Xəbər lenti
27-11-2024, 19:25

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Türkiyəyə səfəri gözlənilir. İran baş diplomatının Türkiyəyə səfəri onun Qətərdəki görüşlərindən sonra baş tutacaq.

Qətərlə Türkiyə İsrail-Fələstin münaqişəsində ikincinin yanındadırlar və İsraili ittiham edən tezisləri inkişaf etdirirlər. İran üçün Ankara ilə Dohanın İsrailə qarşı sərgilədiyi mövqe göydəndüşmə bir fürsətdir.

Qətərdən sonra Abdullahianın Türkiyəyə getməsi həmin iki ölkənin Yaxın Şərqdəki maraqlarının İranın ambisiyaları ilə ortaq məxrəcə gətirilməsini hədəfləməkdir.

Nəzərə alaq ki, Türkiyə Fələstini dəstəkləsə də və HƏMAS-ı terrorçu təşkilat kimi tanımasa da, İsraillə əlaqələrin də korlanmasında qətiyyən maraqlı deyil. Hərçənd ki, Türkiyədən anti-İsrail ritorikasında müxtəlif səviyyədə fikirlər səslənir. Lakin Ankara İranla əməkdaşlıq rejimini Tehranın məntiqindəki anti-İsrail mövqeyinə calaq etməkdən çox-çox uzaqdır. Bunun səbəbini ideoloji yanaşmalarda və dövlətlərin Yaxın Şərq üzrə prioritetlərindəki fərqlərdə axtarmaq lazımdır.

Türkiyə İrandan fərqli olaraq xarici siyasətindəki dini elementi bir məzhəb təəssübkeşliyinin təbliğatına deyil, ümumi formada islam dünyasında həmrəyliyin təsis edilməsinə yönəldib.

Başqa tərəfdən, Türkiyə ilə İranın strateji doktrinaları fərqlidir, Ankaranın genişlənmə siyasəti sülh və təhlükəsizliyə töhfə verirsə, Tehranın məqsədlərindəki prinsiplər tamamilə başqadır.

Deməli, Abdullahianın Ankaraya səfəri bu fərqlilikləri aradan qaldıra bilməyəcək. Lakin səfər Türkiyə-İran münasibətlərinin inkişafı və bunun regional təsirləri baxımından önəmlidir.

Hər iki dövlət əməkdaşlığı irəliyə aparmaqla, sadəcə, bir-birinin maraqlarına toxunmamağı əsas götürməyi hədəfləyir - Abdullahianla Türkiyə XİN başçısı Hakan Fidanın portfelində həmin məzmun əks oluna bilər.

Bu, ən azından ona görə əhəmiyyətlidir ki, Ankara ilə Tehran Yaxın Şərqin önəmli oyunçularıdır. Onların maraqları Suriyada, İraqda, hətta Fələstində belə kəsişir. Ancaq regionda hərbi eskalasiyanın böyüməsi riski Türkiyə ilə İranı bir-birinə qarşı mübarizə ruhuna kökləməyə deyil, əməkdaşlığı irəli aparmaq çağırışlarına səsləyir.

Abdullahianın səfəri zamanı iki dövlətin Suriyada, İraqdakı cəbhə xətlərində təhlükəsizlik üzrə əməkdaşlığı gücləndirmək niyyətləri masaya qoyula bilər. Bunun konkret hansı təsirlərlə yadda qalacağı İsrail-HƏMAS müharibəsinin geosiyasi nəticələrindən asılı vəziyyətdədir.

Türkiyə ilə İranı eyni kəndirdə birləşdirə biləcək PKK amili də mövcuddur, hərçənd ki, Ankara ilə Tehranın terror təşkilatına qarşı mübarizəsi də ayrı-ayrılıqdakı milli təhlükəsizlik konsepsiyasından irəli gəlir.

Hələlik PKK bir qədər ikinci plandadır, lakin kim zəmanət verir ki, Yaxın Şərqdə münaqişə şiddətlə genişlənsə, PKK fəaliyyətini gücləndirməyəcək?

Abdullahianın Türkiyəyə gedişi Ankara-Tehran əməkdaşlığını Cənubi Qafqaz regionu üzrə də stimullaşdıra bilər.

Çünki regionda “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran) formatındakı müzakirələrin davamının gətirilməsi vacibdir, çünki Yaxın Şərqdəki çalxalanmanın Cənubi Qafqaza təsirləri mümkündür. İndidən mövcud razılaşmaları daha da təkmilləşdirmək lazımdır ki, gələcəkdə müştərək müdafiə immuniteti formalaşsın. Bu mənada Abdullahianın Türkiyəyə səfərində Zəngəzur dəhlizi ilə bağlı məsələlərin də müzakirə olunacağı istisna deyil.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 3 797          Tarix: 31-10-2023, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma