2024-cü ilin son ayna giririk. Əfsuslar olsun ki, bu il də böyür-başımızdakı müharibələr, qırğınlar nə azaldı, nə də dayandı. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi isə növbəti dəfə əlçatmaz oldu.
Hərgah Bakıdan və nə qədər qeyri-ciddi səslənsə də, İrəvandan yetərincə nikbin bəyanatlar verildi. Amma tərəflər arasında sülh müqaviləsi, yaxud buna bənzər hansısa “çərçivə sənədi” imzalanmadı – sülh mətninin böyük hissəsinin razılaşdırıldığı bildirilsə də. Qarşıdakı bir ayda yəqin ki, möcüzə yaşanmayacaq.
Qısası, “yük öz köhnə yerində” qalır. Bu azmış kimi, Ermənistan təzə havadarları hesabına silahlanmağa davam edir. Bundan ötrü cırtdan və “iqzoy” ölkə gələn il üçün rekord həcmdə - 1.7 milyard ABŞ dolları dəyərində hərbi büdcə müəyyən edib. Birləşmiş Ştatlar, Fransa ilə birgə hərbi təlimlər keçir. Müdafiə naziri Suren Papikyan Parisdən vurub Dehlidən çıxır...
Doğru, rəqəm Azərbaycanın hərbi xərcləri ilə müqayisədə təxminən 3 dəfə azdır (5 milyard dollar), amma əsas əlbəttə ki, hansısa rəqəm yox, niyyətdir. Necə deyərlər, “niyyətin hara, mənzilin də ora”. Ermənistan rəhbərliyinin məramı, niyyəti isə bişəkk, xoş deyil.
Çünki İrəvan “biz də dövlətik, silahlanma və müdafiə haqqımız var” kimi bəyanatlar versə də, xüsusən də son zamanlar aldığı silahlar daha çox hücum xarakterlidir. Ən mühümü isə odur ki, belə silahları alan ölkə Azərbaycan və Türkiyəyə qarşı konstitusion ərazi iddialarından əl çəkməyə tələsmir.
Gerçək bu ki, Ermənistan müharibə konstitusiyasından imtina etmək istəmir. O konstitusiya ki, “miatsum” adlı sarsaq ideologiya üçün günü bu gün dı “oksigen balonu” rolu oynamaqdadır. Demək, Nikol Paşinyan həmin “balonu” bağlamayınca kapitulyant ölkənin sürətlə silahlanmasından dolayı Bakının narahatlığı həmişə əsaslı olacaq...
Üstəgəl, rəsmi İrəvan yaxın keçmişin, işğal dönəminin eybəcər qalığı olan üzdəniraq Minsk Qrupunun rəsmi ləğvinə də dirəniş göstərir. Torpaq iddiasının, revanşizm ovqatının daha bir sübutu. Yerdə nə qaldı?
Dönə-dönə yazmışıq, haylar üçün bir də təkrarlamaqda fayda var ki, özünə hörmət edən dövlət kimi Azərbaycan ona qarşı ərazi iddiası olan bir ölkədə nəinki səfirlik açmayacaq, onun ərazi bütövlüyünü də tanımayacaq. Ona görə ki, ərazi bütövlüyünün tanınmasının birinci şərti ərazi iddiasının olmamasıdır.
Əgər Ermənistan bundan nümayişkaranə şəkildə imtina edirsə, bu məqsədlə yüz hoqqadan çıxırsa, o zaman eyni münasibətin onun özünə də rəva görüləcəyini qulağında sırğa etməlidir. Əgər siz qonşunun suverenliyini və beynəlxalq miqyasda tanınan ərazi bütövlüyünü ciddiyə almırsızsa, o zaman Azərbaycan əsgəri harda duracaqsa, sərhəd də ordan keçəcək...
Erməni tərəfinin özünü aldatması yetər. “Erməni tərəfi” deyərkən, şübhəsiz, təkcə N.Paşinyan və onun hökuməti nəzərdə tutulmur. İqtidarlı-müxalifətli Ermənistanın siyasi kəsimi və cəmiyyətindən söhbət gedir. Çünki Prezidentin xüsusi tapşırıqlar üzə səfiri Elçin Əmirbəyovun ötən ay Qərb nəşrlərindən birinə verdiyi müsahibədə söylədiyi kimi, Azərbaycan Paşinyanla yox, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir – bütün zamanlar və hakimiyyətlər üçün qüvvədə olacaq sülh müqaviləsi!
Odur ki, nə qədər ki, Ermənistanın formal dövlətçiliyi də yoxa çıxmayıb, miatsum” üçün “oksigen balonu”nu bağlamağa tələsin. Həmişəlik...
Müsavat.com
Paylaş: