Xəbər lenti
Bu gün, 12:53
Bu gün, 11:49
Bu gün, 10:30
Bu gün, 00:05
Dünən, 22:45
Dünən, 21:28
Dünən, 20:43
Dünən, 19:34
Dünən, 18:33
Dünən, 18:00
Dünən, 16:33
Dünən, 14:10
Dünən, 13:42
8-10-2024, 22:00
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının dünən başlatdıqları “Üç qardaş-2021” birgə təlimləri bir həftə davam edəcək. Müdafiə Nazirliyi təlimlərin gedişi, tapşırıq və məramları barədə bəlli səbəblərdən geniş məlumat verməsə də, bu addım erməni tərəfi və onun havadarları arasında ciddi təşvişə səbəb olub.
Təlimlərə hazırlıq ərəfəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bəzi tədbirlər də bu təşvişin artmasında mühüm rol oynayır. Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan və Türkiyə əsgərləri Laçın dəhlizində birgə təlimlər keçirmiş, bölgənin relyefinə uyğun necə döyüşə biləcəklərini planlaşdırmışdılar. Ardınca da Azərbaycan polisləri Gorus-Qafan yolunda qurduqları postu fəal vəziyyətə gətirmiş, magistraldan keçən İrana məxsus yük maşınlarının sənədlərini və yükünü yoxlamağa başlamışlar. Daha sonra DGK-nin həmin maşınlardan “torpaqbasdı” rüsumu aldığı xəbərləri yayılmış, komitə də bunu təsdiqləmişdi. Sözsüz ki, bu yeni qaydaların tətbiqinin təkcə İran maşınları ilə məhdudlaşmayacağı, yoldan istifadə edən Ermənistan maşınlarına da, vətəndaşlarına da şamil olunacağı istisna deyil və ermənilər də bunu yaxşı başa düşürlər. Məhz bu hadisənin yaşandığı gün “Üç Qardaş-2021” hərbi təlimlərinin başlaması özlüyündə ciddi mesaj daşıyır, bir növ, Azərbaycanın haqq işinin İslamabad tərəfindən dəstəkləndiyinə işarə edir.
Nəzərə alsaq ki, Pakistan bəzi müsəlman ölkələrindən fərqli olaraq, bütün beynəlxalq tədbirlərdə həmişə Azərbaycanın tərəfində dayanıb, hətta indiyədək Ermənistanı tanımayıb, o zaman, iki dövlət arasında qardaşlıq münasibətlərinin yenicə ortaya çıxmadığı aydın olur. Amma son zamanlar daha çox özünü büruzə verən yaxınlaşmanı yalnız dindaşlıq kimi ortaq mənəvi dəyərlərlə əlaqələndirmək də doğru deyil. Hər bir dövlət kimi Pakistanın da milli maraqları var və onun bir çox addımları məhz bu maraqlardan irəli gəlir.
Sual oluna bilər: Azərbaycanla Pakistanı bir hədəfdə birləşdirən daha hansı dəyərlər mövcuddur və İslamabad açıq şəkildə bizim tərəfimizi tutmaqla nəyə nail olmaq istəyir?
Zənnimizcə, İslamabadın əsas məqsədlərindən biri də Afrikanın şimalından tutmuş Mərkəzi və Cənubi Asiyaya qədər uzanan böyük coğrafiyada yaxın müttəfiqləri ilə əl-ələ verib böyük güc mərkəzinə çevrilməkdir. Əsasən, islam dünyası adlanan bu coğrafiyada İslamabadın öz hədəflərini reallaşdırmaq üçün hər cür şərait də mövcuddur: Dünya iqtisadiyyatına güc verən ərəb kapitalı, dünyanın sayılıb-seçilən hərbi qüdrətlərindən olan Türk ordusu, Pakistanın Fransanı belə, geridə qoyan nüvə arsenalı, zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, siyasi cəhətdən axsayan və dünyanın bütün güc mərkəzlərinin uğrunda amansız mübarizə apardığı Mərkəzi Asiya ölkələri, ən əsası isə dünya iqtisadiyyatının aparıcı gücünə çevrilmək əzmində olan Çin.
Bəs, Pakistan bu qədər geniş və maraqları bir-birindən fərqlənən coğrafiyaları bir araya gətirmək qüdrətindədirmi?
Təbii ki, təkbaşına yox. Amma sözügedən coğrafiyadakı güc mərkəzləri ilə ədalətli, “qazan-qazan” prinsipinə söykənən ittifaqlar qura bilərsə, qarşıya qoyulan hədəflərin reallaşmaması üçün heç bir maneə yoxdur. Maraqlıdır ki, potensial müttəfiqləri də Pakistanın bu birləşdirici xüsusiyyətinin fərqindədir. Hətta bir çox hallarda özləri bu təşəbbüsü ələ almaq üçün İslamabadı təşviq edirlər. Bunu Səudiyyə Ərəbistanının 2015-ci ildə 40 müsəlman ölkəsini birləşdirərək İslam Ordusu yaratmaq, komandanlığı isə Pakistana tapşırmaq planında da aydın sezmək olurdu. Pakistan həmin illərdə Səudiyyə Ərəbistanının onu mənasız yerə İranla kəllə-kəlləyə gətirmək istədiyini anladığından bu planda fəal istirak etməkdən yayınmış və daha böyük ideallar arxasınca düşmüşdü. ABŞ-ın bu ilin sonlarına qədər Yaxın Şərqdən də çəkilmək planını bəyan etməsi və Misirin ərəb liqasının ümidlərini doğrultmaması səbəbindən Pakistan hazırda da körfəz dövlətlərinin İrandan qorunmaq üçün sığındığı son liman halına gəlib.
Sözsüz ki, Misirin özünün doğrultmamasında və ərəb dünyasının hamiliyində Pakistana uduzmasında bu dövlətlərin yerləşdiyi məkanların da xüsusi rolu var. Belə ki, Misir İsrailin tam sərhədində yerləşir və Fələstinə açılan yeganə qapı bu ölkədəndir. Onun hərbi qüdrəti isə ABŞ-ın yardımlarından asılıdır. ABŞ da İsrailə potensial təhlükə yarada biləcək hərbi qüdrətin ən kritik məkanda formalaşmasına imkan verməzdi və vermədi də. Yaxın Şərqdə başlayan “ərəb baharı” ilə bu təhlükə ortaya çıxınca, ABŞ Misirin başını buraxdı. Amma Mərkəzi Asiya ölkələrini Rusiya təsirindən çıxarmaq və bu zaman yaranacağı gözlənilən avtoritar boşluğu İranın doldurmasının qarşısını almaq üçün İslam dünyasının liderliyinə iddia edəcək gücə ehtiyac vardı və bu güc Asiyaya sürüşdürlüməli idi. Müsəlman Asiyasının ən böyük hərbi qüdrəti isə Pakistandır. Ölkənin İslam dünyasında hələ ki, yeganə nüvə gücü olmasının da bu seçimdə mühüm payı vardı. Nəzərə alsaq ki, ABŞ və İsrailə İranın nüvə proqramının qarşısını almaq planını reallaşdırmaq müyəssər olmadı, deməli onların qarşısında yeganə yol qalır: nüvə İranını nüvə Pakistanı ilə zərərsizləşdirmək.
Üstəlik, Pakistanın 1980-cı illərdə SSRİ kimi bir nəhəngi özünə bağlı qüvvələr vasitəsilə Əfqanıstanda ağır məğlubiyyətə uğradıb bölgədən qovmaq kimi ciddi təcrübəsi də var və İslamabad eyni uğuru Mərkəz Asiya ölkələrində təkrarlaya bilərdi. Bütün bunları hesaba qatanda Pakistanın böyük hərbi güc mərkəzi kimi önə çıxması təəccüblü sayılmamalıdır.
Pakistan isə yalnız ABŞ cizgisində qalmaqla kifayətlənmədi. Xüsusilə, İsraillə ABŞ arasında ziddiyyətlərin üzə çıxdığı Obama hakimiyyəti zamanı Pakistanın fürsətdən faydalanıb Çinlə hərbi əlaqələrini genişlətdiyi də sirr deyil. Rəsmi statistik məlumatlara inansaq, 2011-ci ildə artıq ABŞ və Çinin Pakistan ordusuna verdiyi hərbi yardım demək olar ki, eyni səviyyəyə çatmışdı. 2016 -cı ildə isə Çinin Pakistana hərbi dəstəyi 63 faizi keçmişdi. Beləcə ABŞ-la Pakistan arasında hərbi əməkdaşlıq da getdikcə zəifləmiş və 2019-cu ildə Tramp hakimiyyəti İslamabada hərbi yardımları tamamilə dayandırmışdı. Məhz bu zamandan sonra Pakistanın əsas müttəfiqi Çin olmuşdu.
Bəs Çin niyə Pakistanı dəstəkləyir?
Fikrimizcə, Çinin Pakistanı dəstəkləməsinin bir neçə səbəbi ola bilər. Bunlardan biri ortaq düşmənləridir. Hər iki dövlətin başlıca regional düşməni Hindistandır. Əsrlər boyu Hindistan müsəlmanların idarəçiliyi altında olanda pakistanlılar özlərini həmin ölkənin həqiqi sahibləri kimi görürdülər. Əslində Pakistan əhalisinin türklərə duyduğu böyük rəğbətin təməllərində də yüzillərlə formalaşmış bu minnətdarlıq hissi dayanır. Çünki Hindistanın müsəlman hegemonluğu altına girməsi türklərlə başlamış, onlarla da sonlanmışdı. 12-ci əsrdə Qəznəvilər tərəfindən fəth olunan Hindistan 19-cu əsrin əvvəllərində ingilislərin əlinə keçənə qədər müxtəlif Türk imperatorluqlarının hakimiyyəti altında qaldı. İngilislər bu ölkəni işğal edəndən sonra orada hindu millətçiliyi yaydı və ölkənin yerli xalqları arasında vətəndaş müharibəsi başladı. 1947-ci ildə ingilislərin bölgədən çəkilməsi ilə Hindistan bir neçə yerə bölündü. Pakistan da bölünən həmin nəhəng dövlətin əsas parçalarından biridir. Bir-birindən düşmənçiliklə ayrılan Hindistanla Pakistan arasında hələ də öz həllini tapmayan torpaq iddiaları var. Xüsusilə Kəşmir problemi vaxtaşırı iki dövləti qarşı-qarşıya gətirir, beynəlxalq güclərin araya girməsi ilə münaqişə böyük müharibələrə yol açmadan yatırılır. Hindistanın Çinlə də torpaq anlaşılmazlıqları var. Məhz bu amil iki dövləti Hindistana qarşı birləşdirən əsas faktorlardandır.
Çinin digər əsas problemi ABŞ-ın onu iqtisadi cəhətdən zəiflətmək üçün Hindistana böyük maliyyə yardımları etməsidir. ABŞ-ın bu siyasəti Pakistanın da işinə gəlmir. Çünki iqtisadi cəhətdən güclənmiş Hindistan İslamabad üçün daha böyük problemə çevrilə bilər. Bu mənada Çinlə Pakistanın hərbi əməkdaşlığı dar çərçivədə Hindistan təhlükəsinə, geniş çərçivədə isə ABŞ-a qarşı yönəlib.
Pakistan Çin üçün həm də “Bir Kəmər, Bir Yol” layihəsinin əsas tranzit keçididir. Qərbi Çin dənizi sahillərində yerləşən ölkələri Trans-Sakit okean Tərəfdaşlığı adı altında bir araya toplayan ABŞ Pekinin okeanlara açılmasına imkan vermədiyindən Asiya nəhəngi problemin həllini quru yolu ilə Qərbə açılmaqda görür, bu istiqamətdə fəal işlər aparır.
“Bir Kəmər, Bir Yol” adlanan bu layihədə onun ən böyük tərəfdaşı Pakistandır. Pakistanın şimal-şərqindən başlayıb cənub-qərbindəki Oman körfəzinə açılan dəhliz vasitəsilə Yaxın Şərq ölkələrinə, Afrikaya, hətta Avropaya qədər uzanan bu yola “Bir Kəmər, Bir Yol” layihəsinin cənub marşrutu deyilir. Yolun Pakistan üzərindən keçən hissəsi isə Pakistan İqtisadi Əməkdaşlıq Koridoru adlanır.
Pakistanın Çin üçün əhəmiyyəti yalnız “Bir Kəmər, Bir Yol”un cənub qolu ilə də məhdudlaşmır. Bu ölkə həmçinin “Yeni İpək Yolu”nun Orta Marşrutu üçün də böyük əhəmiyyət daşıyır. Nədən ki, bu yol Əfqanıstan üzərindən Mərkəzi Asiyaya açılır. Çinin isə nə Əfqanıstanda, nə də Mərkəzi Asiyada “yumşaq güc” formalaşdırmaq imkanları geniş deyil. Bu işdə də ona Pakistan lazımdır. Çünki İslamabad Əfqanıstan üzərində birbaşa nəzarət imkanına sahib olduğu kimi, digər Mərkəzi Asiya ölkələrini də ona bağlayacaq ortaq mənəvi dəyərlər var. Söhbət sözsüz ki, islami dəyərlərdən gedir.
Üstəlik, Çin indiki ağır vəziyyətində Orta Asiya ölkələrində özünün “yumşaq gücünü” yaradaraq Rusiyanı da qarşısına almaq istəmir. Ən azı o səbəbdən ki, yumşaq güc yarışında Rusiyanın asanlıqla Çini məğlub etmək imkanları var. Pakistan isə bir dəfə Əfqanıstanda onun çiyinlərini yerə vurmağı bacarıb. Özü də Rusiyanın ən güclü zamanlarında.
Üstəlik, Pakistan bu işi Türk dünyasını daha rahat öz tərəfinə çəkə biləcək bir qüvvə - Türkiyə ilə həyata keçirməkdə maraqlıdır. Zatən “Bir Kəmər, Bir Yol” layihəsinin ən önəmli qapılarından biri də - Orta Marşrut Türkiyədən keçir. Dolayısıyla Türkiyə bu proyektdə ən çox qazanan tərəflərdən biri ola bilər və öz əlini daşın altına qoymaqda maraqlıdır.
Mərkəzi Asiya ölkələrinin də Əfqanıstan üzərindən Pakistana açılmaq perspektivləri mövcuddur və bu xətt onları dünya əhalisinin yarısından (4.2 milyard) çox insanın yaşadığı coğrafiyaya çıxarır. Dolayısıyla öz təbii sərvətlərini satmağa yer axtaran bu ölkələr Pakistan vasitəsilə böyük bazar qazana bilərlər. Tələbat gücü böyük olan bu bazar Orta Asiya ölkələri üçün öz iqtisadiyyatlarını şaxələndirmək imkanı deməkdir.
Məsələyə bu aspektdən yanaşanda həm Pakistanın, həm də Türkiyənin Azərbaycanın ən həlledici anında – Gorus-Qafan yolunda İran maşınlarına gömrük rüsumu kəsəndə və Laçın dəhlizində hərbi təlim keçirəndə yanımızda olması təsadüfi deyil. “Üç Qardaş-2021” təlimləri bu mənada həm İrana, həm də Rusiyaya ciddi mesajlar verir.
Sual oluna bilər: Zəngəzur dəhlizinin açılmasını tələb edən Türkiyənin Gorus-Qafan yolunun bağlanmasında marağını anlamaq mümkündür; çünki bu iki yol bir-birinin alternatividir, bəs Pakistan niyə bu məsələdə bizə dəstək verir?
Məsələ burasındadır ki, İran da Pakistan, Çin və Türkiyə kimi Orta Asiyanın dənizə açılmasında vacib marşrut xətlərindən biri kimi çıxış edir. İranın sabiq Xarici İşlər naziri Cavad Zərif bir neçə ay əvvəl Orta Asiya ölkələrinə səfərə getmiş və rəsmilərlə görüşündə bu coğrafiya üçün okeanlara ən qısa marşrutun İran üzərindən keçdiyini söyləmişdi. Faktiki olaraq bu çağırış Pakistan İqtisadi Əməkdaşlıq Koridoruna qarşı çıxış kimi qiymətləndirilə bilər.
Bundan əlavə, İran həm Çinin, həm də Pakistanın iqtisadi maraqlarına zidd olaraq Hindistanla ticarət əməkdaşlıqlarını inkişaf etdirmək istəyir. ABŞ-dan aldığı dəstəklə Çini önləməyə çalışan Hindistan Oman körfəzinə çıxardığı məhsulları İran üzərindən Ermənistana və Gürcüstana keçirə, burdan isə Qara dəniz vasitəsilə Avropaya, yaxud Rusiyaya nəql edə bilər.
Maraqlıdır ki, İslam respublikası olduğunu rəsmən bəyan edən İran eynən bizimlə Ermənistan arasında olduğu kimi, Hindistanla Pakistan münasibətlərində də hər zaman qeyri-müsəlman tərəfin yanında yer almış, bu da istər-istəməz İslamabadın qəzəbinə səbəb olmuşdur. Hətta 1996-cu ildə Əfqanıstanda Taliban hakimiyyətinə qarşı keçirdiyi beynəlxalq konfransa Hindistanı da çağırması İslamabadla Tehran arasında ciddi narazılıq yaratmışdı.
İranın Pakistana qarşı bu “qəfil badalaqları” bununla da bitmir. 2003-cü ildə ABŞ İraqı işğal edəndən sonra İrana qarşı hazırladığı hücum planının qarşısının alınmasında İslamabadın etirazlarının mühüm rol oynadığı qeyd edilir. Bunun əvəzində isə, İran ABŞ tərəfindən işğal olunmuş Əfqanıstanla ticarət əlaqələrini genişləndirmək üçün Çabahar limanını açdı. Bu liman Pakistandan yan keçərək Əfqanıstana çıxışı təmin edir və əsasən Hindistan mallarının sözügedən ölkəyə daşınmasını nəzərdə tuturdu. Başqa sözlə, Pakistanın bir nömrəli düşmənı olan Hindistana Pakistansız Əfqanıstan yollarını açırdı. Di gəl ki, ABŞ Hindistanla İranın çox yaxınlaşmasını istəmədiyindən Yeni Dehliyə bu limandan istifadə etməməyi tapşırdığından Tehranın bu “çoxbilmişliyinin” qarşısı alınmışdı. Daha sonra İran Cabahar limanına xərclədiyi pulları çıxarmaq üçün Mərkəzi Asiya ölkələrini Əfqanıstan üzərindən bu limana bağlamaq istəmişdi.
Pakistanla İran arasında məzhəbçilikdən doğan başqa problemlər də var və Tehran bu silahdan “ustalıqla” istifadə edir. Pakistan əhalisinin 15-20%-nin şiə olduğunu nəzərə alsaq, İslamabadın Tehranla niyə ulduzunun barışmadığının bir başqa səbəbini də anlaya bilərik. Üstəlik, Pakistan İranla əlaqələrində əsas hərbi müttəfiqləri sayılan və onu ciddi şəkildə maliyyələşdirən Yaxın Şərq ölkələrini də düşünməlidir. Ən azı o səbəbdən ki, ABŞ-ın Yaxın Şərqi tərk etməsindən sonra İranla körfəz ölkələri arasında yaşanan ziddiyyətlər bu coğrafiyada fəaliyyət göstərən pakistanlı əmək miqrantlarının da vəziyyətini çətinləşdirəcək. Məlumata görə, hazırda körfəz ölkələrində 3 milyondan çox pakistanlı çalışır və onlar hər il ölkəyə 22 milyard dollardan artıq pul gətirirlər. Pakistan, dövlət büdcəsinin 7%-nə bərabər olan bu rəqəmi 40 milyard dollara qədər yüksəltməyi düşünür. Əlbəttə ki, bu, körfəzdə sabitlik hökm sürərsə, mümkündür. Bunun üçün isə İran öz dağıdıcı dini ideyasını xaricə ixrac edəcək qədər pul tapa bilməməlidir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar