Xəbər lenti

 

“Təəssüf ki, hazırda allergik xəstələrin sayı ilbəil durmadan artır. Əhalinin 30%-i allergiyalardan əziyyət çəkir. Statistika göstərir ki, allergik reaksiyalar daha çox inkişaf etmiş ölkələrdə geniş vüsət alıb. Azərbaycan da artıq bu ölkələr sırasına daxil olmaqdadır”.

Ovqat.com-un məlumatına görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında allerqoloq-pulmonoloq Kərimə Abdullayeva deyib.

Mütəxəssis bildirib ki, allergiyalar xronik xəstəlikdir, onun simptomlarının üzə çıxması üçün ətraf mühit amillərinin təsiri böyükdür: “Belə ki, orqanizmin fizioloji vəziyyətindən, ətraf mühitdə olan mövsüm dəyişikliklərindən, qəbul edilən dərman preparatlarından, qidalardan, insanın yaşadığı iqlimdən asılı olaraq, allergik reaksiyalar təzahür edə bilər. Allergenlər immun sisteminə təsir edərək, orqanizmdə ona qarşı əks cisimlər, antigenlər əmələ gətirir, bu hal allergik reaksiya adlanır. Allergik reaksiyalar immun sisteminin aktivləşməsi ilə təzahür edən reaksiyalardır. Allergik reaksiyaların sürətlə artması ətraf mühitdə gedən bir sıra dəyişikliklərin nəticəsi olaraq üzə çıxır, digər tərəfdən isə qida rasionumuza daxil olmuş bir sıra qidaların, qida əlavələrinin təsiri nəticəsində, sürətlə inkişaf edən təbabətdə istehsal olunan dərman preparatlarından bəzən uyğunsuz istifadə olunması ilə bağlı ortaya çıxır”.

Həkim qeyd edib ki, allergenlər orqanizmə müxtəlif yollarla daxil olur. Bu sırada tənəffüs allergenleri, qida allergenləri, dəri allergenləri, kimyəvi maddələrdən, dərman preparatlarından, istehsalatda istifadə olunan kimyəvi maddələrdən əmələ gəlmiş kontakt allergenlərini qeyd edən mütəxəssis bildirib ki, allergenlər hansı yolla orqanizmə təmas etməsindən, hansı orqanda simptomlar əmələ gəlməsindən asılı olaraq, müxtəlif klinik təzahürlər şəklində özünü büruzə verir: “Allergenlər orqanizmə tənəffüs yolları ilə daxil olursa, o zaman daha çox tənəffüs simptomları özünü büruzə verər: burunda qaşınma, sulanma, ağır nəfəs alma, təngnəfəslik, öskürək, boğulma yaranır. Əgər dəri vasitəsilə kontakt allergiyaları yaranarsa, o zaman dəridə səpgilər şəklində büruzə verir. Adətən yaz fəslində daha çox fəsli allergik reaksiyalarla rast gəlinir. Müxtəlif bitkilərin tozlanması zamanı onların tozcuqlarına qarşı olan allergik reaksiyalar üstünlük təşkil edir. Bu sırada tənəffüs allergiyaları geniş yayılıb. Belə ki, bu halda gözlərdə, burunda qaşınma, sulanma, qulaqda dolğunluq hissi, çoxsaylı asqırmalar, burun tutulmaları, bəzən əsnəkdə, boğazda qaşınma simptomları yaranır”.

Onun sözlərinə görə, allergiya bir az irəliləyərsə, aşağı tənəffüs orqanlarına qədər sirayət edərsə, tənəffüs yollarında klinik simptomlar yaranar, bronxial astmaya qədər inkişaf edə bilər.

Mütəxəssis deyib ki, yay mövsümündə allergiyanın ən geniş yayılan növü qida allergiyalarıdır: “Allergiya qida məhsullarına qarşı yaranır. Bəzə isə qida maddələrinə qarşı deyil, məhz qidada olan bəzi qida əlavələrinə qarşı allergenlər formalaşır. Mələsən, konservləşdirilmiş qidalarda, eyni zamanda bəzi konservantlara əlavə olunmuş ədviyyatlar, ətirli maddələrə qarşı yaranan allergik reaksiyalar şəklində özünü büruzə verir. Bəzi qida maddələri var ki, onlar çox yüksək allergen xüsusiyyətlərə malikdir. Buraya sitrus meyvələri, çiyələk, şaftalı, yemişi aid etmək olar. Bunlar daha sürətli allergik reaksiyalar verə bilirlər və bu allergiyalar daha tez kəskinləşir. Az hallarda isə alma, gavalı da allergik reaksiyalar yarada bilər. Qida allergiyalarında mədə bulanması, qarında sancı şəklində ağrılar, mədədə dolğunluq hissi, ishal və s. bu kimi əlamətlər müşahidə oluna bilər. Eyni zamanda dəri simptomlarının ortaya çıxması mümkündür.  Dəridə qaşınma, səpgilər, qızartı yarana bilər. Ağırlıq dərəcəsi hər xəstədə fərqli olaraq özünü büruzə verir. Əgər xəstəlik çox ağır, kəskin bir şəkildə baş verərsə, xəstə mütləq həkimə müraciət etmək məcburiyyətində qalır, həkim yardımına ehtiyacı olur. Yüngül formada keçən allergiyalarda isə qida orqanizmdən xaric olunduqdan sonra, bu simptomlar özü-özünə bir sutka ərzində keçə bilər. Lakin xəstəlik kəskin başlayıbsa, kəskin simptomlar varsa, o zaman həkim müdaxiləsinə ehtiyac olur”.

Həkim bildirib ki, allergik reaksiyalar ilk dəfə deyil, daha çox təkrari qida, dərman qəbulu zamanı ortaya çıxır və bu hallarda daha kəskin allergik reaksiyalar olur.

Onun sözlərinə görə, allergik reaksiyanın üzə çıxması üçün ətraf mühit, yaş faktoru öz təsirini göstərir: “Xəstənin özünün allergik simptomunu bilməsi vacibdir. Bunun üçün ilk növbədə xəstənin yaxınlarında, qohumlarında allergiyanın olub-olmamasını bilməsi şərtdir. Xəstə bilirsə ki, həqiqətən allergik insandır, yaxınlarında allergiya baş verib, bu halda onlar potensial allergen kimi qlüteinli qidalardan, buğdadan, buğda tərkibli qidalardan, yumurta, süd, sitrus meyvələrindən, eyni zamanda acılı qidalardan, konservləşdirilmiş, “fast-food” qidalardan uzaq qalmalıdır. Birmənalı şəkildə allergiyaya səbəb olan qidaları rasiondan çıxarmaq lazımdır. Ən çox allergiya yaradan qidalardan biri də inək südüdür. Çox təəssüf ki, südə qarşı allergiyalar daha çox uşaq yaşlarına təsadüf edir”.

K. Abdullayeva vurğulayıb ki, allergiyalardan əziyyət çəkən insanlar bəzən yanlış olaraq asqırmaları, burun tutulmaları, öskürək hallarını tez-tez qripə yoluxma, immunitetin zəifləməsi, ishal, qusma hallarını zəhərlənmə kimi qəbul edirlər: “Əslində isə bu əlamətlərin hər biri allergiyalarla bağlı ola bilər”.

Mütəxəssis onu da deyib ki, stressdən də allergik reaksiyalar yarana bilər. Onun sözlərinə görə, bu, sinir sisteminin oyanıqlığı ilə bağlı yaranan reaksiyalardır: “Bəzi insanlar müəyyən gərginlik zamanı, sinə-boyun nahiyəsində olan qızartılardan, səpgilərdən, müəyyən hipedermik hallardan şikayətlənirlər. Qadınlarda bu hala daha çox təsadüf olunur. Bu, əsasən gənc, oyanıq insanlarda daha çox özünü büruzə verir. Bəzən xəstələr hətta nəfəsalmanın çətinləşməsi, boğulma şikayətlərini də ifadə edirlər. Amma araşdırma zamanı bəlli olur ki, bu, allergik reaksiya deyil, ona oxşar simptomlardır”.




Ana səhifəyə qayıt        Baxış: 1 119          Tarix: 9-06-2017, 19:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma