Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 25-də bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistansız dağılmayacaq. O, Ermənistanın baş naziri Nikol Paşinyanın bu təşkilata üzvlüyün dondurulması ilə bağlı sözlərinə belə reaksiya verib. Minsk Ermənistan hakimiyyətinin demarşını pisləyib, onları Qərbin xeyrinə Avrasiya əməkdaşlığından imtina etmək cəhdində ittiham edib. İrəvanın bu cür səyləri nəyə gətirib çıxara bilər.
Bu mövzuda NEWS.ru geniş material təqdim edib.
Politoloq Aleksey Dzermant NEWS.ru-ya bildirib ki, İrəvan hazırkı mövqeyilə KTMT üzvü olan bütün ölkələrə ziyan vurur.
“Ermənistanın siyasi addımları təşkilatı gücləndirmir, əksinə onun imicinə xələl gətirir. Buna müsbət münasibət bəsləyə bilmərik”, - deyə politoloq qeyd edib.
Dzermantın fikrincə, Ermənistan rəhbərliyinin “Avrasiya inteqrasiyasından uzaqlaşmaq” cəhdləri açıq-aydın görünür. İrəvan bəhanə kimi Qarabağ ətrafındakı münaqişədə KTMT-nin dəstəyinin olmaması ilə bağlı tezislərdən istifadə edir.
“Lakin heç kim Ermənistana özünün belə müstəqil dövlət kimi tanımadığı ərazini müdafiə edəcəyinə söz verməyib. Bu, öz məsuliyyətini başqalarının üzərinə atmaq cəhdidir”, - Dzermant aydınlıq gətirib.
Politoloqun fikrincə, Ermənistan rəhbərliyinin dəyərləri qərbyönlü xarakter daşıyır, İrəvan Moskvanın dəstəyini Qərbin köməyi ilə əvəz etməyə çalışır. Amma o hesab edir ki, bu, səhvdir, çünki postsovet məkanında NATO, ATƏT, Avropa Şurası kimi strukturlar peyda olanda onlardan yaxşı heç nə gözləmək olmaz.
“Onlar Ermənistanın təhlükəsizliyinə tam təminat verə bilməyəcəklər və şübhəsiz ki, sabitliyi pozacaqlar. Ermənistan Rusiya ilə Belarus və İran arasında kommunikasiyada əsas körpüdür. Nə yaxşı ki, Ermənistan artıq Türkiyə ilə təmaslara başlayır, bunu çoxdan etmək lazım idi. Amma biz - Rusiya, İran, Türkiyə, Azərbaycan çoxdandır ki, belə əməkdaşlığı təklif edirik. Avrasiya problemlərini Qərb strukturları deyil, Avrasiya dövlətləri özləri həll etməlidir. Fransa və ABŞ-dəki erməni lobbi strukturları İrəvanı öz təsir dairələrinə çəkir, Rusiya, İran və Türkiyəyə qarşı tarazlıq yaradır. Biz Ermənistan rəhbərliyinin siyasətindən çox narahatıq”, - Dzermant bəyan edib.
Eyni zamanda, politoloq xatırladıb ki, Ermənistan hələ də Avrasiya strukturları ilə əməkdaşlıqdan böyük iqtisadi gəlirlər əldə edir. Məsələn, Ermənistanla Belarus arasında ticarət dövriyyəsi durmadan artır. Son beş ildə bu rəqəm 2,5 dəfə artıb və ötən il 84 milyon dollara çatıb.
Aİ-yə inteqrasiya perspektivlərinin öyrənilməsi üzrə Belarus Mərkəzinin rəhbəri Dmitri Belyakov əmindir ki, Paşinyanın bəyanatları Qərb üçün nəzərdə tutulub, Ukrayna sxemi ilə böyük məbləğlər almaq üçün edilir. Onun sözlərinə görə, Paşinyanın ölkədəki siyasi və maliyyə qruplarına yenidən bölüşdürülməsi üçün köməyə ehtiyacı var.
“Bunun müqabilində bu qruplar onun hakimiyyətdə qalmasını təmin etməlidir. Paşinyanın şəxsi marağı buradadır”, - Belyakov NEWS.ru-ya bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri KTMT-yə qarşı irəli sürülən iddiaların hüquqi uyğunsuzluğunu başa düşdüyü üçün səs-küylü bəyanatlardan o tərəfə keçmir. 2020 və 2023-cü illərdə hərbi əməliyyatlar eksklüziv olaraq Azərbaycan ərazisində aparılıb, Ermənistanın bütövlüyünə heç bir təhlükə olmayıb, ona görə də KTMT-nin İrəvana necə kömək edə biləcəyi bəlli deyil.
“Ermənistan Rusiya üçün troya atı rolunu oynayır. Paşinyanın bəyanatları Qərbin ümumi oyun zənciri kimi qiymətləndirilməlidir. Fransa Ermənistana ciddi silah vəd edərək nə əldə edir? ABŞ niyə bu ölkənin problemlərini müzakirə edir? Onların məqsədi Rusiyanı məhv etməkdir. Ukrayna böhranı hərbi sahəyə keçib və bunda NATO və Ukrayna Silahlı Qüvvələri çox böyük hərbi potensiala malik Rusiya ilə rəqabət apara bilmir”, - ekspert vurğulayıb.
Belyakov hesab edir ki, Ermənistan Rusiyaya növbəti zərbəni endirmək üçün Qərb tərəfindən seçilib. Belyakov proqnozlaşdırır ki, növbəti addım erməni millətçilərinin Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbləri ola bilər.
“Baza Cənubi Qafqaz və Xəzər regionunda ciddi rol oynayır. Oradan Əfqanıstan və Pakistandan olan dini ekstremistlərin aktiv oyun oynamağa çalışdığı Mərkəzi Asiyaya qüvvələr ötürmək olar”, - belaruslu ekspert deyib.
İrəvanın Moskvaya qarşı daha bir addımı Ermənistan ərazisinə başqa ölkələrin hərbi kontingentlərinin yerləşdirilməsi ola bilər. Bundan əlavə, bu, Qərbin kəşfiyyat strukturlarının Rusiyanın cənubundakı vəziyyəti pozmaq üçün Cənubi Qafqaza daxil olmasına yol açacaq.
Dmitri Belyakov hesab edir ki, bu gün postsovet məkanında KTMT-də ciddi islahat tələb edən yeni çağırışlar var.
Paylaş: