Xəbər lenti

Putin Polad Bülbüloğlunun dostunu İrəvana göndərdi – GİZLİ QARABAĞ DANIŞIQLARI
Sentyabrın 14-də Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy İrəvana səfərə gəlib.

Publika.az
 xəbər verir ki, səfər çərçivəsində Şvıdkoy Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

İlk baxışdan adi görünən bu səfərin arxasında bəzi detalların olması diqqət çəkir.

İrəvanda Stalin repressiyalarının qurbanlarına aid sərgi qalmaqala səbəb oldu. Belə ki, Ovannesa Tumanyanın ev muzeyində açılan sərgi Ermənistan Mədəniyyət Nazirliyinin qərarı ilə bağlandı.

Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Şvıdkoyun səfəri bununla bağlı ola bilər.

“Mədəniyyət Nazirliyinin qərarından sonra Putinin mədəniyyət üzrə xüsusi nümayəndəsi İrəvana baş çəkdi və yüksək səviyyədə qəbul olundu. Güman ki, səfərin bir səbəbi məhz bu sərgi ilə bağlıdır. Lakin hakimiyyət yaranmış səs-küyü sakitləşdirmək üçün bildirdi ki, sərgi texniki səbəblərə görə bağlanıb və Sej Sarkisyanın göstərişi ilə Stalin repressiyalarının qurbanlarına aid muzey yaradılacaq. Bunun reallaşacağını demək çətindir, çünki Rusiya Stalinin gözdən salınmasına imkan verməyəcək”, - deyə o bildirib.

Lakin Şvıdkoyun səfərinin təkcə sərgi ilə bağlı olmadığı da aydındır. Çünki səfər proqramında mədəni əməkdaşlıq haqda heç bir qeyd yoxdur.

Ermənistan mediası Şvıdkoyun Putinin mesajlarını çatdırmağa gəldiyini yazır.

M.Şvıdkoyun Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun dostu olması faktoru isə Ermənistanda ciddi narahatlıq yaradıb. Həmçinin, Şvıdkoy Dağlıq Qarabağ münaqişəsinin həllində “xalq diplomatiyası”nın əsas tərəfdarlarından biridir.

Bir neçə gün öncə Moskvada Azərbaycan, Rusiya və Ermənistanın din xadimlərinin iştirakı ilə keçirilən görüş də deməyə əsas verir ki, Rusiya münaqişənin həllində bu diplomatiyasını yenidən gündəmə gətirir. Ehtimal ki, Şvıdkoy da İrəvanda məhz münaqişə ilə bağlı mesajları çatdırıb.

Erməni siyasi şərhçi Razmik Akopdjanyan iddia edir ki, Putinin nümayəndəsi ilə İrəvanda gizli danışıqlar aparılıb.

“Güman ki, bütün detallar gizli qalacaq. Lakin hesab etmək olar ki, bu danışıqlar əsasən Qarabağ münaqişəsinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxışına dair irəli sürülən təkliflərə həsr olunub”, - deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 1 222          Tarix: 16-09-2017, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma