Son bir həftədə İran rəsmilərinin artıq tarix olmuş Qarabağ məsələsi ilə bağlı bəyanatları Tehranın məkrli niyyətlərindən əl çəkmədiyini göstərir. Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, bölgədə gələcək sülh və əməkdaşlıq üçün yeni reallıqlar yaratmasını özünə təhdid görənlərin siyahısında ilk yerdə molla rejiminin dayandığı heç kimə sirr deyil. Azərbaycanın mehriban qonşuluq və əməkdaşlıq çağırışlarına Tehran siyasi təxribatlarla cavab verir. Sözdə bir, əməldə isə başqa mövqe sərgiləyən İranın ikiüzlülüyünü bir daha Ermənistan və Azərbaycandakı səfirlərinin bir neçə günlük arayla fərqli bəyanatlar səsləndirməsində müşahidə etdik.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.
Mehdi Sübhaninin hədyanları
Noyabrın 11-də İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edən, beynəlxalq diplomatik qaydaları kobud şəkildə pozan “açıqlamaları” ilə yadda qaldı. İran səfirinin hədyanlarına diqqət yetirək:
“Biz beynəlxalq hüquqa və BMT normalarına uyğun olaraq Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bu o demək deyil ki, oradakı insanların hüquqları pozulmalıdır. Hesab edirik ki, “Qarabağ xalqı”nın (könüllü şəkildə bölgəni tərk edən erməniləri nəzərdə tutur - red.) və “Qarabağ xalqı”nın hər bir nümayəndəsinin hüquqları təmin edilməlidir, onların öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır. Biz “Qarabağ xalqı”nın qanuni və legitim hüquqlarının təmin olunmasının tərəfdarıyıq”.
Gecikən açıqlama
Azərbaycan tərəfinin kəskin etirazlarından sonra Tehranın Bakıdakı təmsilçisi İrəvandakı sözçünün “səhvini” düzəltməyə çalışıb. Lakin səfir Seyid Abbas Musəvinin açıqlamaları da əslində Tehranın ikili oyundan vaz keçmədiyini göstərir.
“İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi, qanunları ilə məna tapır”, - deyə o bildirib. Bu bəyanatın bir neçə gün gecikmə ilə səsləndirilməsi özü də molla rejiminin səmimiliyinə olan şübhələri qüvvətləndirir.
İranın Ermənistandakı səfirinin təxribat xarakterli bəyanatından iki gün əvvəl isə, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı İbrahim Rəisi arasında konstruktiv və xoş atmosferdə keçən görüş olub. Hətta həmin görüşdə İran Prezidenti Qarabağ məsələsi ilə bağlı təqdirəlayiq mövqe ortaya qoyub. “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq”, - Rəisi deyib.
Maraqlıdır ki, İran prezidentinin məlum açıqlaması qonşu ölkənin rəsmi mətbuat orqanlarında çox kiçik hissələrlə və ixtisarlarla təqdim edilib. Ümumiyyətlə, onun Qarabağ məsələsi ilə bağlı fikirlərinə əksər agentliklər tərəfindən toxunulmayıb. Məqsəd isə bəllidir, dost və qardaş hesab etdiyi, müsəlman azərbaycanlılara qarşı soyqırımılar törədən Ermənistanı küsdürməmək. Tehranın ikili standartları elə bu yanaşmada da aydın şəkildə sezilir. O da dəqiqdir ki, İran kimi ölkədə istər səfirlərin bəyanatları, istərsə də mediada ortaya qoyulan yanaşma bir mərkəzdən tənzimlənir. Yəni, İranın qərəzi hansısa ölkədaxili siyasi qüvvələrin yox, məhz Tehranın rəsmi mövqeyi kimi qəbul olunmalıdır.
Daxili işlərə qarışmamaq prinsipi
Qeyd edək ki, Azərbaycan istənilən dövlətlə ikitərəfli əməkdaşlığını bir neçə vacib prinsip üzərində qurur. Bu prinsiplərdən ən başlıcası ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətdir. İkinci vacib məqam ölkələrin bir-birilərinin daxili işlərinə qarışmamasıdır. Tehrandakı molla rejimi Cənubi Azərbaycan məsələsi hər dəfə gündəmə gələndə Bakını “onun daxili işlərinə qarışmaqda” ittiham edib. Bəyanatlarda bunun ikitərəfli münasibətlərlə bağlı əməkdaşlıq platformasına zidd olduğu xüsusi qabardılıb. Lakin Qarabağdan könüllü olaraq gedən ermənilər məsələsində İran nədənsə bizdən tələb etdiyi “daxili işlərə qarışmamaq” prinsipini unudur. Sanki Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. Hətta Ermənistan rəhbərliyi də bunun Azərbaycanın daxili məsələsi olduğunu açıqlayır. İran isə bu reallığı qəbul etmək istəmir.
Tehran Azərbaycana məhkumdur
Amma bölgədəki reallıqların dəyişdiyini Tehran da qəbul etmək məcburiyyətindədir. Çünki qarşısında ərazisi işğal edilmiş, suverenliyi pozulmuş, məğlub Azərbaycan yoxdur. Hansı ki, əvvəlki dövrlərdə işğal faktına görə müəyyən məqamlara göz yummaq məcburiyyətində idi. İndi ərazi bütövlüyü və suverenliyini öz gücü və imkanları hesabına tam təmin edən, güclü, müstəqil siyasi kursa malik Azərbaycan var. Xarici siyasətini, əməkdaşlıqlarını da məhz onun üçün taleyüklü ümummilli məsələlərdə sərgilənən mövqelər əsasında qurur.
İndi regionda elə durum yaranıb ki, Tehran Azərbaycana məhkumdur. Bakının maraqları ilə hesablaşmaq məcburiyyətindədir. Dünyanın çox tez dəyişən geosiyasi reallıqları fonunda Bakı ilə münasibətlərdə ikili oynamaq Tehran üçün böyük başağrısına çevrilə bilər. Çünki bölgədə özünün “qırmızı xətti” elan etdiyi, işğal faktına görə heç bir ciddi təzyiq göstərmədiyi, qucaq açdığı Ermənistan artıq xəncərini İranın kürəyinə saplamağa çox yaxındır.
Paylaş: