Azərbaycan prezidenti İlhamin Əliyev BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində görüşləri davam edir. Diqqət çəkəndir ki, onlardan biri və birincisi ABŞ-dakı yəhudi təşkilatlarının aparıcı simaları ilə olub. Görüşün əsas müzakirə mövzusu tərəflər arasında əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və Dağlıq Qarabağ məsələsi ilə bağlı idi. Maraqlıdır ki, bundan az sonra İsrailin baş naziri Binyamin Netanyahu BMT tribunasından çıxış edərək, yəhudi dövləti ilə Azərbaycanın münasibətlərini nümunə gətirib.
Azərbaycan prezidenti İlham Əliyevin BMT çərçivəsində yəhudi icması ilə uğurlu görüşləri, İsrail baş nazirinin isə Azərbaycanla əlaqələri nümunə göstərməsi düşmən ölkə üçün “soyuq duş” effekti yaradıb; Sərkisyanın BMT-dəki təxribatçı çıxışı necə sıfırlandı?..
“İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirib”. APA-nın məlumatına görə, bunu Benyamin Netanyahu BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı deyib. İsrailin müsəlman ölkələri ilə münasibətlərindən söz açan baş nazir ölkəsinin Azərbaycanla əlaqələrini nümunə gətirərək bildirib: “Biz Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”.
Netanyahu, İsrailin Fələstin də daxil olmaqla, bütün ərəb qonşuları ilə sülhə nail olmaq istədiyini də qeyd edib: “Biz İordaniya və Misirlə sülhə nail olduq. Dünən burada Misir prezidenti Əbdül-Fəttah əl-Sisi ilə görüşdüm. Mən onun sülhün bərqərar olunmasına verdiyi dəstəyi alqışlayıram və sülhün daha da genişləndirilməsinə dair onunla, eləcə də regionun digər liderləri ilə sıx əməkdaşlıq edəcəyimizə ümid edirəm”.
Qeyd edək ki, həm Prezident İlham Əliyevin Amerikanın yəhudi lobbisinin rəhbərləri ilə uğurlu görüşü, həm də İsrail baş nazirinin ölkəmizlə əlaqələrinin yüksək səviyyədə olduğunu ilk dəfə BMT kürsüsündən bəyan eləməsi (hər halda bu sırada o, Ermənistanın adını yerli-dibli çəkməyib) bölgədəki, Qarabağ məsələsi ətrafındakı mürəkkəb situasiya fonunda Azərbaycandan ötrü olduqca mühüm əhəmiyyət daşıyır.
Əvvəla, hər iki fakt Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin güclənməkdə davam etdiyinə dəlalət edir. Çünki İsrail dövləti və yəhudi lobbisi nəinki ABŞ-ın xarici siyasətinə və mövqeyinə, bütövlükdə qlobal siyasətə təsir imkanına malik nüfuzlu dövlət və icmadır. Beynəlxalq erməni lobbisinin Azərbaycan və qardaş Türkiyə əleyhinə təbliğatını, o sırada işğala və saxta soyqırım iddialarına haqq qazandırmağa yönəlik məkrli kampaniyanı neytrallaşdırmaq üçün də hər iki amilin həlledici rolu var.
İkinci yandan, BMT-dəki bu təmaslar və çıxışlar işğalçı Ermənistanın son vaxtlar Azərbaycanla İsrailin arasını vurmağa yönəlik təbliğat kampaniyasının bütünlüklə iflası anlamına gəlir. Yeri gəlmişkən, BMT sessiyasından az öncə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə başa çatan çoxgünlük və uğurlu səfəri də erməni təbliğat maşınının fiaskosuna layiqli töhfəsini vermiş oldu.
Nazirin səfəri çərçivəsində iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması haqda razılığa gəlindi, bəzi mühüm sənədlər imzalandı, o cümlədən ermənilərin qorxulu röyası olan “Dəmir günbəz” raketdən müdafiə sistemləri ilə bağlı danışıqların sürətləndirilməsi qərara alındı.
Lakin bəllidir ki, iki dövlət arasında əlaqələr indi təkcə hərbi və hərbi-texniki sferanı əhatə eləmir. Söhbət həm də iqtisadi, energetik, humanitar və digər sahələrdə uğurlu əməkdaşlıqdan gedir - hansı əlaqələr ki, monoetnik Ermənistanla yəhudi dövləti arasında yerli-dibli mövcud deyil.
Bundan əlavə, Azərbaycanda yüz illərdir yəhudilər tam təhlükəsizlikdə, Azərbaycan dövlətinin qarantı altında yerli xalqla mehriban şəraitdə yaşayırlar. Yəhudi vətəndaşlarımızdan Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, Milli Qəhrəman adı alan da var.
Ermənistanı ən çox narahat edən də Azərbaycanın təkcə yəhudi dövləti ilə deyil, beynəlxalq yəhudi lobbisi ilə də isti və dərin münasibətlər qura bilməsidir. Bu isə Dağlıq Qarabağın, işğal altındakı digər Azərbaycan ərazilərinin öz qanuni sahibinə qaytarılması yolunda çox önəmli addımlar və gəlişmələrdir, beynəlxalq rəyin bu yöndə hazırlanmasına mühüm töhfələrdir.
Onu da unutmaq olmaz ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələrdəndir. Təl-Əviv ərazi bütövlüyümüzü və suverenliyimizi təkcə dəstəkləmir, eyni zamanda illərdir sərhədlərimizin toxunulmazlığının təmin edilməsi üçün silahlı qüvvələrimizin modernləşməsinə və ordumuzun döyüş təcrübəsinin artırılmasına real töhfə verir. Keçən ilin aprelindəki 4 günlük müharibə zamanı bu töhfə özünü qabarıq şəkildə göstərdi. Düşmən ölkəni təlaşlandıran həm də budur.
Yəhudi lobbisi və dövləti ilə Azərbaycanın əlaqələrinin bir mühüm önəmi də yəhudilərin ənənəvi olaraq ABŞ prezidentlərinə təsir imkanlarıdır. Məhz bu təsirin nəticəsidir ki, Donald Tramp Ağ Evə gələr-gəlməz ABŞ İsrailin israrı ilə təzədən İranla gərginləşmə kursu götürdü, ona qarşı sanksiyalar paketi qəbul olundu.
Yeri gəlmişkən, dünən BMT tribunasından çıxışı zamanı Donald Tramp Azərbaycana da müsbət planda dəxli olan fikir söyləyib. “BMT üzvü olan ölkələr Ukraynadan Cənubi Çin dənizinə qədər ərazidə olan ölkələrin suverenliyini qorumalıdırlar”, - Tramp deyib. Onun sözlərinə görə, dünya dövlətləri sərhədlərə, mədəniyyətlərə hörməti dəstəkləməlidir.
Bu - əlbəttə ki, ən əvvəl Ermənistan və Rusiya timsalında işğalçı dövlətlərə aiddir. İşğalçı dövlətlərə BMT sıralarında yer ola bilməz - nəinki onların başçılarına mötəbər tribunadan söz demək haqqı tanına. Əfsus ki, Serj Sərkisyana 4-cü dəfə belə bir şans tanındı və o da gözlənildidyi kimi, mötəbər kürsüdən yenə beynəlxalq hüquq normalarına həqarət dolu təxribatçı bir çıxış yapdı, qonşu ölkənin 20% ərazisinin işğalını az qala beynəlxalq hüquq çərçivəsində “haqq qazandırmağa” çalışdı.
Əlavə edək ki, Ermənistan 2014-cü ilin martında BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyü əleyhinə səs vermiş və Rusiyanın Krımın ilhaqını dəstəkləmiş 9 izqoy (tullantı - red.) dövlətdən biridir.
Paylaş: