“Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Parlamentdə səsləndirdiyi fikirlərlə əlaqədar deyib.
“Təəssüf ki, növbəti dəfə Niderland rəsmisi Parlament nümayəndələrinin sorğusuna cavab olaraq ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Bu ilk dəfə deyil ki, Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlər səsləndirilir. Bu açıqlamalar, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə post-münaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir.
Bu kimi bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbədir.
Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi, səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib.
Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoymağa çağırırıq”, - deyə XİN sözçüsü bildirib.
Paylaş: