Xəbər lenti

                                                          

Yuxu orqanizmin həyat üçün mühüm əhəmiyyət kəsb edən vacib funksiyalarından biridir. İnsan ömrünün üçdə birini yuxuda keçirir. Yuxuda olarkən orqanizmdə maddələr mübadiləsi və əzələ tonusunun aktivliyi azalır, anabolizm prosesi aktivləşir, əsəb sisteminin fəaliyyətində isə ləngimələr baş verir. Bütün bu proseslər gündəlik əqli və fiziki yorğunluğun aradan qalxması üçün çox vacibdir. Ümumiyyətlə, yuxu sadəcə, istirahət deyil, həm də beynin xüsusi fəaliyyətinin aktivləşməsidir. Belə ki, insan yatan zaman beyində gün ərzində toplanmış bütün informasiya təhlili gedir. Beynin informasiya çoxluğundan azad olub, yeni günə daha gümrah başlaması məhz bundan asılıdır. Bu proses həm də, insanın ümumi əsəb-psixi vəziyyətini və işgüzarlığını normaya salır.

Bəs insan yatmasa orqanizmdə nələr baş verər? Yuxusuz keçən birinci gecədən sonra ilk olaraq beyində qərar vermə və onların mütləq nəticələrinin qiymətləndirilməsi strukturu "sönür" ki, bu da özünüidarəetməni aşağı salır. Sonra yorğunluq və reaksiya ləngiməsi artmağa başlayır. Bu da ətraf mühiti qavrama funksiyasına öz mənfi təsirini göstərir. Yuxusuz keçən ikinci gecədən sonra orqanizmdə qlükoza metabolizmi və immun sistemdə pozuntular meydana çıxır. Üçüncü yuxusuz gecə isə hallusinasiyalarla müşahidə edilir.

Yuxu problemlərindən əziyyət çəkənlər üçün dünyada xüsusi yuxu laboratoriyaları mövcuddur. Azərbaycanda isə bizim səhiyyəmiz üçün tam yenilik olan ilk belə yuxu laboratoriyası 2010-cu ildə yaradılıb. Mərkəzi Klinikanın nəzdində fəaliyyət göstərə laboratoriya Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən yeganə tibb müəssisəsidir.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Mərkəzi Klinikanın Yuxu Laboratoriyasının müdiri, kardioloq, professor Yusif Nağıyev məlumat verib.

Həkim deyib: "Laboratoriyada yaradılmış xüsusi otaqda bir gecə, videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində demək olar ki, bütün fizioloji funksiyaları monitorinq edilir. Monitorinqə beyin potensialları, qanda oksigen təminatı, tənəffüs sanksiyası, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və sairə kimi təhlillər aparılır.

Hazırda beynəlxalq təsnifatlarda müxtəlif sahələrə aid 400 dən çox xəstəlik var və bunların hamısı oyaq vəziyyətə təsadüf edir. Yuxu pozuntuları ilə əlaqəli problemlərin sayı isə 84-dür. Bu xəstəliklərin yeganə öldürücü olanı isə obstruktiv yuxu apnoye sindromudur. Apnoye sindromu tənəffüs yollarının daralması ilə bağlı yaranan problemdir. Sindromun ağır formasında beyin orqanizmi vəziyyətdən çıxara bilmədikdə bu ölümlə nəticələnə bilər. Təəssüflə qeyd etmək istəyirəm ki, apnoye sindromu olanlarda yuxuda ölüm hallarına digərlərinə nisbətən 5 faiz daha çox rast gəlinir. Bu çox ciddi rəqəmdir. Hazırda beynəlxalq səviyyədə arterial qan təzyiqinin qalxmasının səbəblərinin ilk sıralarda bu sindrom durur. Belə ki, yuxuda mütəmadi olaraq, qısa müddətli nəfəsin dayanmaları baş verir ki, bu zaman insanı vəziyyətdən çıxarmaq üçün beyin oyanır və orqanizmdə bir sıra dəyişikliklər baş verir. Bu da qan təzyiqinin qalxmasına səbəb olur.

Bu problemin diaqnostikası yalnız yuxuda mümkündür. Belə ki, problemlər özünü yalnız yuxu zamanı göstərir.

Laboratoriyanın əsas müayinə, müalicə istiqaməti də məhz bu sindromdur. Məlum olub ki, 30 yaşdan böyük insanların təxminən 5 faizi bu sindromdan əziyyət çəkir. Yaş artdıqca xəstəliyin rastgəlmə faizi də artır. 60 yaşından yuxarı insanların təxminən 50 faizində müxtəlif dərəcə və formalı apnoye sindromu var. Bu beynəlxalq statistik göstəricidir. Azərbaycanda bu statistika 92 heç bir şikayəti olmayan, sağlam insanın müayinə nəticələrinin əsasında tərtib edilib. Məlum olub ki, ölkəmizdə sağlam insanların təxminən 14 faizində bu sindroma rast gəlmək olar. Bu sindrom yuxunun ciddi parçalanması ilə müşahidə olunan problemdir.

Xəstəlik özünü xüsusilə 40 yaşdan sonra səbəbsiz kökəlmələr, xoruldamalar və kontrol altına alına bilməyən təzyiqlə büruzə verir. Belə insanlar dərin yuxuya gedə bilmirlər. İnsanın yuxu strukturunda dərin yuxu zamanı beyində somototrop hormonu ifraz olunur ki, bu da piylərin əriməsinə cavabdeh olan maddədir. Lakin somototrop hormonu yalnız dərin yuxuda ifraz olunur. Apnoiklərdə isə dərin yuxunun olmaması bu hormonun ifraz olunmasının qarşısını alır ki, bu da kökəlməyə meyilliliyi artırır. Belə olduqda heç bir pəhriz və ya idman kömək etmir. Bu insanlar ildə orta hesabla 4-6 kilo kökəlirlər ki, bu da tənəffüs yollarının daha da artıq bağlanmasına səbəb olur. Vəziyyətdən çıxmaq olduqca çətinləşir. Hər bir apnoye sindromundan əziyyət çəkən kəsdə şəkərli diabet, arterial hipertenziya, aritmiya, ürəyin işemik xəstəliyi, miokard infarktı, yaddaşın, görmə qabiliyyətinin, beyinin inteqrativ və kommunikativ funksiyasının pozulması və vaxtından əvvəl beyinin qocalması kimi problemlər yarana bilər. Bundan əlavə bu sindromdan əziyyət çəkənlərdə ən ciddi xəstəliklərdən biri olan beyin hemorragik insultu da ortaya çıxa bilər ki, bu da öldürücü xəstəliklər siyahısındadır. Ümumiyyətlə sindromun simptomları qeyri spesifikdir və mövcud hər bir xəstəliklə rahatlıqla qarışdırıla bilər.

Sindromun bir neçə növü mövcuddur. Yuxuda bir saat ərzində nəfəs dayanmalarının sayı 10-15 dəfə müşahidə edildikdə bu xəstəliyin yüngül formasıdır, 15-30 dəfə ağır, 30-dan çox olduqda isə bu artıq xəstəliyin ağır forması deməkdir. Xəstəliyin yüngül formalarında plastik əməliyyat vasitəsilə bu problemdən qurtulmaq olar. Burada qanda oksigendoyumluluq da böyük rol oynayır.

Apnoye diaqnozu qoyulanlara sindromun formasından və ağırlıq dərəcəsindən asılı olaraq müalicə üsulu təyin olunur. Bunun üç müalicə növü var: dərman müalicəsi, cərrahi əməliyyat və Constant Positive Airway Pressure (CPAP) terapiya. CPAP terapiya bu problemdən əziyyət çəkən şəxsin ev şəraitində xüsusi maskadan hər gecə təxminən 4-5 saat istifadə etməsidir.

Müalicənin hansı formada aparılmasına həkim-otorinolorinqoloq qərar verir".




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 16-12-2017, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma