Xəbər lenti

Az qala 40 ildir Əfqanıstanda müxtəlif dövlətlərin və qrupların maraqlarının toqquşması nəticəsində yaranan münaqişə davam etməkdədir.

Bu ölkədə ziddiyyətlərin birinə keçmiş SSRİ başçılıq edirdi. 1989-cu il fevralın 15-də sovet qoşunları bu ərazidən çıxandan sonra güman edilirdi ki, nəhayət, Əfqanıstanda əmin-amanlıq bərpa olunacaq. Ancaq o vaxtkı ehtimallar, gözləntilər bir nəticə vermədi. Həmin vaxtdan ötən 30 ilə yaxın bir müddət ərzində ölkədə başqa dövlətlərin və qrupların mübarizəsi səngimir.

Düzdür, keçmiş SSRİ-nin varisi olan Rusiyanın hazırda Əfqanıstandakı proseslərdə iştirakı açıq-aşkar görünməsə də, silahlı qruplaşmaların üzvlərinin əlində bu ölkənin istehsal etdiyi “Kalaşnikov” avtomatının olması da az mətləblərdən xəbər vermir.

Rusiya Mərkəzi Asiyada maraqlarının təmin olunması üçün əzmkarlığını davam etdirir. Azından keçmiş sovet respublikalarının ərazisində Moskvanın hərbi bazası mövcuddur, Tacikistan Əfqanıstanla sərhədini rus qoşunları ilə birgə qoruyur.

Ötən gün Rusiya Xarici İşlər Nazirliyi II İdarəsinin direktoru, ölkə prezidenti Vladimir Putinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Zamir Kabulovun “İzvestiya” qəzetində yayılan müsahibəsi cəlbedicidir: “Moskva ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasına heç vaxt tələsməyib. Ancaq ABŞ ordusu əsaslı bir iş görə bilmədiyindən qoy Əfqanıstandan çıxsın. Amerikanın Əfqanıstandakı kampaniyası uğursuzluğa uğrayıb”.

Onun sözlərinə görə, Əfqanıstan faktiki olaraq beynəlxalq terrorçuluğun mərkəzinə çevrilib.

ABŞ-ın Əfqanıstana özəl hərbi şirkətlərin muzdlu əsgərlərini göndərməsi ideyasına münasibət bildirən xüsusi nümayəndə deyib: “ABŞ məyus bir vəziyyətdədir, peşəkar muzdlu hərbçilərin Əfqanıstana göndərilməsi planı axmaqlıqdır. Bunun sonu yaxşı olmayacaq, muzdlular oradan qaçacaq”.

Xatırladaq ki, “Academi” adlı özəl hərbi şirkətin başçısı Erik Pins Əfqanıstana 5,5 minə yaxın muzdlu göndərilməsini təklif edib. ABŞ-ın isə hazırda bu ölkədə 8,5 min hərbçisi xidmət edir.

ABŞ-ın Hesablama Palatasının hesabatına əsasən, Vaşinqton son 25 ildə Əfqanıstanın təhlükəsizlik qüvvələrinə 76 milyard dollar xərcləyib.

Bir neçə ay əvvəl ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanı, general Con Nikolson bildirmişdi ki, Rusiya, Pakistan və İran “Taliban” hərəkatını dəstəkləməklə ölkədəki sabitliyi pozurlar: “Mən hələ də bəzi xarici oyunçuların, xüsusilə Pakistan, Rusiya və İranın təsirindən narahatam. Onlar “Taliban”ı legitimləşdirməkdə, dəstəkləməkdə davam edirlər və Əfqanıstan hökumətinin sabit ölkə yaratmaq səylərini pozurlar”.

Hər üç ölkə generalın iddiasını təkzib etmişdi. Ancaq C.Nikolsonun dedikləri də əsassız deyil.

Məsələn, 2015-ci ilin sonunda Zamir Kabulov demişdi ki, İŞİD-ə qarşı mübarizədə Rusiya ilə "Taliban"ın maraqları üst-üstə düşür: "Biz Əfqanıstana silah göndərməyə hazırıq, ancaq bunu ehtiyac və kommersiya maraqları əsasında edəcəyik. İŞİD-ə qarşı mübarizədə Rusiya ilə "Taliban" hərəkatının maraqları üst-üstə düşür. Əvvəllər də demişəm ki, bizim "Taliban"la informasiya mübadiləsi üçün xüsusi kanalımız var".

O, bu ilin əvvəlində isə Əfqanıstanda NATO ilə əməkdaşlıq etməyə hazır olduqlarını da vurğulamışdı.

Rusiya prezidentinin xüsusi nümayəndəsinin bir-biri ilə ziddiyyət təşkil edən fikirləri Moskvanın Əfqanıstan siyasətini əks etdirir.

Z.Kabulovun yuxarıda bəhs etdiyimiz sonuncu bəyanatı isə avqustun 2-də ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı cavablardan da sayıla bilər. Ağ ev Kremli Suriyadakı əməliyyatlara, bu ölkə ilə bağlı yürütdüyü siyasətə görə tənqid edir.

Yeri gəlmişkən, Rusiya prezidentinin xüsusi nümayəndəsinin dediklərinə əsasən, belə ehtimal etmək olar ki, Moskva "Taliban"la əlaqəsi ilə həm də Mərkəzi Asiyadakı keçmiş sovet respublikalarına da özünəməxsus şəkildə təzyiqlər edir.

Görünür, ABŞ Rusiyaya həm də Suriyadan çıxmaq mesajını verib. Ona görə də Moskva Z.Kabulovun dili ilə ABŞ-ın Əfqanıstandan çıxmasını həmin tələbə qarşı alternativ olaraq irəli sürür. 




Ana səhifəyə qayıt        Baxış: 1 593          Tarix: 14-08-2017, 17:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma