Cümə axşamı günü Nəsimi Rayon Məhkəməsinin ayrıca verdiyi qərarları ilə jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının həbs qətimkan müddətləri iki ay uzadılıb.
Gözəl Bayramlı may ayının 25-də Gürcüstandan Azərbaycana qayıdarkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanılıb. O, qaçaqmalçılıqla ittiham olunub.
Dövlətin məlumatına görə, Əfqan Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Əfqan Muxtarlı dövlətin iddialarını təkzib edir və mayın 29-u saat 18:00 radələrinə yaşadığı Gürcüstan paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana aparıldığını deyir.
O, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməkdə ittiham olunub.
Əfqan Muxtarlı Gürcüstanda saxlandığı və Azərbaycana aparıldığı gün döyüldüyünü və daha sonra cibinə 10 min avro qoyulduğunu deyib.
O, Facebook-da tənqidi statusları və jurnalistika fəaliyyətinə görə həsb edildiyini deyir.
Dövlət Sərhəd Xidməti mayın 25-dı, Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaitinin aşkar olunaraq" götürüldüyünü deyib.
Gözəl Bayramlı bundan əvvəl məhkəmə çıxışında bu pulu axtarışa aparan hüquq-mühafizə əməkdaşlarının onun əşyalarının içinə yerləşdirdiyini deyib. O, Gürcüstana müalicə məqsədilə getdiyini bildirib.
AXCP lideri Əli Kərimli Gözəl Bayramlının saxlanılmasını "siyasi sifariş" adlandırıb./BBC/
Paylaş: