Xəbər lenti

Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında sülh prosesinin daha da irəliləməsinə yol açır.

"Report" xəbər verir ki, bu barədə politoloq Ariel Koqanın Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi tərəfindən dərc olunan məqaləsində deyilir.

Müəllif vurğulayıb ki, delimitasiya danışıqları 30 ildən artıqdır ki, heç bir nəticə əldə edə bilməyən vasitəçilər olmadan aparılıb: “Məsələn, Fransa, Rusiya və ABŞ-dən olan həmsədrlərin rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupu Rusiya ilə Qərbin geosiyasi qarşıdurması səbəbindən həll yolundan kənarda qalıb. Hər iki tərəf uğursuzluğa görə bir-birini günahlandırıb, baxmayaraq ki, reallıqda Rusiya və Fransa Ermənistan üzərində nəzarət uğrunda mübarizə aparırdılar. Fransa Ermənistandan Türkiyə ilə regional rəqabətdə istifadə edir, bu zaman isə Azərbaycanı öz rəqibinin bir “qolu” kimi görür”.

Məqalədə bildirilib ki, Ermənistan tərəfi Alma-Ata Bəyannaməsinə uyğun olaraq sərhədin demarkasiyasına qayıtmağa rəsmi razılıq verməklə dolayısı ilə etiraf edib ki, Azərbaycanın hərbi addımları “ədalətli müharibə” prinsiplərinə uyğun olaraq haqlı idi.

A.Koqan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsinə də toxunub və vurğulayıb ki, ABŞ və Fransa istisna olmaqla, Avropa İttifaqı dərhal rəsmi və nümayişkaranə surətdə, delimitasiya sazişini alqışlayıblar: “Cənubi Qafqazda münaqişənin sülh yolu ilə həlli Fransanın regiondakı mövqeyinə zərər verir. Paris münaqişənin yenidən gərginləşməsindən fayda əldə edə bilərdi, çünki bununla İrəvanı yeni silahlarla təmin edərdi. Mövcud razılaşma isə Azərbaycanın mövqeyini gücləndirəcək sülh sazişinə doğru bir addım ola bilər”.

Məqalədə qeyd edilib ki, regionda digər oyunçular (İran və Hindistan), Zəngəzur nəqliyyat dəhlizi layihəsi kimi digər problemlər də var.

“Ancaq görünən odur ki, hazırda sülh vasitəsilə həll yolu açılır. İndi hər şey Ermənistanın hazırkı rəhbərliyinin keçmiş və indiki müttəfiqlərinin xarici təzyiqlərinə nə dərəcədə tab gətirə biləcəyindən asılıdır”, - A.Koqan əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 716          Tarix: 23-04-2024, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma