rejimində yaşamış, təxminən 1991-2001-ci illər arasında arada müəyyən istiləşmə olsa da, o vaxtdan sonra əvvəlcə köhnə “soyuqluqu”, sonra isə kəskin düşmənçilik ortamını bərpa etmiş ölkədir.
Türkiyə isə NATO-da ABŞ-la müttəfiq olsa da, son 10 ildə həm təşkilat daxilində Ağ Evə biət etməyən yeganə dövlətdir, həm də ikitərəfli münasibətlərdə onunla vaxtaşırı problem yaşayır.
Ona görə də regionumuzun böyük dövlətləri başqa dövlətlərin Cənubi Qafqaza müdaxilə etməsini, buraya yerləşməsini istəmirlər.
Bunu sözügedən kiçik dövlətlərin də ikisi istəmir, çünki təcrübədə “yadelli böyük dövlətlər”in regiona müdaxiləsinin acı nəticələr verdiyinə dair tarixdə yer alan və çağdaş dövrümüzə aid faktlar var.
Yalnız Ermənistan, daha dəqiqi, onun rəhbərliyi hələ duza gedir, hesab edir ki, Rusiyaya arxa çevirib ABŞ-ın ağuşuna atılasa, erməni xalqının əbədi səadətini təmin edəcək.
Artıq Ermənistanla Azərbaycanın arasındakı hərbi münaqişə elə bir fazadadır ki, sülh sazişinin imzalanacağına, Cənubi Qafqaza qalıcı sülh gələcəyinə inam artıb. Bunu təmin edən əsas şərt ermənilərlə azərbaycanlıların iç-içə yaşamaq “əzab”ından qurtulmasıdır. 35 il öncə azərbaycanlılar Ermənistanı kütləvi şəkildə tərk etmişdilər, 30 gün öncə bu işi ermənilər etdilər. İndi hər iki tərəf öz ana dövlətinin sərhədi içindədir. Qarşılıqlı ünsiyyət, xalqlararası təmas minimuma endiyindən düşmənçiliyin də tədricən səngiməsi prosesinin gedəcəyinə böyük ümidlər var.
İki ölkə arasındakı sərhədlərin demarkasiya və delimitasiyası üzrə müəyyən problemlər olsa da, bunu Azərbaycan və Ermənistanın dövlət adamları 3+3 formatı olmadan da həll etmək imkanına malikdirlər.
İndiki halda bu üç böyük dövlətin dışında istənilən başqa ölkənin Cənubi Qafqazdakı münaqişəyə müdaxiləsi Azərbaycan üçün sərfəli deyil. Çünki Qərb dövlətləri hazırda Azərbaycana qərəzli münasibət sərgiləyirlər və onların bir dəfə sınaqdan pis çıxmış vasitəçiliyinə rəsmi Bakının ehtiyacı yoxdur.
Məhz onlar Ermənistana fitva verərək 3+3 formatının uğurlu olmasına əngəl törədəcəklər. Onlar hesab edirlər ki, bu münaqişə davam etməlidir, Ermənistan hərbi baxımdan güclənməli, hücum edib, bir sıra üstünlüklər qazanmalıdır, yalnız ondan sonra danışıqlar masasına otura bilər.
Azərbaycan isə bu mövqe ilə razılaşmır və hesab edir ki, Ermənistan yenidən zor yolunu seçsə, əli armud toplamayan əsgərlərimiz onları yenidən yerində oturdacaq.
Araz Altaylı, Musavat.com
Paylaş: