Moskva öz hərbi siyasi mövcudluğunu və planlarını Dağlıq Qarabağ münaqişəsi ilə uzlaşdırmağa çalışır.
Bu sözləri Axar.az-a Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Moskvada baş tutan görüşünü şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiya konflikti öz hərbi-siyasi maraqları baxımından neytrallaşdırmağa çalışır:
“Görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilsə də, açıq-aydın görünür ki, Moskva öz hərbi siyasi mövcudluğunu və gələcək planlarını Dağlıq Qarabağ münaqişəsi ilə uzlaşdırmağa çalışır. Son vaxtlar Ermənistanda Gümrü bazası ətrafında kifayət qədər təsirli və aktiv proseslər gedir. Çox güman ki, bu bazanın regional əhəmiyyətli baza səviyyəsinə çatıdırılması üzərində işlər aparılır. Bununla yanaşı, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki, hərbi-siyasi əməkdaşlıq mövcudur və bu, birbaşa Rusiyanın regionda apardığı proseslərlə uzlaşır. Xüsusilə terrorla mübarizə və digər məsələlərdə. Ona görə də indiki məqamda Qarabağ ətrafında proseslərin mürəkkəbləşməsi və vəziyyətin dəyişməsi bilavasitə Rusiyanın maraqlarına toxunacaq. Hazırda Rusiyanı əsas maraqlandıran Qarabağda hərbi siyasi vəziyyətin idarəolunan səviyyədə olması və sülh məcrasına yönəlməsidir”.
Politoloq bu fonda növbəti aylarda Rusiya və Azərbaycan prezidentlərinin gözlənilən görüşünün müdafiə nazirlərinin görüşü ilə uzlaşdığını deyib:
“Hər iki dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşü ilk növbədə təhlükəsizlik və iqtisadi maraqların təmin olunması baxımından əhəmiyyətlidir”.
Qeyd edək ki, Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB-nin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. Görüşdən sonra Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin xüsusi görüşü keçirilib.
Paylaş: