"Rusiya Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukrayna münaqişəsinin həlli üçün ölkələrin geniş iştirakı ilə beynəlxalq sülh platformasının yaradılmasının zəruri olduğu barədə bəyanatı ilə razıdır".
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bilirsiniz ki, Prezident Vladimir Putin Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərin üstünlüyünün qəti tərəfdarıdır. Əlbəttə ki, biz heç vaxt danışıqlardan imtina etməmişik. Əksinə, biz bütün maraqlı tərəflərin iştirakı ilə danışıqların tərəfdarı olmuşuq. Hələlik belə bir platforma yoxdur, burada cənab Fidanla yalnız razılaşmaq olar", - deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, iyun ayında Fidan Rusiyaya səfəri çərçivəsində Nijni Novqorodda "BRICS+" ölkələrinin XİN başçılarının görüşündə iştirak edib. O, həmçinin Rusiyalı həmkarı Sergey Lavrov və Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.
Mənbələrin məlumatına görə, görüşlərdə Ukraynada nizamlama, Qəzza sektorunda və Suriyada vəziyyət müzakirə olunub.
Paylaş: