Xəbər lenti
Dünən, 19:25

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hazırki mərhələdə Ermənistanla Azərbaycan arasında tutarlı razılığın əldə edilməsini çətin məsələ sayır.

O, “Report” açıqlamasında deyib ki, son proseslər bunu bir daha təsdiqləyib.

F.Şəfiyev hesab edir ki, Bakı və İrəvan arasında anklavlar məsələsi delimitasiya prosesi çərçivəsində həll edilməlidir.

“Dekabr ayında bizim müəyyən dərəcədə daha optimistik əsaslarımız vardı, indi isə həllinə ciddi ehtiyac duyulan bir neçə məsələ var. Buraya qarant, delimitasiya-xəritə, nəqliyyat yolları və ya Zəngəzur dəhlizi kimi məsələlər daxildir. Xüsusilə də anklavlar məsələsi gündəmdədir. Amma düzünü deməliyəmsə, mən tezliklə bir həll yolunun tapılacağını görmürəm”,- mərkəz sədri söyləyib.

F.Şəfiyev buna səbəb kimi Ermənistan rəhbərliyində normal danışıq aparmaq ənənəsinin olmamasını, bunun çox çətin iş olduğunu göstərib:

“Yaxın tarixə nəzər saldıqda da bunu görürük. Məsələn, 2020-ci ildə Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürüldü, ancaq üç il davam edən danışıqlar nəticə vermədi, ona görə də biz İran vasitəsilə alternativ yol yaradırıq. Bunu görən ermənilər indi düşüblər ortaya, deyirlər ki, biz də hazırıq, Ermənistanın baş naziri Nikol Paşinyan “Sülh Qovşağı” məsələsini irəli sürüb”.

Mərkəz rəhbəri həmin şərtlərin Azərbaycanı qane etmədiyini də diqqətə çatdırıb:

“Sülh Qovşağı” layihəsi piar aksiyadır. Düzdür, dekabrın əvvəlində COP29 və əsirlərin dəyişdirilməsi ilə bağlı qərarlar müəyyən məqam yaratmışdı. Amma hazırkı hadisələr və Prezidentin son şərhləri göstərir ki, Ermənistanla tutarlı razılıq əldə edilməsi çətin məsələdir”.




Ana səhifəyə qayıt        Baxış: 4 145          Tarix: 12-01-2024, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma