Xəbər lenti

Mahmud Hacıyev: “Mövlan Şıxəliyevin məsuliyyətdən kənarda qalması gülüncdür”
“Qüdrət Həsənquliyevi kifayət qədər peşəkar hüquqşünas hesab edirəm”

“Təəssüf ki, bizdə yaltaqlıq dalğasının önündə gedənlər incəsənət adamlarıdır”

Prezident İlham Əliyevin cəzaların yüngülləşdirilməsi ilə bağlı verdiyi sərəncam, bu sərəncamın minlərlə insanın taleyində əsaslı dərəcədə rol oynayacağı ilə bağlı proqnozlar ölkə mediasında ən çox müzakirə edilən məsələlərdən biridir. Məlum sərəncamən şərhi konteksində bu yenilikdən “MTN işi”nə görə həbs edilən şəxslərin də ciddi şəkildə yararlanacağı, onların azadlığa çıxa biləcəyi ilə bağlı iddialar da yer almaqdadır. 

 

Moderator.az bu və bu kimi məsələlərə aydınlıq gətirmək üçün sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyevə müraciət edib:

 

Əvvəli burda: (http://moderator.az/news/184012.html )

 

-Sizcə “Rabitə işi”nə görə saxlanılan şəxslər necə, cəzaların yüngülləşdirilməsi ilə bağlı məlum humanist addımdan hansısa formada yararlana bilərmi? 

 

-Bu işlə bağlı təqsirləndirilənlərin bir çoxunun əməlində iqtisadi cinayətkarlıq elementləri var. “Rabitə işi” ilə bağlı təqsirləndirilən şəxslərə bu yenilik daha çox şamil edilə bilər. Rüşvətalma, rüşvətvermə və s. istisna olmaqla, onların əməllərinin çoxu iqtisadi cinayətkarlıqla bağlıdır. Əgər bu şəxslər də vəzifə cinayətləri varsa, bu maddələrə görə cəzalar da öz yerində qalacaq. Burada hər hansı yüngülləşdirmədən söhbət gedə bilməz.

Təbii ki, bu məsələlərin Milli Məclisdə müzakirəsi zamanı da ortaya maraqlı və faydalı məqamlar meydana çıxacaq. Çünki parlamentdə az da olsa peşəkar hüquqşünaslar da, iqtisadçılar da var. Onların məsələyə yanaşmasından da çox şey asılı olacaq. Həmin vaxt bu müzakirələrə müstəqil hüquqşünaslar da, keçmiş istintaqçılar və s. də qoşula bilər.

 

-Mahmud müəllim, “MTN işi” ilə bağlı  bir neçə müstəntiq həbs olunsa da, hələ ki, bu qurumun Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev yalnız bir dəfə məhkəmədə ifadə verib. Sizcə müstəntiqləri həbsdə olan idarə rəisinin hələ də məsuliyyətə cəlb edilməməsi nə dərəcədə normaldır?

 

-Haqlı olaraq qeyd etdiniz ki, artıq bir neçə müstəntiq məsuliyyətə cəlb edilib. Lakin məsələyə keçməmişdən öncə bir məqamı xatırlatmaq istəyirəm. Sovetlər birliyi dönəmində elə müstəntiqlər var idi ki, istintaq idrəsinin, istintaq şöbəsinin rəisinin, yaxud istintaq bölməsinin rəisinin qeyri-qanuni göstərişlərinə tabe olmur, buna etiraz edirdi. Biz eşidirdik ki, filan müstəntiqlə onun rəisi arasında qarşıdurma var və bu ziddiyyət yuxarılarda müzakirəyə çıxarlıb. Keçmişdə belə şeylər olub. Bu gün isə müstəntiqlər istintaq şöbəsinin rəisinin göstərişi olmadan heç nəyə getmirlər. Onun çaldığı zurnaya oynayırlar. Onlarda sərbəstlik yoxdur. Bu gün isə görürük ki, MTN-nin bir sıra müstəntiqləri həbs edilib, bir neçəsi işdən qovulub. Istintaqa rəhbərlik edən general isə cəmi bir dəfə məhkəmədə şahid qismində dindirilib. Halbuki, bu müstəntiqlər onun göstərişi və nəzarəti olmadan bu əməllərə yol verməzdilər. Bu, sadə bir həqiqətdir.

 

-Mövlan Şıxəliyev iddia edir ki, onun bütün bu olanlardan xəbəri olmayıb və bu qanunsuzlqularda hər hansı formada iştirakçı deyil. Sizcə bu, nə dərəcədə inandırıcıdır? Hətta onun dedikləri düz olsa belə, bu, onu məsuliyyətdən azad edirmi?

 

-Əlbəttə, xeyr. Tutaq ki, bunlar bu işləri istintaq idrəsinin rəisinin xəbəri olmadan edib. Bəs bu şəxs öz müstəntiqlərinə necə nəzaət edir? Axı onun işi həm də bu müstəntiqlərin işinə, davranışına nəzarət etməkdir. Deməli, siz də vəzifə cinayətinin başqa bir maddəsi ilə məsuliyyətə cəlb edilməlisiniz. Deməli, sizin əməlinizdə vəzifə saxtakarlığı, vəzifə səhlənkarlığı var. Siz də onun subyektisiniz. Lakin bir daha qeyd edirəm ki, müstəntiq rəisindən xəbərsiz belə işlərə getməz. Bu baxımdan həmin müstəntiqlərin həbsi və onun rəisinin sadəcə şahid qismində dindirilməsi gülüncdür. Bunu nazirə də, nazir müavinlərinə də aid etmək olar. Lakin hələ ki, istintaq davam edir. Bu baxımdan yeni həbslərin baş verməsi mümkündür.

 

-Bir müddət bundan öncə millət vəkili Qüdrət Həsənquliyev yaltaqlıq probleminin həlli ilə bağlı təklif səsləndirdi və yaltaqların cəzalandırılması ilə bağlı qanun qəbul etməyin zəruriliyinə toxundu. Bilmək istərdik ki, mənəvi sferadakı neqativlərin praktiki baxımdan hüququn əli ilə cəzalandırılması, aradan qaldırılması mümkündürmü?

 

-Qüdrət Həsənquliyev hüquqşünasdır. Özü də kifayət qədər peşəkar hüquqşünasdır. O, çox incə və lazımi bir məsələyə toxunub. Bu bizim ən yaralı yerlərimizdən biridir. Q.Həsənquliyev təklif edir ki, yaltaqlığın cəzalandırılması qanun şəklinə salınmalıdır. Bu, bir hüquqşünas kimi onun subyektiv fikridir. Mənsə subyektiv olaraq öz fikrimi deyim ki, bunun cinayət qanunvericliyi, inzibati qanunvericiliyə salınacağına inanmıram. Lakin hesab edirəm ki, bununla bağlı hüquqi-normativ akt qəbul etmək olar. Bu da qanundur. Icrası məcburi xarakter daşıyan qanundur.

 

-Bəs belə bir hal dünya praktikasında varmı?

 

Bir ay bundan öncə Özbəkistanın yeni prezidenti sərəncam verdi. Prezidentin sərəncamı da hüquqi-normativ aktdır. O, sərəncam verdi ki, yaltaqlıq məsələsi yığışdırılsın. Ölkə rəhbərliyinə mahnı, şeir və s. vasitəsi ilə yaltaqlanmaq da yasaqlandı. Yəni yaxın regionda belə bir praktika var.

 

-Sizcə Azərbaycanda bu cür təkliflərin məhz indi meydana çıxması nə ilə bağlıdır?

 

-Son 15-20 ildə Azərbaycanda mənəvi dəyərlər sahəsində ciddi deqradasiya gedib. Bu proses bu gen də gedir. Bunu etiraf eləmək lazımdır. Bunun da öz səbəbləri var. Ölkədə təhsil sistemi demək olar ki, çöküb. Bu barədə mediada demək olar ki, hər gün deyilir. Təlim-tərbiyə sistemi də çöküb. Təhsil və tərbiyə bir-birləri ilə əlaqəli sistemlərdir. Tərbiyə çökəndə isə aydın məsələdir ki, tərbiyəsizlik yüksəlir. Tərbiyəsizlik isə əxlaqi dəyərlərin aşağı düşməsinə səbəb olur. Bu zaman yaltaqlıq, xəbərçilik, riyakarlıq və s. yüksəlir. Dövlət strukturunda çalışanlar kimə yaltaqlanmalıdır? Öz rəhbərliyinə yaltaqlanmalıdır. Yaltaqlıq dalğasının önündə gedənlər isə adətən incəsənət, mədəniyyət sahəsində çalışanlar olur. Aktyorlar, müğənnilər, şairlər, yazıçılar və s. öndə gedir. Bir sıra deputatlar da bu məsələdə öndə gedir. Sevindirici haldır ki, Milli Məclisdəki iqtisadçıların və hüquqşünasların çıxışında yaltaqlıq elementinə rast gəlməmişəm. Lakin bəziləri söhbətini yaltaqlıq üzərində qurur. Yaltaqlıq yüksəlir. Bu isə bizə təbii ki, millət olaraq başucalığı gətirən hal deyil.

Bu tendensiya yeniyetmələrin psixologiyasına, şəxsiyyət kimi formalaşmasına da mənfi təsir göstərir. Yeniyetmələrin bir çoxu qeyri-iradi olaraq bunu müsbət xarakterik xüsusiyyət kimi qəbul edir. Bu isə gələcəyimiz üçün olduqca təhlükəlidir.

 




Ana səhifəyə qayıt        Baxış: 618          Tarix: 11-07-2017, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma