Ermənistanda çıxan “Fakt-İnfo” qəzeti Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı yeni fərziyyələr irəli sürüb.
Qəzetin analitik məqaləsində qeyd olunur: “Görünür, Qərb ardıcıl olaraq Ermənistanla Azərbaycan arasında “istənilən” sənədin imzalanmasına nail olmaq istəyir. Nikol Paşinyana daxili legitimlik qazanması və qondarma “sülh müqaviləsi”ni imzalaması üçün müəyyən “bonus” vəd edilməsi faktı ilə yanaşı, Qərbdə tərəfləri həvəsləndirmək üçün əlavə tədbirlər həyata keçirilir”.
Paşinyana müxalif olan qəzet daha sonra yazır: “Kənardan nə qədər gülməli görünsə də, Avropa və Amerikanın bir sıra yüksək rütbəli məmurları sülh müqaviləsi imzalayacağı təqdirdə Nikol Paşinyan və İlham Əliyevi Nobel Sülh Mükafatına namizəd kimi irəli sürmək üçün öz ölkələrində lobbiçilik edirlər. Hər ikisinin son dərəcə iddialı olmasına baxmayaraq, Nikol Paşinyanın bu mükafatı düşmən ölkənin, xüsusən də “artsax”a qarşı amansız müharibəyə başlayan, onun ermənisizləşdirilməsini həyata keçirən və ümumən çoxlu hərbi cinayətlər törədən dövlətin rəhbəri ilə bölüşməyə necə razı olacağı maraqlıdır”, – nəşr yazır.
Qeyd edək ki, erməni mediasının bu cür paranoidal iddialarla çıxış etməsi ilk dəfə deyil. Onlara elə gəlir ki, Azərbaycan və Ermənistan arasında bağlanan istənilən sülh sazişi erməni xalqına xəyanət deməkdir. Hətta düzən Qarabağın böyük hissəsi, 5 rayonumuz əllərində olanda da erməni jurnalistlər və digər “ziyalılar” sülhə qarışıydılar.
Nobel mükafatı söhbəti də yeni deyil. Bu məsələ 25 il əvvəl tərəflər sülh danışıqları aparanda, güzəştə meyllənəndə də qabarmışdı. Həm Ermənistanda, həm də Azərbaycanda belə bir mülahizə vardı ki, iki ölkə arasında sülh sazişi imzalansa, ölkə liderlərinə Nobel mükafatı veriləcək.
Musavat.com
Paylaş: