Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində regionda rəqabət, yoxsa əməkdaşlıq müşahidə etməsi ilə bağlı müxbirin sualını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı suala cavabında bildirib:
“Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız, görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız, görərsiniz ki, hər iki - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanırlar.
Siyasi inkişafa gəldikdə, burada da Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib”.
Paylaş: