Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini, senator Frants Klintseviçin "Report" agentliyinə eksklüziv müsahibəsi:
- Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
- Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq həm ikitərəfli, həm də MDB çərçivəsində olmaqla beynəlxalq müqavilələr əsasında qurulur. Burada heç bir kortəbiilik, təsadüfilik yoxdur. Dağlıq Qarabağmünaqişəsi də daxil olmaqla hər şey düşünülür, ölçülüb-biçilir, nəzərə alınır. Rusiya paritet siyasətinə əməl edir. Rusiya-Azərbaycan, Rusiya-Ermənistan arasında münasibətlərin xüsusiyyətlərini nəzərə alsaq, ölkəmizi nədəsə ittiham etmək çətindir. Azərbaycanla hərbi-texniki əməkdaşlığın layiqli səviyyədə olduğunu demək olar.
- Lakin Ermənistan tərəfi Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın bu səviyyədə olmasını istəmir. Nəticədə onların NATO ilə "oyununu" gördük. Rusiyada buna necə münasibət göstərirlər?
- Tərəfdaşlarımızdan hansısa biri ikili, bəlkə də üçlü oynayanda aramızda açıq dialoq aparılır: həmin ölkə xarici siyasi prioritetlərində və yanaşmalarında dəyişiklik olub-olmadığını təsdiq etməlidir.
Bu məsələdə Rusiya həmişə prinsipial olub. Biz bütün müqavilələrimizə ciddi yanaşırıq və qardaşı xalqlarla əlaqələrimizi qiymətləndiririk. Belə məsələlərdə kiminsə nazı ilə oynamırıq, beynəlxalq müqavilələri nəzərə alırıq.
- Bəs Rusiya ilə NATO-ya üzv Türkiyə arasında hərbi əməkdaşlıq necədir? Yəni Türkiyəyə "S-400" zenit-raket komplekslərinin mümkün tədarükü və gələcək perspektivləri nəzərdə tuturam...
- Hesab edirəm ki, hərbi planda Rusiya ilə Türkiyənin əməkdaşlığı müvəqqəti prosesdir. Onlar bizimlə əməkdaşlıqda maraqlıdır, bizi işə güzəştə gedirik. Türkiyənin "S-400" sisteminə sahib olması onu hərbi planda kifayət qədər müstəqil edir və bu, ABŞ-ı narahat edir. Bu məsələdə müəyyən strategiya var: manevr imkanı əldə etmək üçün müxtəlif variantlarımız olmalıdır. Bu gün Türkiyə bölgədə ciddi hərbi gücə malikdir, onların silahlı qüvvələri isə Avropada demək olar, ən yüksək döyüş qabiliyyətli və etibarlıdır.
Digər tərəfdən, Türkiyə SSRİ tərəfdən olan təhlükəyə görə NATO üzvü olub. Amma bu gün o, şimal qonşusundan heç bir təhlükə görmür və əksinə, suverenliyinə Qərbdən təhlükə görür. Heç kim "düşmənimin düşməni mənim dostumdur" deyimini ləğv etdirməyib. Odur ki, bizim əməkdaşlığımız, həmçinin də terrorla mübarizə sahəsində, perspektivlidir.
- Qərbin hansı sanksiyaları Rusiyanın hərbi-sənaye kompleksinə təsir göstərib?
- Sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksinin inkişafına əməlli təsir edib. Dövlət sifarişinin yerinə yetirilməsində hardasa altı aylıq, bəzi mövqelərdə isə bir ilə qədər gecikmələr oldu. Burada ukraynalı qardaşlar da əlavə çətinlik çıxardı. Onlar Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan praktiki olaraq imtina etdilər və bununla da müdafiə sənayelərini ağır zərbə altında qoydular. Amma həmin ana qədər biz ölkə daxilində gücləri yarada bilmişdik, ona görə də başqasının köməyi olmadan da keçinə bilirik. Hazırda Rusiyanın hərbi-sənaye kompleksi sıçrayış vəziyyətindədir. Dünyada heç kimdə olmayan hərbi yeniliklərimiz var. Biz silahlanma yarışına cəlb etməyə çalışırlar, amma biz buna hərbi istehsalın miqdarı ilə yox, keyfiyyəti ilə cavab veririk.
- MDB çərçivəsində hərbi əməkdaşlığı qeyd etdiniz. Bu sahədə hansı nailiyyətlər var?
- MDB çərçivəsində əməkdaşlıq kifayət qədər məhsuldar xarakter daşıyır. Xüsusi xidmət orqanlarının əməkdaşlığını xüsusilə qeyd etmək istərdim. İnanın, bu çox müsbət nəticələr verir, xüsusən də terror təhlükəsinin qarşısının alınması məsələsində. Mərkəzi Asiya ölkələrində gedən proseslər narahatlıq doğurmaya bilməz. Burada regionda vəziyyəti balansdan çıxarmağöa çalışan ABŞ-ın fitnələrinin də rolu var. Biz bunlara qarşı cavab tədbirləri həyata keçiririk.
Hava hücumundan müdafiə sahəsindəki əməkdaşlığı da qeyd etmək istərdim. Bizim üçün bütün MDB məkanı, o cümlədən Azərbaycan üzərində raketdən müdafiə çətiri yaratmaq çox vacibdir. Bu sahədə Sovet dövründən qalan bütün mümkün şeyləri təkmilləşdirmişik və son texnologiyadan istifadə edirik.
MDB çərçivəsində bağlanmış sazişlərdə iştirakçı ölkələrin təhlükəsizliyinin təmin edilməsi kifayət qədər konkret göstərilib. Bundan əlavə, güc strukturlarının nümayəndələri vaxtaşırı görüşür və cari məsələlər barədə razılığa gəlirlər.
- Ötən həftə sonu III Beynəlxaql Ordu Oyunları başa çatdı. Bu oyunlar nə dərəcədə vacibdir? Oyunlarda iştirak edən bütün ölkələri Rusiyanın müttəfiqləri adlandırmaq olarmı?
- Bu Ordu Oyunları çox səmərəli və çox vacibdir. Yeri gəlmişkən, Azərbaycan layiqli şəkildə Ordu Oyunlarına ev sahibliyi etdi. Ən vacibi Ordu Oyunlarının güc strukturları arasında münasibətlər təmin etməsi və bununla da normal kommunikasiyanın mümkünlüyüdür. Bu mənada Sergey Şoyquya (Rusiyanın müdafiə naziri - red.) böyük təşəkkür düşür. Son Ordu Oyunlarında iştirak edən 28 ölkənin hamısının avtomatik olaraq Rusiyanın müttəfiqi olduğunu, əlbəttə, demək olmaz. Amma müxtəlif ölkələrin hərbçiləri arasında birbaşa əlaqələrin əhəmiyyəti çox yüksəkdir. Burada "yaxşı müharibədənsə pis sülh yaxşıdır" prinsipi işləyir. Hərbçilərin döyüş meydanında yox, oyun poliqonlarında qarşı-qarşıya gəlməsi daha yaxşıdır.
Paylaş: