Xəbər lenti
Bu gün, 19:25

Məlum olduğu kimi, son günlərdə İran və Pakistan arasında münasibətlər gərgindir. İranın Pakistanın cənub-qərbinə zərbələr endirməsi İslamabadın narazılığı ilə qarşılanıb. Terrorçuluqla mübarizəni əsas gətirərək qonşu ölkənin ərazisini bombalayan Tehrana cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri İran ərazisindəki terrorçu hədəfləri sıradan çıxarıb.

Maraqlı detal ondan ibarətdir ki, İran Pakistan ərazisini vurarkən iki ölkənin rəsmi şəxsləri - İranın xarici işlər naziri və Pakistanın baş naziri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüş keçirirmişlər. Hadisədən xəbər tutan kimi, Pakistanın nümayəndə heyəti Davosu tərk edərək təcili şəkildə ölkələrinə qayıdıblar.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında İranın addımlarına sərt reaksiya verilib və suverenliyin pozulmasının cavabsız qalmayacağı vurğulanıb. Yuxarıda qeyd olunduğu kimi, bundan sonra Pakistan da İrana cavab zərbələri endirib. Proseslərin gərginləşdiyi və iki böyük ölkənin müharibənin astanasına gəldiyi vaxt Türkiyənin müdaxiləsi adekvat oldu.

Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə reaksiyası özünü gecikdirmədi və tərəflərə vasitəçilik təklif olundu. Bu gün Türkiyə XİN başçısı Hakan Fidan da Pakistan və İrandan olan həmkarları ilə telefon danışığı aparıb. Fidan danışıqlar zamanı bölgədə yeni problemlərin olmamasına diqqət çəkib və hər iki tərəfi mötədilliyə çağırıb. Nazirlər Cilani və Abdullahian da gərginliyin artmasını istəmədiklərini bildiriblər.

Türkiyənin yumşaldıcı və sülhpərvər yanaşması nümunə olsa da, digər beynəlxalq aktorlar və region ölkələrinin heç də hamısı bu xəttə uyğun siyasi kurs seçməyib. Soyuq müharibə dövründə Pakistanın ən yaxın və ənənəvi müttəfiqlərindən olan ABŞ son illərdə rəsmi İslamabadın Çinə yaxınlaşmasından məmnun deyil və buna görə də əvvəllər SSRİ, daha sonra isə Rusiya ilə isti münasibətlərdə olan Hindistana maraq salıb.

İranla ABŞ-ın münasibətlərinin hansı səviyyədə olması isə sirr deyil. Bu baxımdan Pakistan və İran arasında münasibətlərin gərginləşməsi Vaşinqton üçün ilk baxışda sərfəli olduğu qənaəti formalaşsa da, regionda yeni böyük müharibənin yaranması okeanın o tayında da arzuolunan deyil. Bununla belə, məsələnin tezliklə həll olunması da o qədər cəlbedici görünmür.

Rusiyanın mövqeyinə gəldikdə, hazırda dünyanın hansı regionunda olmasından asılı olmayaraq yeni müharibələrin başlanması, tarixi münaqişə ocaqlarının aktivləşməsi Moskva üçün göydəndüşmə olar. Bəllidir ki, Ukraynada aktiv döyüşlərin getdiyi vaxtda diqqətin başqa müharibələrə yönəlməsi Kremlin maraqlarına tam uyğundur.

Problemin böyüməsini istəməyən aktorlardan biri kimi Çini qeyd etmək olar. Burada heç də bəşəri dəyərlərdən, sülhün prioritetliyindən söhbət getmir. Pekinin səbəbləri kifayət qədər praqmatikdir. Həm Pakistan, həm də İran Çinin əsas tərəfdaşları olduğu üçün geosiyasi, daha çox isə iqtisadi motivlərlə problemin müharibə həddinə çatması "sarı əjdaha" üçün məqbul variant deyil.

Regional güclərdən Hindistan isə Çindən fərqli olaraq münaqişənin alovlanmasında və müharibəyə keçməsində maraqlıdır. Pakistanla ərazi mübahisəsi olan Hindistan üçün İslamabadın daha bir münaqişəyə cəlb olunması, nüvə dövlətinin ordusunun qərb sərhədlərində başının qarışması sevindirici olar.

Digər tərəfdən, Dehli Tehranla əməkdaşlıq etdiyi üçün İranın Hind okeanı sahillərində zəifləməsinin, üstəlik bunun Pakistanın güclənməsi ilə müşayiət olunmasının əleyhinədir. Yəni Pakistanın qazanacağı, İranın məğlub olacağı hər hansı müharibə Hindistan üçün də problemlər yarada bilər.

Bu hadisələrin müzakirə olunduğu vaxtda İordaniyanın Suriya ərazisini bombalaması Yaxın Şərqdə daha bir müharibənin alovlana biləcəyi ehtimalını diqqətçəkən edir. Uzun illər vətəndaş müharibəsinin getdiyi Suriyada ərazilərin böyük hissəsinin dövlət nəzarətindən kənar qalması terrorçuluqla yanaşı, narkotrafik üçün də münbit zəmin formalaşdırıb.

Bu baxımdan İordaniya səhradan keçən Suriya ilə sərhədlərindən ölkəyə narkotik daşınmasından uzun illər əziyyət çəkdiyini və rəsmi Dəməşqin problemi həll etmək iqtidarında olmadığını dəfələrlə bəyan etsə də, hərbi varianta ilk dəfə əl atırdı. Rusiyanın himayəsində olan Suriya hakimiyyətindən əvvəl Moskvanın narahat olması və İordaniyanın bu addımının arxasında Qərbin dayanması kimi ittihamlar kifayət qədər təbii görünə bilər.

Hadisələrin necə inkişaf edəcəyi, yeni müharibələrin başlayıb-başlamayacağı isə hələlik məchuldur...

Modern Təhlil və Araşdırma Qrupu




Ana səhifəyə qayıt        Baxış: 5 253          Tarix: 18-01-2024, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma