Ermənistanın nüfuzlu “Hraparak” nəşrinin baş nazir Nikol Paşinyanın 10 Noyabr Bəyanatının 9-cu bəndini ləğv etmək istəyi ilə bağlı ortaya atdığı iddia diqqət mərkəzindədir.
9-cu maddədə deyilir:
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Azərbaycan bunu Zəngəzur dəhlizinin açılması, Ermənistan isə dəhliz məntiqindən kənar kommunikasiyaların açılması kimi qiymətləndirir.
Baş nazir Nikol Paşinyan noyabrın 2-də hökumətin iclasında “Hraparak”ın iddiasını dolayı yolla təsdiqləyib.
O deyib ki, məsələ ilə əlaqədar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi idarə yaradılır.
Paşinyan hədəfləyir ki, İrəvan Ermənistan ərazisindən keçən kommunikasiyalar, habelə bu kommunikasiyalar vasitəsilə malların, yüklərin, nəqliyyat vasitələrinin və insanların daşınmasına nəzarət etsin.
Paşinyanın mövqeyi Azərbaycan-Ermənistan münasibətlərinin konteksti ilə bərabər, İrəvan-Moskva gərginliyini daha da şişirdir.
Birincisi, Paşinyan dolayı yolla deyir ki, yeni kommunikasiya yollarını Rusiya FTX-nin nəzarətindən kənarda saxlamaq istəyir. Bunun özü böyük bir müşkül yaradır, o mənada ki, onsuz da, Ermənistanın təhlükəsizlik sistemi Rusiyadan asılıdır.
Paşinyan Rusiya ilə gərginləşən münasibətlərin üzərinə bir az da benzin tökmüş olur. Təbii ki, Moskvanın buna cavabı olacaq, amma həmin tədbirin xarakterini dəqiq ölçmək çətindir.
İkincisi, Paşinyan Ermənistan ərazisində Rusiya hərbi bazasının (102-ci baza) fəaliyyətini sonlandırmaq çağırışlarından sonra 9-cu bəndi redaktə etməyə girişir. Bu cəhd Moskvaya qarşı iki cəbhədən “hücuma keçmək” deməkdir.
Üçüncüsü, Paşinyanın formalaşdırmaq istədiyi xüsusi idarə Azərbaycan-Ermənistan münasibətlərindəki tənzimləyici xüsusiyyətə zərbə vurmaq mahiyyəti daşıya bilər.
Paşinyan bununla Ermənistanın 9-cu bənd üzrə manipulyasiyalarını davam etdirəcəyini göstərir. Amma Azərbaycan buna adekvat cavab tədbirini gündəmə gətirə bilər - söhbət Ermənistanı Zəngəzur dəhlizinin məntiqində sülhə məcburetmə əməliyyatlarının icrasından gedir.
Yəni İrəvandan verilən siqnalların “xüsusi bölmə” ilə yekunlaşacağını proqnozlaşdırmaq da çətindir, çünki Bakının əks-həmlələri gündəmdə var olacaq. Ermənistanda xüsusi idarə fəaliyyətə başlasa belə, o, texniki tənzimləmə prosedurlarını icra etməkdən başqa bir işə yaramayacaq. Yəni 10 Noyabr Bəyanatının 9-cu maddəsində göstərildiyi kimi, Ermənistan təhlükəsiz keçidə zəmanət verir - onsuz da, bu, İrəvanın boynundan öhdəlik kimi asılıb.
oxu.az
Aqşin Kərimov
Paylaş: