Xəbər lenti

“Ugur” Gənlərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə“Ali təhsil müəssisələrində antikorrupsiya mövzusunda tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
Tədbiri giriş sözü ilə açan hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev bildirdi ki, əsas məqsəd korrupsiyaya qarşı mübarizədə vətəndaş dəstəyi, iştirakçılığı və ayıqlığını təmin etməklə, bu sahədə uğurlu nəticələrin əldə edilməsini təmin etməkdir. İctimai Birliyin sədri çıxışına davam edərək qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Burada ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə və seminarların keçirilməsi də nəzərdə tutulmuşdur. “Biz İctimai Birlik olaraq hesab edirik ki, ali məktəb tələbələri arasında korrupsiya ilə bağlı maarifləndirmə işləri aparmaqla korrupsiyaya qarşı ictimai mübarizənin təşkilinin əhəmiyyətinin izah olunmasına, korrupsiyaya qarşı mübarizədə vətəndaş dəstəyinin təmin edilməsinə müəyən həcmdə tövhə verəcəyik” – Ə.Allahverdiyev dedi.
Daha sonra ekspert Vüqar Əliyev mövzu ilə bağlı geniş çıxış etdi. O dedi ki, beynəlxalq təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə vətəndaşın dəstəyi, iştirakçılığı və ayıqlığı olmadan uğurlu nəticə vermir. Vətəndaş cəmiyyəti və biznes assosasiyaları, media, ticarət birlikləri və digər maraqlı tərəflərin iştirakçılığı korrupsiyanın mənfi təsirləri haqqında maarifləndirmədə və bu mövzuda müzakirələrin intensivləşməsində xüsusi rol oynayır. Bu tərəflər həmçinin hökumətin fəaliyyətinə nəzarəti həyata keçirməklə, məmurların gündəlik həyat tərzini izləyir, nəticələri ictimai müzakirəyə və aidiyyatı qurumların istintaqına təqdim edir və sonda mübarizənin effektivliyini artırır. Azərbaycanda idarəetmədə, korrupsiya ilə mübarizədə və s. problemlərdə vətəndaşın iştirakçılığı deyure və defakto təmin edilir və vətəndaş cəmiyyətinin potensialından kifayət qədər səmərəli istifadəyə şərait var.
“Bütün bunların əməli fəaliyyətdə tətbiq edilməsi cəmiyyətimizdə də korrupsiyaya qarşı mübarizənin sərhədlərini genişləndirər” – V.Əliyev sonra dedi. O bildirdi ki, İctimai Birliklərin təhsil proqramlarının təkmilləşdirilməsi və vətəndaşın hələ gənc ikən dövlət məmurlarının etik davranış qaydalarına uyğun tərbiyə olunması istiqamətində layihələr icra etməsi olduqca vacibdir. “Bunun üçün antikorrupsiya tədbirlərinin nizamlı həyata keçirilməsi çox vacib elementdir. Ali təhsil müəssisələrində vətəndaşlıq, etik qaydaların öyrədilməsi, korrupsiya hadisələrinin izah edilməsi bu sektorda və gələcəkdə bütövlükdə cəmiyyətdə yaxşı effekt verəcək. Çünki son vaxtlar açıqlanan statistik məlumatlardan da görünür ki, ali təhsil müəsisələrində korrupsiyaya yol verilən hallar digər sahələrdən heç də geri qalmır. Üstəlik, burada təhsil alan çoxminli tələbə heyəti sabah cəmiyyətə atılır və onların elə oradaca təlim görməsi, məlumatlandırılması, hərəkət və münasibətlərinin qanuna uyğunluğunun formalaşdırılması lazımdır” – V.Əliyev çıxışı zamanı qeyd etdi.
Ekspert daha sonra korrupsiyaya qarşı mübarizə tədbirlərindən və tələbələrin üzərinə düşən vəzifələrdən danışdı.

 




Ana səhifəyə qayıt        Baxış: 896          Tarix: 30-05-2018, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma