Xəbər lenti

 

Akvaterapiya su ilə müalicədir və ənənəvi tibdə xəstəliklərin müalicəsində və profilaktikasında istifadə edilir. Həmin müalicə üsulunun tətbiqi orqanizmi əhəmiyyətli dərəcədə möhkəmləndirir, bərpa edir və bir çox psixo-somatik pozğunluqlara təsir göstərir.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, akvaterapiya psixoterapevtik və bilavasitə bədən xəstəliklərinin müalicəsi ilə əlaqədar olaraq aparılır. Təcrübə göstərir ki, su mühitinə uyğunlaşma və ona qarşı qorxunun dəf edilməsi psixoloji problemlərin asan həll olmasına səbəb olur. Xüsusilə psixoloji qiymətləndirmə əhəmiyyətli dərəcədə yaxşılaşır, ətrafdakılarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər müşahidə edilir, əhval-ruhiyyə yaxşılaşır, xəstə müxtəlif "fobiya", izah olunmayan həyəcan və başqa mənfi fizioloji hallardan azad olur.

Akvaterapiya, xüsusilə, üzgüçülük uşaqlara yaxşı təsir edir. Su ilə ünsiyyət onlarda yeni duyğular oyadır, emosiyalar aləmini dərk etməyə kömək edir, inkişaf və təkmilləşmənin geniş perspektivlərini açır. Su dərini təmizləyir, qan dövranı və tənəffüsün yaxşılaşmasına, əzələlərin inkişafına səbəb olur. Suya daxil olan bədən çəkisizliyə oxşar vəziyyətə düşməsi skelet-əzələ sistemini yüngülləşdirməyə, ürək-damar və dayaq-hərəkət sistemlərini əlavə olaraq yükləmədən terapevtik təsir üsullarından istifadə etməyə imkan verir. Su çox gözəl yüngülləşdirici vasitədir və onun köməyi ilə həyat tonusu və enerji yüksəlir. Akvaterapiya stressə və depressiyaya qarşı müsbət təsir göstərir.

Hamam prosedurları akvaterapiyanın bir növü sayılır. Müntəzəm şəkildə su ilə təmasda olaraq onu daxilə və xaricə qəbul etməklə psixoemosional rahatlıq əldə etmək mümkündür. Akvaterapiya ilə yanaşı suda müalicəvi bədən tərbiyəsi - hidrokinezoterapiya da çox faydalıdır və bədənin möhkəmləndirilməsi üçün aparılan su gimnastikası və sualtı masajdan ibarətdir.

Su mühitinin mexaniki və hərarət kimi təsir növləri var. Mexaniki təsir suyun hava ilə müqayisədə daha artıq sıxlığa malik olması ilə əlaqədardır, hərarət təsiri hava ilə müqayisədə daha artıq istilik tutumu və istilik keçirməsi ilə müəyyən edilir. Müəyyən hərəkətlər edərək suyun daha aşağı hərarətinə tab gətirmək olur və həmin faktor orqanizmə möhkəmləndirici təsir göstərir. Suda olan məşğələlərin xüsusi növü azad, yüngülləşdirici elementlərdən, idman qaydalarının imitasiyasından ibarət üzgüçülükdür. Həmçinin su polusu idman növünün imitasiyasından, suyun dərinliyinə doğru edilən hərəkətlərdən ibarət az və çox hərəkətli oyunlar var. Suyun qaldırıcı gücünün təsiri altında çəkini azaltmaq da mümkündür.

Müalicəvi üzgüçülüyün demək olar ki. əks göstərişləri yoxdur. Onu tənəffüs və ürək-damar sistemi xəstəliklərinin ağırlaşmasının profilaktikası kimi təyin edirlər. Ortopedik və nevroloji xəstələr üçün hovuzdan yaxşı reabilitasiya məkanı yoxdur. Suyun tonusverici təsiri nəticəsində orqanizmin möhkəmlənməsi baş verir, uşaqlarda sinir sistemi tez yetkinləşir və dözümlü olur, faydalı vərdişlər formalaşır və immunitet yüksəlir.




Ana səhifəyə qayıt        Baxış: 941          Tarix: 7-07-2017, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma