"Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan birgə bəyanat müharibənin başa çatmasından sonra bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Lakin Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən bu proses ləngiyir. Hazırda isə masada olan sülh danışıqlarında Ermənistan tərəfi daha çox canfəşanlıq edir, çünki Azərbaycan İranla Şərqi Zəngəzur dəhlizini Arazın sağ sahili ilə keçirəcək. Bununla da Ermənistanın Azərbaycan və Türkiyə ilə mövcud kommunikasiyaların açılma şansı çox azalacaq".
Musavat.com xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, son günlərdə Paşinyandan müəyyən siqnallar gəlsə də, bu, tamamilə absurddur:
"Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizdə Bakı istənilən gömrük və sərhəd keçid məntəqəsinin qurulmasının əleyhinə deyil. Lakin bu keçid məntəqələri Azərbaycan vətəndaşlarının Naxçıvana hər iki tərəfdən gediş-gəlişini maneəsiz təmin etməlidir. Azərbaycanın bu tələbi yerinə yetirməyənə qədər Ermənistanla münasibətlərin normallaşması real görünmür. Ermənistan ilk olaraq bu məsələdə bizə zəmanət verməlidir. Ancaq bundan sonra digər məsələlər öz müsbət həllini tapa bilər. Azərbaycan daim bütün yolların və kommunikasiya xətlərinin açılmasında maraqlı olub. Bu proseslərin ləngimə səbəbi Ermənistan tərəfidir. İndi isə onlar başqa çıxış yolunun qalmadığını yaxşı anlayır. Təbii ki, atılacaq addımlar birgə bəyanatın tələblərinə uyğun olmalıdır. Əks halda nə Azərbaycan, nə də Türkiyə Ermənistanla kommunikasiyaların açılması sahəsində ciddi irəliləyiş əldə edə bilməyəcək".
Ekspert qeyd edib ki, Ermənistan üçün Zəngəzur dəhlizinə kimin nəzarət etməsinin fərqi yoxdur:
"Onsuz da Ermənistanın sərhədlərinin böyük bir hissəsi və İrəvanda yerləşən airaportda sərhəd nəzarətini Rusiya tərəfi həyata keçirir. Ermənistan tək sərhəd məsləsində deyil, digər məsələlərdə də Qərblə Şərqin, Rusiya ilə Avropanın geopolitik toqquşma meydanına çevirilib. Onlar Suriyanın hansısa modelinə bənzəməyə başlayıb. Bu baxımdan bizim üçün ən önəmli detal Azərbaycanla Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin etməkdir. Belə ki, Azərbaycandan Naxçıvana göndəriləcək yüklərimiz və səfər edəcək vətəndaşlarımız heç bir halda Ermənistan tərəfindən gömrük və sərhəd nəzarətinə cəlb edilməməlidir. Bu Azərbaycanın müharibə başa çatdıqdan sonra imzaladığı birgə bəyanatda öz əksini tapıb. Azərbaycan tərəfi bu bəyanatdan kənar heç bir şey tələb etmir".
Paylaş: